Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – III hissə

ƏFZƏLƏDDİN  XAQANİ

(1126-1199)

 

***

Şairin sanballı divanı,  dərin mənalar, müdrik qənaətlərlə zəngin olan «Töhfətül-İraqeyn» poeması, müxtəlif ölkə­lərin dövlət başçılarına, alim və şair­lərinə, din xadimlərinə yazdığı mək­tub­lar­dan ibarət möhtəşəm ədəbi irsi mövcud­dur. Bu zəngin xəzinədə qəsidələr mühüm yer tutur. Professor Xəlil Yusifov yaxşı deyir ki, Firdovsi ilə Nizaminin poema janrında, Hafiz və Füzulinin qəzəldə, Ömər Xəyyamın  rübaidə göstərdikləri möcü­zəni Xaqani məhz qəsidə janrında nümayiş etdirməyə müvəffəq olmuşdur. Ən müxtəlif münasibətlərlə yazılmış mədhiyyə, fəxriyyə və mərsiyələrdən ibarət   olan bu qəsidələr ibrətamiz məz­mun, orijinal bədii təsvir  və  ifadə  vasi­tələri ilə zəngin olduğu üçün öz ədəbi-ictimai mahiyyətini bu gün də qoruyub saxlamaqdadır.

Artıq qeyd olunduğu kimi, sərhədsiz  istedadı, həqsevərliyi, iradə və cəsa­rəti ilə saray  tülkülərinin canına lərzə salan şair onların böhtanları əsasında dönə-dönə təqib olunmuş, dəfələrlə zin­dan­lara atılmış, həbsdən sonra da uzun müddət Şirvanı tərk etmək ona yasaq edilmişdi… Bütün bu səbəblərə görə Xaqaninin azadlıq neməti haqqında dedikləri bir sıra digər şeir-sənət xadim­lərinin bu barədəki mülahizələrindən fərqlənən daha tutarlı qənaətlərdir. Heç də təsadüfi deyil ki,  ömrünün son, qocalıq çağlarında qərib­likdə yaşa­yıb maddi sıxıntılara məruz qaldığına baxmayaraq, Xaqani Qızıl Arslanın da dəvətindən imtina edərək saraya getmir, nisbi də olsa, öz azadlıq nemətini sarayın cəh-cəlallı həyatına dəyişmir.

Xeyli gənc ikən (20 yaşında) dünyasını dəyişmiş oğlu Rəşidin vəfatı münasibətilə  yazdığı mərsiyə çox təsirlidir və bu gün də onu oxuyarkən bədbəxt atanın heç nə ilə müqayisə oluna bilməyən bu ağır itgidən necə yanıb-yaxıldığını hiss etməmək, dərdinə şərik olmamaq mümkün deyil:

Firqətində bala, bundan da betər yansın atan,

Söndü şəmin, kor olub qüssədən odlansın atan.

Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan,

Bir turac tək sənin arxanca qanadlansın atan.

Ürəyi dərdli anan oldu qəmindən nalan,

Ananın qəlbi kimi yansın, alovlansın atan.

Atanın canı idin, cismini tərk etdin oğul!

O başı daşlını nalan qoyub getdin, oğul!

 

Başına gəlmiş bütün faciə və məhrumiyyətlərə baxmayaraq Xaqani dünya görüşü və xarakteri, xasiyyəti etibarilə nikbin bir adam olmuşdur. Bu baxımdan onun «Ərzin fəziləti haqqında» düşüncələri çox maraqlıdır. İnsanın həyatını təmin edən ən vacib nemətlərin (havadan başqa) torpaq olduğunu etiraf edən şair torpağı bir də ona görə müqəddəs hesab edir və uca tutur ki, sonuncu peyğəmbərimiz Məhəmməd Mustafanın (ə) mübarək cismi məhz torpaqda uyuyur. Adını alim qoyan bəzi yalançı öngörücülər tarixin müxtəlif kəsimlərində 30 yaxud 50 ildən sonra dünyanın dağılacağını, torpağın sərasər alt-üst olacağını «əsaslandırıb» insanları qorxuzur, hətta bu zəmində nə isə qazanırlar da.

Torpaq cövhəridir bu kainatın,

Torpaq xəzinəsidir cəvahiratın.

 

Dünyanın beşiyi olmuş bu torpaq,

Torpaqdan doğulmuş mənalar ancaq.

 

Yer göydən əzizdir, bahadır, baha

Çünki bu torpaqda yatır Mustafa.

 

Bəzi təqlidçilər pıçıldayaraq,

Dedilər: “Aləmdə məhşər qopacaq,

 

Otuz ildən sonra, baş verib bir sirr,

İyirmi bir bəla törəyəcəkdir.

 

Fəlakət qopacaq, bütün bu cahan

Alt-üst olacaqdır küləkdən, sudan.

 

Üz verən zamanda həmin fəlakət

Yerə toxunacaq ağır xəsarət”.

 

Şair bütün bunların boş yalan, zəminsiz uydurmalar olduğunu qətiyyətlə elan edir, onların – bədnam, başabəla müəlliflərinə acı-acı gülürdü:

Xaqani inanmır bu yalanlara,

Gülür bu yalanı uyduranlara.

 

***

Təqribən 30 il bundan öncə Akademi­ya­mızın Nizami adına  Ədəbiyyat İnstitu­tunun başbilənləri 20 cilddən ibarət «Azərbaycan klassik ədəbiyyatı kitab­xanası» adlı çox gərəkli bir layihə üzərin­də  götür-qoy edəndə «VII-XII əsrlər Azər­bay­can şeiri» cildinin hazır­lanması işinə o zaman  Orta əsrlər ədəbiyyatı şöbəsində elmi işçi olan gənc, lakin ümidverən, istedadlı ədəbiyyatşünas Teymur Kərimovu  da cəlb etmişdi. 20 cildliyin baş redaktoru, akademik Mirzə İbrahimov ikinci cildə müqəddimə yaz­mağı, orada gedən ədəbi mətnə izahlar və qeydlər  hazırlamağı ona həvalə etmişdi. 400 səhifəlik bu cildin təqribən yarısı Əfzələddin Xaqaninin  qiymətli irsindən seçmələri əhatə edir. Təbiidir ki, müqəd­dimənin, eləcə də izah və qeydlərin də mərkəzində Xaqani və onun müxtəlif janrlarda yazılmış bir-birindən gözəl əsərləri durur.  (Bax: «Azərbaycan klassik ədəbiyyatı kitabxanası 20 cilddə. VII-XII əsrlər şeiri». İkinci cild, «Elm» nəşriyyatı, Bakı, 1989).

Bu yaxınlarda mən digər   mənbələrlə yanaşı həmin cilddə gedən Xaqani əsərlərini və kitabın müqəd­di­məsini bir daha  nəzərdən keçirdim. AMEA-nın müxbir üzvü T.Kərimov haqlı olaraq hələ o zaman belə düzgün  qənaətdə idi ki, Xaqaninin yaradıcılığı Azərbaycan ədəbi məktəblər silsiləsinin iki möhtəşəm zirvəsindən biridir. Onun əsərləri zəmanəsinin lirik fəlsəfi poeziyasının nailiyyətlərinin çox uğurlu bir yekunu olmaqla yanaşı, həm də Nizami dühasının  epik-romantik üfüqlərinə keçid mərhə­ləsidir. Doğrudan da Şirvan dahisinin ədəbi irsi öz fikri vüsətinə, ictimai motiv­lərinin təravətinə, həm də təkrarsız bədii keyfiyyətlərinə görə Gəncə dahisinə qədərki poeziyanın ən yüksək mərhələsidir. Və çox təbiidir ki, Xaqaninin özündən sonrakı Yaxın və Orta Şərq, özəlliklə Azər­baycan şairlərinə çox böyük təsiri olmuşdur. Onun dərin poetik qənaətləri, orijinal bədii təsvir vasitələri, bir-birindən gözəl təşbeh  və istiarələri, abdar qafiyə­ləri yaradı­cılıqdan yaradıcılığa   köçmüş, neçə-neçə sənətkarın yazı üslubunu daha da büllurlaş­dır­mışdır. Hətta Nizami kimi nəhəng, mütəfəkkir şair belə, Xaqani poeziyasının  nüfuzedici   təsirindən kənarda qala bil­mə­mişdir. Əlbəttə, Nizaminin  öz dahi müasirinin vəfatı münasibətilə xüsusi mərsiyə yazaraq onun  narahat ruhuna  ağı  deyib  rəhmətlər oxuması da  şəksiz, elə bununla izah olunmalıdır.

 

III

Bunu deyənlər haqlıdırlar ki, Xaqani digər əsərlərindən fərqli olaraq «Töhfətül-İraqeyn»i əvvəldən axıradək bir dəfəyə deyil, öz məlum səfərləri zamanı, yollar boyu dayandığı məskənlərdə, bəlkə də bir gündəlik kimi, tədricən qələmə almış və vətənə qayıtdıqdan sonra, nisbətən  asudə vaxtlarında təkmilləşdirib tamamlamışdır. Əsərin əvvəldən sonadək əruz vəzninin bir bəhrində (həcəz müsəddəs əxrəb) yazılması da bunu  təsdiq etməkdədir.

«Töhfətül-İraqeyn» şairin səfər təəssüratları ilə zəngin bir əsərdir. O, uzun çəkən səfərləri zamanı qarşılaşdığı coğrafi məntəqələr, onların sakinləri barəsində 20-ci əsrin əvvəllərində digər bir dahi Şamaxı şairinin dediyi kimi, «pisi-pis, əyrini əyri, düzü həmvar» (M.Ə.Sabir) yazıb sonrakı  nəsillərə ərməğan etmişdir. Əsərin «Səfər təfsilatı» babında göstərildiyi kimi, Xaqani nəhayət rəsmi icazə alaraq Şirvanı tərk edir, çox vaxt piyada olmaqla uzun yollar qət edir, kəndlər, şəhərlər, vilayətlər keçir, çaylar, bəndlər üstündən adlayır, dağlar aşır, «Səfid-rud»un o tərəfinə keçən şair İraqa çatmazdan əvvəl Kuhistanda olur. Bu gözəl yurdun təbiəti, iqlimi, torpağının zənginlikləri şairi valeh edir. Lakin bu cür ürək açan, göz oxşayan diyarın adamları Xaqanini əsla razı salmır. Bu gözəlliklər diyarının insanlıq adına ləkə olan çox əcayib sakinləri var. Həssas qəlbli şair dərin təəssüf duyğuları ilə yazır:

Heyif, belə gözəl, cənnət kimi yer –

Cəhənnəm əhlinin əllərindədir.

 

Quldurluqdan başqa məqsədləri yox,

İnsanlığa azca hörmətləri yox.

 

Yolun kənarına çıxıb səhərlər,

Guya qonaqları qəbul edərlər;

 

Əvvəl yol göstərib karvana onlar,

Sonra da yolunu kəsib soyurlar.

 

Onlarçun nə din var, nə də ki, dindar,

Nə fəryad eşidər, nə aman qanar.

 

Orda oğrularla dostdur darğalar,

Hərənin yüz dili, min peşəsi var.

 

Quldurlar yol kəsib minbir can alır,

Boyaqçılıq üçün qızıl qan alır.

 

Dövlət adamları canidir tamam,

Rüşvətlə dolanır həkimlər müdam.

Şair inanır və öz oxucusu olan bizləri də inandırır ki, bu vəziyyət çox davam edə bilməz, Allah əzimişan gec-tez bu oğru-quldur ocağını dağıdıb yerlə yeksan edəcək, məskunlarını layiqincə cəzalandıracaqdır.

Kuhistandan sonra İraqi-Ərəbdəki düşərgələrin birində dayanan  Xaqani xəlifənin vəziri Cəmaləddinlə görüşür və şeirləri ilə vəzirə çox yüksək təsir  bağışlayır. C.İsfəhani ona bu diyarda zəmanənin böyükləri ilə ehtiyatla davranmağı tövsiyə edir və görüşlərindən  xatirə olaraq öz bahalı üzüyünü ona bağışlayır (Sonralar, vətəndə bu üzük ona sahib olmaq istəyən şirvanşah Əhsitanla yadigar üzükdən ayrılmaq istəməyən Xaqani arasında onsuz da gərgin münasibətlərin daha da kəskinləşməsinə səbəb olur).

