“ Şamaxı Azərbaycan tarixində” səhifəsinin oxucularına
Azərbaycanın üç min ildən artıq dövlətçilik tarixində Şamaxının xüsusi yeri var. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri sübut edir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur.Təxminən 2000 il bundan əvvəl yaşamış yunan alimi Ptolomey özünün məhşur “Coğrafi təlimnamə” əsərində Qafqaz Albaniyasının 29 şəhərinin, o cümlədən Şamaxı şəhərinin (Mamaxeya və ya Kamaxeya) adıni çəkmişdir.
Şamaxıda çoxlu sayda arxeoloji və memarlıq abidələri mövcuddur. Bunlardan Qoşa minarəli Cümə məscidini (743-cü il), Gülüstan qalasını (IX – XII əsrlər), Şahixəndan məqbərəsini (XV əsr), Pirmərdəkan məqbərəsini (XIII-XIV əsrlər), XIV əsrdə tikilmiş, yeraltı hamamı olan karvansara kompleksini, Qala-Buqurt istehkamını (XV-XVI əsrlər), Kələxanı kəndindəki İmamzadə pirini, XVII əsrə aid səkkiz məqbərədən ibarət kompleksi, Yeddigümbəz türbələr kompleksini (XVIII əsr ) və digər abidələri göstərmək olar.
Şamaxı hələ VI əsrdə Şirvanşahlar dövlətinin əsas şəhəri olmuşdur. Bu şəhər dəfələrlə yadelli işğalçıların başaqlarına məruz qalmış, nəticədə nəinki mədəniyyət abidələri, hətta görkəmli mütəfəkkirlərin qiymətli əsərləri də məhv edilmişdi. Lakin şamaxılılar şəhəri xarabalıqlar içindən dirçəltmək üçün həmişə özlərində qüvvə tapmışlar.
Məşhur rus səyyahı Afanasi Nikitin “Üç dəniz arxasına səyahət” əsərində Şamaxıdan bəhs etmiş, fransız yazıçısı Aleksandr Duma Şamaxı haqqında öz təssüratlarını qələmə almışdı.
Şamaxı Xaqani Şirvani, İmadəddin Nəsimi, Zeynalabdin Şirvani, Fələki Şirvani, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Əzim Əzimzadə və başqa dahi mütəfəkkirlərin vətənidir.
“Şamaxı Azərbaycan tarixində” səhifəsini açmaqda əsas məqsədimiz Şamaxının qəhrəmanlıqlarla dolu zəngin tarixi haqqında ictimaiyyətə obyektiv məlumatları çatdırmaqdan ibarətdir. Bu səhifədə Siz Şamaxının tarixinə aid mənbə və tarixşünaslıqla, Şamaxı haqqında yazılmış kitab və məqalələrlə, elmi yeniliklərlə tanış olacaqsınız.
Səhifənin daha maraqlı, daha zəngin olması üçün Sizin tövsiyyələrinizə, rəy və təkliflərinizə ciddi ehtiyacımız var. Rəy və təkliflərinizi saytın ünvanına göndərə bilərsiniz.
Hörmətlə t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı