Ştrasserin siyasi məhbus meyarları ilə bağlı məruzəsi müzakirə edildi

Elxan Süleymanov, AŞPA-da hüquq və insan haqları komitəsinin üzvü

Məlum olduğu kimi, 1 – 5 oktyabr 2012-ci il tarixlərində Strasburqda keçirilmiş Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsi məsələsi salınmışdır.

1. Düzəlişlərin irəli sürülməsi, 2 oktyabr saat 16:00-dək

Məruzə layihəsinə 2 oktyabr saat 14:00-dan sonra AŞPA-da təmsil olunan bütün siyasi qrupların nümayəndəliklərinin deputatları tərəfindən imzalanan iki düzəliş təklifi irəli sürüldü. İlk düzəliş, deputatların çoxunun bəyan etdiyi kimi, Assambleya tərəfindən indiyə qədər heç vaxt siyasi məhbus meyarlarının təsdiq edilmədiyinin faktiki tanınması olmuşdur. İkinci düzəliş – Avropa İnsan Haqları Məhkəməsinin hər hansı meyarların şərhi və tətbiqi ilə bağlı müstəsna səlahiyyətinə istinad məqsədi daşıyırdı.

Məruzəyə hər iki düzəlişin irəli sürülməsindən dərhal sonra bitərəf davranmalı olan Komitə katibləri Drjemçevski və Şirmer və Baş Katibin ofisi növbəti gün komitə və plenar iclaslarına qədər dəhliz və bufetdə Parlament Assambleyasının deputatlarına yaxınlaşır, müxtəlif üsullardan istifadə edərək düzəlişlərin əleyhinə və məruzənin lehinə deputatların səs vermələri istiqamətində məqsədyönlü lobbiçilik fəaliyyəti göstərirdilər. Onlar tez – tələsik tərtib etdikləri müxtəlif bəyanatlar və müraciətləri, məsələn Human Rayts Votch və Amnesty İnternational təşkilatlarının qondarma yazılarını hamıya yaymağa çalışırdılar.

2. Siyasi qrupların iclasları, 3 oktyabr saat 09:00

3 oktyabrda baş vermiş siyasi fraksiyaların toplantıları zamanı sosialistlərin rəhbəri almandilli isveçrəli cənab Qross və liberallar qrupunun rəhbərliyi partiya həmkarlarına qarşı açıq – aşkar hörmətsizlik və onlara kobud təzyiq edərək Ştrasserin məruzəsinə səs vermələrinə məcbur etmiş, insanları bir – bir ayağa qaldırmış və adbaad siyahı tərtib etmişdir. Son beş ildə AŞPA-da heç vaxt bu praktikaya təsadüf edilmədiyi halda, bu cür “indikativ” səsverməylə cənab Qross insanları düzəlişlərin əleyhinə səs verməyə təhrik etmiş, bunu etməyənləri siyasi qrupdan çıxarılmaqla hədələmişdir. Nəticə etibarilə, Sosialistlər Qrupundan 46 səsdən ibarət siyahının tərtib edilməsinə nail olunmuşdur. Demokratiyanın bəhrəsi budurmu?

Avropa Xalq Partiyası (EPP) qrupunda üzvlərə əsas etibarilə sərbəst səs verməyə icazə verilmişdir. Lakin şəxsən düzəlişlərin lehinə olan və iclasa sədrlik edən qrupun ispaniyalı vitse-prezidenti Hollandiya və Alman deputatları tərəfindən güclü təzyiqə məruz qalmışdır. EPP-nin qrup iclasında əvvəllər görünməmiş aqressiv səhnələr baş verdi. Almanlar hətta vitse-prezidentin dərhal istefa verməsini tələb etdilər. Bundan əlavə, çox təəssüf ki, bir neçə saat sonra İtaliyalı qrup lideri bütün üzvlərə düzəlişlərə qarşı olduğunu bildirən məktub yazaraq, öz şəxsi fikrini ifadə etdi.

Liberallar qrupunda alman deputat Şuster bütün üzvlərə düzəlişlərin əleyhinə səs vermələri üçün müraciət etdi. Qrupun böyük əksəriyyəti düzəlişlərə qarşı danışmağa və səs verməyə razılaşdı və qrupun hər iki düzəlişə rəsmi fikri mənfi oldu.

Konservativlər qrupunda düzəlişlər daha çox dəstəkləndi, lakin üzvlər səs verməkdə sərbəst idi. Bu, kiçik kommunistlər qrupuna da aiddir və burada vəziyyət kifayət qədər çaşdırıcı oldu.

Bütün çərşənbə axşamı və çərşənbə günü ərzində sosialistlərin lideri Komitə katibləri Drjemçevski və Şirmer, alman məruzəçi və bütün almanlar katibliyin əməkdaşlarının dəstəyi ilə lobbiçiliyi davam edərək, liberallar kommunistləri düzəlişlərə qarşı danışmağa və səs verməyə inandırmağa çalışdılar.

Ştrasserin təzyiqi ilə Almaniya nümayəndə heyətinin rəhbərliyi və üzvləri hal – hazırda iqtisadi çətinliklərlə üzləşən digər Avropa ölkələrindən olan həmkarlarının hədələnməsi və məruzəyə düzəlişlərin lehinə səs verdikləri təqdirdə Almaniya Bundestaqında məsələ qaldıracaqları və beləliklə həmin ölkələrə nəyinki yardımın qarşısının alınması, hətta bu ölkələrə qarşı iqtisadi sanksiyaların qəbul edilməsi və onların iqtisadiyatının çökdürülməsi kimi hədə qorxulardan çəkinmirdilər.

3. Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi, 3 oktyabr saat 14:00

Oktyabrın 3-ü saat 14:00-da məruzəyə təqdim edilən iki düzəliş Hüquq Məsələləri və Insan Hüquqları komitəsində səsə qoyumuşdur. Komitə iclasında katibliyin rəhbəri Drjemçevski mövcud prosedura uyğun olmayan hərəkətlər etmiş, düzəlişlərin səsə qoyulmasından əvvəl çixiş edərək bəyan etmişdir ki, komitə bu düzəlişləri qəbul etsə də AŞPA sədri öz səlahiyyətlərindən istifadə edərək bu düzəlişlərə veto qoyacaq.

Alman məruzəçi Ştrasser daxil olmaqla, alman çıxışçıların çoxu ilə xeyli gərgin müzakirədən sonra ilk düzəliş iki texniki korrektə ilə səsverməyə qoyuldu. İlk düzəliş Komitə tərəfindən qəbul edildi.

Müzakirənin mahiyyətini təşkil edən ikinci düzəlişə daha çox etiraz edildi. Bununla belə, səsvermə zamanı düzəliş 30 lehinə və 28 əleyhinə olmaqla qəbul edildi. Bu, düzəliş üçün aşkar qələbə və AŞPA üçün tam bir sürprizdir. Almanlar və onların katiblikdəki müttəfiqləri həddindən artıq qəzəblənərək məyus oldular.

Bundan əlavə, bir sıra üzvlər qeyd etdilər ki, düzəlişlərin lehinə olan səslər əslində 30 deyil, 34 idi. Lakin məhz əvvəlki səsvermədə olduğu kimi, katiblik məruzəçinin xeyrinə yalan danışmağa və nəticəni saxtalaşdırmağa cəhd etdi. Lakin lehinə səslər həddindən artıq güclü idi və yekun nəticə saxtalaşdırıla bilməzdi. Komitədə səsverməyə yalnız 30 dəqiqə vaxt verildiyindən anti-azərbaycan təbliğatı aparmağa imkan olmadı və nəticədə səsvermə zamanı deputatlar haqqa və ədalətə səs verdilər.

Komitənin katibliyi tərəfindən səslərin gizlədilməsi cəhdləri və səsvermənin nəticələrinin saxtalaşdırılması halları artıq adət almış haldır.

Lakin bu təzyiqə baxmayaraq və səslərin hesablanmasında dəqiqsizlik olsa da 3-cü bəndə düzəliş qəbul edildi və məruzənin ürəyi parçalandı. Məruzənin 3-cü bəndinə düzəlişin dəstəklənməsi komitə üzvlərinin daxili düşüncələri və vicdanları qarşısında cavabdehliyi nəticəsində ədalətə və hüququn aliliyinə səs vermələridir.

4. Plenar sessiyada müzakirə və səsvermə, 3 oktyabr saat 16:30

İki saatlıq fasilə zamanı düzəlişlərə qarşı olanlar – Sosialistlər və Liberal qrupunun rəhbəri, alman nümayəndə heyətinin üzvləri və katibləri, İnsan Haqları Komitəsinin katibləri Drjemçevski və Şirmer plenar sessiyada səsverməyə təsir etmək üçün həddindən artıq güclü lobbiçilik etdilər.

Cənubi Avropa ölkələrinin nümayəndə heyətlərinin üzvləri düzəlişləri dəstəklədiklərinə görə, Almaniyalı həmkarları onlara yaxınlaşaraq bu məsələdə mövqelərini dəyişmədiyi halda həmin ölkələrin iqtisadi və maliyyə böhranını həll etməklə bağlı Almaniyanın Cənubi Avropa ölkələrinə göstərə biləcəyi hər hansı dəstəyə ciddi mane olacaq. Almaniya nümayəndə heyətinin rəhbəri bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərlərini alman təlimatını yerinə yetirməyə çağırdı.