Cəmaləddinin dilindən verdiyi aşağıdakı müdrik nəsihət Xaqaninin nəzərində hər bir abırlı insanın əxlaq məcəlləsində möhkəm yer tutmalı, hər kəs bu tələbləri «sırğa edib qulağından asmalı», öz gündəlik əməllərində bu tələblərə cavab verməlidir:

“Mənəm, mənəm” deyib, öymə özünü,

Həmişə müxtəsər eylə sözünü.

 

Cahildir özünü tərif edənlər;

“Çox bilirəm” demə, bilsən də əgər.

 

Məntiqsiz, dəlilsiz, yalan danışmaq,

Nadan adamların işidir ancaq.

 

Dil gülünc etməsin deyə insanı,

İnsan ağzı olmuş dilin zindanı.

 

Bu beytlərin hər birində böyük həyat təcürbəsinə malik olan şairin müdrik qənaətləri öz əksini tapmışdır. Özəlliklə sonuncu beytin mənası o qədər ibrətamizdir ki, onu oxuyub qətiyyən üstündən keçə bilmirsən. Dilin ağız boşluğundakı mövqeyini onun üçün zindana təşbeh edən şair sanki oxucuya xəbərdarlıq edir: bu zindanın vəzifəsi odur ki, dil aldığı hər informasiyanı ağına-bozuna baxmayıb səsləndirməkdən çəkinsin. Dil sahibi öz sözünün irəlisini – gerisini bilsin, «ağzına gələni» yetirincə götür-qoy etmədən danışmaqla özünü müşgüllərə salmasın…

«Töhfətül-İraqeyn»in «Paxılların məzəmməti» adlı 35-ci babında şair Şirvanşaha müraciətlə xahiş edir ki, onu saraydan kənar etsin. Məhz bu əsərində o özünü bütün sənət aləmində məşhur edən «Xaqani» təxəllüsündən qətiyyətlə imtina edir:

 

Xaqani yox, bir dəfə bilin ki,  Xəlqaniyəm,

Xoşdur ki, yoxsulluqla olmuşam sirdaş, məhrəm.

 

Bu beyt İsmayıl Soltanın tərcüməsidir. Məşhur alim və mütərcim Mübariz Əlizadənin tərcüməsində isə sözü gedən beyt belə səslənir:

 

İstəmirəm adımı çağıralar Xaqani,

Mən yoxsullar şairi Xalqaniyəm, Xalqani!

«Töhfətül-İraqeyn» Xaqani yaradıcılığının ən sanballı və ən parlaq nümunəsidir. Bir sıra çox mühüm keyfiyyətlərinə görə əsəri öz dövrünün poetik ensiklopediyası adlandırmaq mümkündür. Həqiqətən də «Töhfətül-İraqeyn» Xaqaninin Kufə, Nəcəf, Məkkə, Mədinə, Şam, Mosul və digər Yaxın Şərq şəhərlərinə səfərlərini, həmin səfərlər çərçivəsindəki görüşlərindən canlı təəssüratlarını əks etdirən çox qiymətli, real tarixi-bədii təsvirlərlə zəngindir. Nəzərə alsaq ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz bu coğrafi məntəqələrin bir qismi sadəcə  əhalisi nisbətən çox olan yaşayış məskənləri deyil, həm də orta əsrlər müsəlman aləminin ən çox tanınmış dini, elmi, mədəni, ədəbi, sənətkarlıq mərkəzləri idilər, onda Xaqaninin xarici səfərlərdə özü və həmvətənləri üçün yeni və zəngin olan necə mənəvi bir mühitlə qaynayıb-qarışdığı bir daha aydın görünər.

Bu səfərnamədə təravətli təsvir və ifadə vasitələri, orijinal bədii obrazlar nəzəri cəlb edir. Məsələn, maraqlıdır ki, Xaqani bütün kainata təmənnasız işıq və hərarət yayan əzəmətli, qüdrətli günəşi, bu müqayisəyə gəlməz keyfiyyətlərinə baxmayaraq, sorğu-suala tutur, onu başqa şairlərdə görmədiyimiz xəcil, üzüqara bir vəziyyətdə təsvir edir. Günəşin ölçüyə-hesaba gəlməyən nəhəng imkanlarını qeyd edib onu yetərincə öydükdən sonra şair aftaba müraciətlə onun özündən-özünə çox tutarlı şikayətlər yağdırır, hətta adına və ləyaqətinə xələl gətirən bəzi nöqsanlarına görə onu ciddi surətdə ittiham edir. Həm də Xaqani öz ittihamnaməsini çox incə, lakin heç kəsin inkar edə bilməyəcəyi danılmaz həyat faktı əsasında təqdim edir:

Günəş! Sən hər şeyə nüfuz edirsən,

Çox böyük, çox uca olsan da bəzən

Enirsən üstünə qara torpağın,

Ayağı altına hər bir alçağın.

 

Yalnız hüdudsuz istedad və poetik cəsarət sahibi olan sənətkarın belə bir bədii ittihamı irəli sürməyə iradəsi çata bilərdi. Məhz bu zəmində şair günəşi obyektiv olmamaqda qınayır, ayrı-ayrı fərdlərə, o cümlədən də bəzən Xaqaninin özünə ögey münasibət bəslədiyi üçün onu danlayırdı.

 «Töhfətül-İraqeyn» əsərin­də XII əsrin və ondan öncəki mərhələnin bir sıra böyük tarixi və elmi-bədii həqiqətləri öz parlaq inikasını tapmışdır. Lakin bu günün ədəbiyyat­şünasları sözü gedən poemanın müəl­lifinin ruhuna bir də ona görə minnətdardır ki,  şair burada şəxsən özünün həyatı, nəsil-nəca­bəti, ailəsi, doğmaları haqqında, uzaq-yaxın səfərləri zamanı  görüşdüyü, mək­tub­­laşdığı ədəbi-tarixi simalar haq­qında da geniş məlumat vermişdir. Nəzərə alsaq ki, XI-XII əsrlərin bir sıra görkəmli yaradıcı ziyalıları, o cümlədən Xaqaninin özü haqqında indiki anlamda sistemli sorğu məxəzləri, arxiv materialları və sənədlər, o cümlədən də, özəlliklə onların avtoqrafları bizə çatmayıb, onda bir daha aydın olar ki, bu qiymətli əsərdə öz əksini tapmış  böyük həqi­qətlərin, zəngin tarixi faktların, məktub­ların, bizim  ağdaşlılar demiş «qıxmığı qızıldır».

Bir daha qeyd etmək vacibdir ki, bəzi hökmdarların adına ünvan­ladığı mədh­namələr üçün Xaqani bu əsərində dərin  peşimanlıq duyğuları yaşadığını  acı-acı etiraf etmiş, bu cür əsərlər yazmağı son­ralar tamam tərgitmişdi. Bununla belə, şairin yaradıcılığında mədhiy­yələr geniş yer tutur.  Əlbəttə, mədhiyyə özünə məxsus tələbləri olan bir qəlibdir və bu qəlibin içində bir qayda olaraq  məmduh­lar (mədhiyyənin həsr olunduğu simalar),  hökmdarlar, onların nəsli-nəcabəti, zərbi-dəsti, səxavəti və s. bol-bol təriflənir. Lakin diqqətlə baxanda görmək çətin deyil ki, şairin bu qəbildən olan əsərləri də başdan-başa təriflərdən və öymələrdən ibarət deyil. Bu və ya digər şeiri yazarkən  ömrünün hansı mərhələsini yaşadığından aıslı olmayaraq, Xaqani həmişə düz yol göstərməyə çalışmış, hökm­darlara nəsihət verməyi unutmamış, onları insafa, ədalətə  çağırmış, bəd  əməllərdən uzaq­laşmağa dəvət etmişdir. İnsan talelərinin həll olunduğu çox məsul məqam­larda şair zəmanəsinin böyüklərinə hiss və duyğunu, şəxsi münasi­bətləri, casus­ların, xəbərçilərin  böhtan­larını yox, faktları, ağlı, insafı, vicdanı, düzlüyü rəh­bər tutmağı tövsiyə etmiş, hakimləri istər fiziki, istərsə də mənəvi sərxoşluqdan bilmərrə uzaq­laşmağa çağırmışdır.

Xaqaninin babası, atası, anası, əmisi, özü haqqında bir sıra mülahizələrini əsas götürüb onu qeyri-təvazökarlıqda günah­landırmaq qəbahət olardı. Bu böyük istedad «tərəzinin gözünü əymədən»,  yeri gələndə öz nöqsanlarından da danışır, vaxtilə atdığı bu və ya digər xoşagəlməz ad­dımı üçün özünü də kəskin tənqid edirdi. «Töhfətül-İraqeyn»də Cəmaləddin Musili ilə görüşündən bəhs edərkən şairin, mən deyərdim ki, yana-yana yazdığı bir etiraf, üzərindən yüzillər keçdiyinə baxma­yaraq, bu gün də böyük sənətkarın qədirşünas  oxucularını yandırıb tökür:

 

Biri deyir: – Xaslar məclisinə get,

O birisi deyir: – Şahı tərif et!

 

Mənsə bir döşəmə üstə oturdum,

Nə irəli getdim, nə geri durdum. 

 

Lakin möhtac qalıb çörəyə, bəzən

Öydüm hər alçağın süfrəsini mən.

 

Bəzi məclislərdə çox utanmışam,

Qızıltək torpaqda tapdalanmışam…

 

 «Töhfətül-İraqeyn» Xaqaninin tədqi­qat­­çıları tərəfindən müxtəlif çalar və yönlərdə yozulur. Bununla belə, onlar bir  vacib məsə­lədə yekdildirlər ki, şair bəzi digər əsərlərində olduğu kimi burada da  gah tarixi hadisələrə, gah da çağdaşı olan insanlara, onların konkret əməllərinə istinad etməklə yenə də zəmanəsinin ictimai eyblərini, gərdişi-dövranın ədalət­sizliklərini qamçılamış, yamanlamışdır:

Dövlət nə qüdrətin, nə hünərindir,

Mənsəb də, sərvət də nakəslərindir.

Fələyin zatında qalmamış nişan

İgidlik, sədaqət və adamlıqdan!

Əsil insanları xəcalətə batıran əxlaqi eybə­cərliklər, var-dövlətə, pula-qızıla əsaslanan münasibətlər bu tək­rarsız lirik poemada da şairin usanmaq bilmədən ifşa etdiyi ictimai qəbahətlərdir.

Elə buna görə də Xaqaninin Azərbaycanda ilk peşəkar tədqiqatçısı M.Sultanov onun yaradıcılığını öyrənib şərh edərkən bir məsələdə xüsusilə diqqətli olmağı məsləhət görürdü. O haqlı olaraq bu fikirdə idi ki, Şirvanşah Mənuçehrin saray şairi olaraq ona mədhlər yazan gənc Xaqani ilə saraydakı cinayətləri ifşa edən təcrübəli sənətkar Xaqani arasındakı fərqi nəzərdən qaçırmaq olmaz. Şairin  zəngin, mürəkkəb, bəzən də ziddiyyətli poetik irsini olduğu kimi öyrənib təhlil etmək lazımdır. Məhz  belə olduqda görmək mümkündür ki, əsərlərində rast gəldiyimiz müəyyən ziddiyyətlərə baxmayaraq, Xaqani zəmanəsinin yüksək istedadlı qabaqcıl sənətkarı kimi bir sıra qəsidə, qəzəl, qitə və rübai və mərsiyələrində zülmə, haqsızlığa kəsgin etiraz edən cəsarətli şairdir. O, zülmkar şahların piyaləsindəki şərabın insan qanı, süfrəsindəki kababın isə rəiyyətin ciyəri olduğunu hiss etdikdə istibdad ocağı olan saraydan uzaqlaşmağa çox ciddi səylər göstərmişdir. Bir zamanlar mədh etdiyi şahları sonralar nifrət duyğusu ilə həcv etmiş, xalqın dərdinə yanmış, məhrumiyyət, həbs və işgəncələrə məruz qalmışdır.

 

***

«Mədain xərabələri» Xaqaninin müx­təlif dillərə dönə-dönə tərcümə olunmuş ən populyar,  dərin məzmunlu qəsidə­lərindən biri­dir.  Bu əsərdə şair bizi inandırır ki, əsrlər  boyu bir çox dövlətlərə meydan oxumuş bir səltənətəin möhtəşəm saraylarının xəra­bələri təkcə  hökmdarlar üçün deyil, hər bir insan üçün də ibrət dərsi olma­lıdır. Bir neçə il öncə  prof. Qəzənfər Paşayev, prof. İsrafil İsrafilov, işıqlı xatirələri bizim üçün həmişə əziz olan mərhum İraq alimi Dr. Əbdüllətif Bəndəroğlu, şair, araşdırıcı, telejurnalist mərhum Ağalar Mirzə ilə birlikdə o tarixi yerləri, Mədain xərabələrini ziya­rət edərkən Xaqani qəsidəsindən xalq şairi M.Ra­himin tərcüməsində hələ orta məktəb şagird­ləri ikən yadımızda  saxladığımız ayrı-ayrı beytləri vird edirdik:

Diqqətlə bax, ey könül, qarşındakı bu eyvan

Ayineyi-ibrətdir, öyrən onu, dərk et, qan!

 

…Der: sən biz idin, biz sən, torpaq olacaq hər şey,

Gəz üstümüzü, ağla, göz yaşı axıt bir an…

 

Yadıma düşür ki, həmin İran-İraq səfərimizin ən gənc iştirakçısı, Qəzənfər müəllimin istedadlı oğlu, o zaman 8-ci sinifdə təhsil alan Murad böyüklərin susduğunu görüb akademik Həmid Araslının VIII sinif dərsliyindən öyrəndiyi həmin şeiri ədəblə, tələsmədən, əsərin ruhuna uyğun həzin bir ahənglə başdan-ayağa əzbər söylədi. Hamımız mütəəssir olduq…

Ədəbiyyatımızın nadir incilərindən olan bu əsər güclü bədii təsvir və ifadə vasitələri, o cümlədən də bəzən insanın tüklərini ürpədən kontrastlar-təzadlar əsasında yazılmışdır. Sahibləri bir zaman bütün ətraf ölkələrə amirlik etmiş bu müəzzəm sarayın indi (yəni XII əsrdə) Xaqaninin üzbəüz dayandığı çox  pərişan görkəmi, şən, gümrah,  şıdırğı musiqi əvəzinə  yarımuçuq sütunlarından eşidilən bay­quş səsi məhz belə təsir bağış­layır,  onlara baxanda vaxtilə zorla, güclə qəhr  olun­muş  məzlumların ah-naləsini dinlə­miş kimi olursan. Bu qəsidədə Şərq tarixinin ən gurultulu və zəngin hökmdar sülalələrindən Sasanilərə məxsus möhtəşəm «Taqi-Kəsra» sarayının qalıqlarının timsalında təcavüz, zülm, əsarət nəticəsində ucaldılıb palçığı məzlumların göz yaşları ilə qayırılmış xanimanların, onların mənsub olduğu səltənətlərin hökmən yerlə yeksan olacağını son dərəcə təsirli bədii dillə, cazibədar poetik vasitələrlə təsvir etmişdir.

«Mədain xərabələri»ndə əksini tapmış hər bir təsirli epizod, tarixi hadisə dərin elmi ümumiləşdirmə ilə yekun­laşdırılır. Təkcə elə bu beytin mahiy­yətini şərh etmək üçün təbiətşünas alim yəqin ki, saatlarla davam edə biləcək əsaslan­dırma və şərhlər verə bilər:

Bil, günəşdir məharətli kimyagər bu dünyada,

Salma başqa kimyaları, iksirləri sən yada!

 

Ustad sənətkarın müraciət etdiyi bütün şeir şəkillərində yədi-beyzası oldu­ğunu hamı etiraf edir. Onun «Həbsiyyə» silsilə­sindən yazdığı nümu­nələrdən birində çox maraqlı bir mənzərə təsvir olunur.

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim,

Qərq olar qanda şəfəqtək çeşmi-giryanım mənim.

 

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,

Çün Firidun xəznəsidir əqli-ürfanım mənim,

 

Oxşayar  kündə ayağımda dəyirman daşına;

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim…

 

Görmək çətin deyil ki, bu  çox ürəkgöynədən, real, canlı mənzərənin mərkəzində  şairin özünün, ağır zülmə məruz qaldığına baxmayaraq,  vüqarını itirməyən obrazı təcəssüm edir. Nizami muzeyinin eks­po­­zisiyasında bu şeirin oyatdığı təəs­sürat əsasında Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadənin çəkdiyi əla bir kom­pozisiya nümayiş etdirilir.  Mən orada  çalışdığım  uzun illər ərzində dönə-dönə şahidi olmuşam ki, tamaşaçılar qanqaralığı aşılayan bu  sərt məzmunlu əsərin  önündə həmişə ayaq saxlayır, dahi şairin sənətkar vüqarı və iradəsi qarşısında  ehtiramla baş­larını  əyirlər.

Möhtərəm oxucu! Gəlin biz də dahi sənətkar, böyük insan, Yaxın Şərqin ilk İntibah  carçılarından olan Xaqani Şirvaninin məhz bu vüqarlı, əzəmətli, iradəli obrazı qarşısında başımızı əyməklə,  bir daha onun ölməz yara­dıcılığına öz qədirşünas münasi­bətimizi bildirək.

Qəzəl, qəsidə və rübailərin, «Töhfətül-İraqeyn»in ayrı-ayrı hissələrinin Azərbaycan dilində uğurla səslənməsi, yəni onların adekvat tərcüməsi üzərində müxtəlif illərdə Əliağa Vahid, Məmməd Rahim, Mirvarid Dilbazi, Mübariz Əlizadə, Ənvər Əlibəyli, Mirmehdi Seyidzadə, Xəlil Rza, Hüseyn Arif, Məmmədağa Soltan, Abbasəli Sarovlu, Ələkbər Ziyatay, İsmayıl Soltan, Əbülfəz Hüseyni, Tələt Əyyubov və digər tanınmış sənətkarlarımız böyük yaradıcılıq əməyi sərf etmişlər. İndi Xaqaninin əsərlərinin demək olar ki, əksəriyyəti dilimizə tərcümə edilmişdir. Onların arasında əla tərcümələr az deyil. Lakin təəssüf ki, fikir və məna etibarilə əslinə müvafiq işlənsə də bədii cəhətdən yüksək səviyyədə olmayan bəzi tərcümələr də var. Şübhə yoxdur ki, bu iş gələcəkdə də davam etdiriləcək və Əfzələddin Xaqaninin əsərlərinin Azərbaycan dilində yeni, tam və mükəmməl külliyyatı hazırlanıb nəşr olunacaqdır.

 

ƏDƏBİYYAT

 

Əfzələddin Xaqani. Seçilmiş əsərləri. Bakı, 1956.

Əfzələddin Xaqani. Lirika (rus dilində). Moskva, 1980.

Əfzələddin Xaqani. Seçilmiş əsərləri. Bakı, 2004.

Məmmədağa Soltanov. Xaqani Şirvani. Bakı, 1954.

Qafar Kəndli. Xaqani Şirvani (həyatı, dövrü, mühiti). Bakı, 1978.

Həmid Araslı. Xaqani Şirvani. Bakı, 1982.

Azərbaycan ədəbiyyatı tarixi.  Altı cilddə. 2-ci cild. Bakı, 2007.

Bəkir Nəbiyev. İstedadla həyat həqiqətinin nadir vəhdəti (Ə.Xaqaninin həyat və yaradıcılığına həsr olunan Milli Seminarın materialları). Bakı, 2009.

 

   Bəkir Nəbiyev, akademik

Bənzər mövzular

Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – II hissə
Akademik Bəkir Nəbiyev Azərbaycan MEA Ədəbiyyat İnstitutunun direktoru – I hissə
“ Şamaxı Azərbaycan tarixində” səhifəsinin oxucularına
Şamaxı təhsilinin tarixi: mənbələr, faktlar