Hamıya aydındır ki, Almaniya Avropanın yeganə real idarəçisi kimi hərəkət etdiyini gizlətmir və deputatları Xarici İşlər Nazirlərinə məlumat veriləcəyi və şəxsi və ümumi sanksiyaların tətbiq ediləcəyi ilə hədələyərək, istənilən digər ölkə qarşısında öz tələblərini qoyur. Almanların Baltikyanı və Skandinaviya ölkələrinin dəstəyi ilə nümayiş etdirdiyi amiranə davranış bütün müşahidəçiləri heyrətə gətirir.

Komitədə çıxış etmək imkanı olmayan bir çox ermənilər də ümumi müzakirədə çıxışçılar siyahısında çıxış etdilər. İndi ermənilər hər iki düzəlişə ciddi hücum etmək, almanlara öz dəstəklərini ifadə etmək, eyni zamanda bütün Assambleyaya təsir etməyə cəhd göstərərək, çox emosional və təhqiredici tərzdə birbaşa Azərbaycana hücum etmək imkanı əldə etdilər.

Plenar iclasda siyasi qrupların təyin edilmiş təmsilçiləri danışdı: onlar qrup rəhbərliyi tərəfindən əvvəlcədən təyin edilmiş və hazırlanmış şəxslər idi, xüsusilə sosialistlər və liberallar qrupunun təmsilçilərinin Azərbaycana qarşı qərəzli mövqedə hazırlanması açıq – aşkar hiss edilirdi.

Lakin bir sıra deputatlar düzəlişləri cəsarətlə müdafiə edirdi. Ancaq hər dəfə müsbət çıxışlarından sonra həmin az sayda olan deputat, xüsusilə Almaniya, Baltik və Skandinaviya sosialistləri tərəfindən dərhal və açıq şəkildə ağır hücumlara və təhqirə məruz qalırdı.

İki saat yarım davam edən plenar iclas zamanı sankı siyasi məhbus meyarları ilə bağlı deyil, Azərbaycan əleyhinə yönəlmiş müzakirə və ölkəmizə qarşı qərəzli və düşmən mövqelərinin nümayişi idi. Bu həyasızlığın əsas iştirakçıları Alman deputatları, sosialist və liberalların təmsilçiləri idi.

Düzdür, plenar iclasda çıxış edən bir çox deputatlar təklif edilən meyarların köhnəlmiş, istifadəyə yararsız olması barədə konkret faktlara istinad etməklə xeyli misallar gətirdilər. Onlar eyni zamanda qeyd etdilər ki, məruzənin 3-cü bəndinə təklif edilən düzəliş məsələnin ədalətli və hüquqi istiqamətdə həllini, yəni Avropa İnsan Haqları Məhkəməsinin Konvensiyada nəzərdə tutulmuş mövcud səlahiyyətləri çərçivəsində həllini nəzərdə tutur.

Lakin Ştrasser, Şuster və digər sosialist və liberallar yalvarışla plenar iclas üzvlərinə müraciət edərək məruzənin 3-cü bəndinə düzəlişin qəbul edildiyi təqdirdə Azərbaycana qarşı yanvar ayında yönələcək məruzənin qəbul edilməyəcəyi barədə ehtiyyatlanmalarını isterik formada ifadə edirdilər. Ştrasser açıq dedi: “Məni düzğün başa düşün, düzəliş qəbul edilsə, yanvarda mənim Azərbaycana qarşı məruzəm qəbul edilməyəcək”. Məhz bu cür ermənipərəstlərin və Qrossun təzyiq etdiyi sosialistlər və liberalların çıxışları mövqelərə ciddi təsir etdi, hətta bu cür siyasi oyunbazlıqdan sonra belə səsvermə 89/89 hesabla heç – heçə ilə nəticələndi.

Liberal qrupun rəhbərliyi həmkarlarına təzyiq edərkən Azərbaycanın Avropa Şurasında fəaliyyətinə qərəzli mövqe nümayiş etdirmiş və bu təşkilatın nüfuzuna yaraşmayan ifadələrlə ölkəmizə qarşı ittihamlar yağdırmışdır.

Öz növbəsində Azərbaycan nümayəndə heyətinin bütün üzvləri nümunəvi dözümlülük nümayiş etdirərək, provokasiyalara uymamış və hətta Ştrasserin bu məruzəsinin müzakirəsi zamanı söz alıb bir kəlmə belə söyləməmişlər.

İlk düzəliş iki texniki korrektə ilə qəbul edildi.

İkinci düzəlişə səsvermənin nəticəsi belə oldu: 89/89 və 5 nəfər səs vermədi. Düzəlişin qəbul edilməsi üçün bir səsə ehtiyac var idi.. Təəssüf ki, qayda belədir və heç nə etmək mümkün deyil. Bir daha, təəssüf ki, Mühafizəkarlar Qrupunun rəhbəri olan prezident plenar sessiyaya sədrlik etdiyinə görə, onun səs verməsinə icazə verilmədi. Onun səsi düzəlişin qəbul edilməsi üçün nəticəni dəyişə bilərdi..

Bəzi qocaman deputatlar Avropa Şurasında belə səs bərabərliyi və böyük fikir ayrılığı görmədiklərini bildirdilər!

Son səsvermə məruzənin yekun qəbulu ilə bağlı idi. Deputatların əksəriyyəti 3-cü bəndə düzəlişlərin qəbul edilməməsindən sonra keçirilən ümumi səsvermənin əhəmiyyətinə varmadılar.

5. Nəticə

Məruzə nəzəri cəhətdən AŞ-a üzv bütün dövlətlərə şamil olunsa da, siyasi məhbus məsələsi ilə bağlı bütün çıxışlar Azərbaycana qarşı yönəlmişdi.

Azərbaycan bir çox hallarda bu ümumi müzakirədə siyasi məhbus məsələsi ilə əlaqədar müxtəlif istiqamətlərdən kəskin hücumlara məruz qaldı. Bütün bunlar səsvermənin nəticəsinə təsir etdi.

Almanlar və onların tərəfdaşlarının çağırışı çox emosional idi. Onlar debatlarda dramatik çağırış etdi və bu da vəziyyəti tamamilə korladı. Hüquqi məsələyə dair müzakirə qışqırıq və şəxsi təhqirlərlə sona çatdı. Bir çoxları təəccübləndilər ki, düzəlişlərə qarşı açıq şəkildə kəskin çıxışlar olmasına baxmayaraq, səslər ikinci düzəlişin xeyrinə 89-89 oldu.

Strasburqda əvvəllər çox nadir hallarda görülmüş bu siyasi trillerdən sonra, sözsüz ki, bu müzakirə və səsvermə AŞPA-nın bu məsələdəki etibarlılığını həqiqətən sarsıtdı və bütün Assambleyada dərin parçalanma olduğunu göstərdi.

Hamıya məlum oldu ki, Ştrasser diqqətini yalnız Azərbaycana hücum etmək üzərində toplayıb və meyarlara dair müzakirə ilə heç vaxt həqiqətən də maraqlanmayıb. Həmçinin daha çox deputata məlum oldu ki, onun adların siyahısının da daxil edildiyi Azərbaycana dair qarşıda gələn məruzəsi Avropa Məhkəməsinin müstəsna səlahiyyətinə ciddi müdaxilə etmək riski daşıyır. Bu həftə keçirilmiş müzakirə riskin olduğunu aydın göstərdi və indi daha çox deputat nominativ siyahıların hazırlanması təcrübəsinə dair məsələ qaldırır. Bu vaxta qədər heç vaxt bu məsələ həqiqətən mübahisə yaratmayıb.

Nəhayət, Ştrasserin 3-cü bəndə dair təklifi 89-89 səs nəticəsi ilə qəbul edildi. Onun və ya bütünlükdə AŞPA-nın “qələbə” ilə fəxr etməyə heç bir mənəvi haqqı yoxdur. Aydındır ki, 89 deputat onun bu məsələ ilə bağlı Avropa Məhkəməsinin müstəsna səhaliyyətinə müdaxilə etməsini istəmir.

Düşünürəm ki, bu 89/89 hesabı ilə heç – heçə siyasi oyun Avropa Şurası kimi nüfuzlu təşkilatın tarixinə ləkə kimi yazıldı. Əgər futbol oyununda komandalar heç – heçə ilə oyunu tamamlayırlarsa, onlar və azarkeşləri məyusluqla meydançanı tərk edirlər. Hətta final oyununun əsas hissəsi heç – heçə ilə bitərsə komandaların birinin üstünlüyü aşkar edilənə qədər oyun davam edir. Bu müqayisəni gətirməklə demək istəyirəm ki, futbol oyununun nəticəsi yalnız komandalara və onların azarkeşlərinə təsir edir, Avropa Şurasının qərarı isə bütün insanların taleyində həlledici rol oynayır və ona görə də bu qurumun qaydalarının daha mükəmməl olması vacibdir.

Təəssüf ki, Avropa Şurasında yalnız prosedur qaydalarının mübahisəli olması nəticəsində 89/89 hesabla heç – heçəylə nəticələnən bu “qələbə” qurumun nüfuzuna, onun haqq və ədalətin keşiyində duran imicinə ağır zərbə vurdu. Bu, Avropa dəyərlərinə, demokratiyaya və hüququn aliliyinə bir ləkədir.

AŞPA hüquqi baxımdan “qalib” elan edilsə də, bu nəticə siyasi, mənəvi və əxlaqi baxımdan Avropa Şurasına utancverici amildir və bu meyarların absurdluğuna gələcəkdə istinad edənlərə baş ucalığı gətirmir.

Bunlar haqqında düşünməyə dəyər…!

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları