“Ştrasserin “siyasi məhbus” anlayışı ilə bağlı meyarları dəqiq deyil”
4 iyul 2012-ci il
Elxan Süleymanov: “Deputatların əksəriyyəti Ştrasserin meyarlarla bağlı məruzəsinin bugünkü reallığa cavab verməyən gülünc sənəd olduğunu vurğuladı”
Avropa Şurası Parlament Assambleyası (AŞPA) məcburi şəkildə boynumuza qoymaq istəyir ki, bizdə siyasi məhbus var. Hansı ki, hələ konkret olaraq siyasi məhbus kimlərə deyilir, o bilinmir. Heç bir beynəlxalq konvensiyada “siyasi məhbus” anlayışının kriteriyaları göstərilmir. AŞPA özü də bu kriteriyaları müəyyənləşdirməyib.
Belə bir vəziyyətdə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser ordan-burdan topladığı 89 nəfərin adını qurumun Hüquq Məsələləri və İnsan Haqları Komitəsinə təqdim edib. Qeyd edək ki, iyunun 26-da AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsində Ştrasserin iki məruzəsi müzakirə edilib. Bu məruzələrdən birincisi “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsindən, ikincisi isə Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsindən ibarət olub. Hər iki məruzə ətrafında müzakirələr çox gərgin keçdi və ciddi pozuntularla müşayiət edilən səsvermə nəticəsində cüzi səs fərqi ilə qəbul edildi. Məruzənin AŞPA-da qəbulu ilə bağlı səsvermə sentyabr ayında keçiriləcək.
Ştrasser Strasburqda keçirdiyi mətbuat konfransında deyib ki, onun tərtib etdiyi 89 nəfərlik siyahıdakı adamlardan kimlərin “siyasi məhbus” kriteriyasına uyğun gəlmədiyini yoxlamaq üçün Azərbaycana səfər edib araşdırma aparmağı planlaşdırsa da, ona viza verilməyib. Maraqlıdır ki, Ştrasser əgər öz siyahısındakıların “siyasi məhbus” olub-olmadığını bilmirsə, onu niyə görə AŞPA-ya təqdim edib. Onun Azərbaycana olan qərəzi bu tələskənliyində özünü göstərir. Ştrasserin qeyri-obyektivliyi ondadır ki, bu siyahını müxtəlif mənbələr əsasında hazırlayıb. Yəni, belə desək, Azərbaycan hökumətinin bu siyahının hazırlanması prosesindən rəsmən heç bir xəbəri olmayıb. O üzdən, bu siyahının heç bir rəsmiliyi və hüquqi dayağı yoxdur.
Millət vəkili, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin üzvü Elxan Süleymanov eksklüziv olaraq bu məsələ ilə bağlı qəzetimizə açıqlama verdi. Onun sözlərinə görə, 2001-ci ildə Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edildikdən sonra Azərbaycan tərəfi “siyasi məhbus” anlayışının hüquqi meyarlarının olmadığını dəfələrlə diqqətə çatdırıb: “Nəticə etibarı ilə Hüquq Məsələləri Komitəsi 2009-cu ilin dekabr ayında “Siyasi məhbus anlayışının müəyyən edilməsi”nə dair məruzənin hazırlanması barədə qərar qəbul etməklə meyarların olmadığını de-fakto etiraf etmişdi. Bu sahədə davamlı işimizin nəticəsi olaraq Komitənin 21 may 2012-ci il tarixli iclasında məruzələrin bölünməsi haqqında qərar qəbul edilmişdi. Lakin buna baxmayaraq K.Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirirdi. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Ştrasserin təklif etdiyi meyarlar BMT missiyasının Namibiyada və sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cənubi Afrika Respublikasında 20 il əvvəl istifadə etdikləri “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarlardır”.
E.Süleymanov hesab edir ki, bu meyarlar dəqiq deyil və Avropa ölkələrinə, eləcə də Azərbaycana tətbiq edilə bilməz: “Çünki Avropa Şurası məkanında, o cümlədən Azərbaycanda vəziyyət qeyd edilən Afrika ölkələrindəki vəziyyətdən köklü surətdə fərqlidir. Komitənin 26 iyun tarixli iclasında bir çox deputatlar bu məsələdə mənim mövqeyimi dəstəklədilər, çünki həmin meyarlara görə, qatillər və terrorçular da siyasi məhbus hesab edilə bilərlər. Ümumiyyətlə, deputatların əksəriyyəti Ştrasserin meyarlarla bağlı məruzəsinin bugünkü reallığa cavab verməyən gülünc sənəd olduğunu vurğuladı. Hətta məruzənin bütövlükdə müzakirələrdən çıxarılması dəfələrlə təklif edildi. Lakin təəssüflər olsun ki, siyasi fraksiya rəhbərlərindən birinin deputatlara təzyiqi nəticəsində məruzə cüzi səs çoxluğu ilə qəbul edildi”.
Millət vəkilinin fikrincə, Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi məruzəsinin Komitədə müzakirəyə çıxarılması isə çox ciddi qanun pozuntusu idi: “Belə ki, meyarlarla bağlı məsələ Assambleyada müzakirə olunaraq qəbul edilmədən onun konkret bir ölkəyə tətbiq olunması heç bir hüquqi çərçivəyə sığmır. Məruzəçi isə Azərbaycandakı vəziyyəti izləmək üçün komitədə cüzi səslə qəbul edilmiş həmin mübahisəli meyarlardan istifadə edib. Bundan əlavə, Ştrasser hətta Avropa Şurası Baş katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri, qətllərdə, terrorçuluqda, insan oğurluğunda, soyğunçuluqda, narkotik istifadəsində və digər xüsusilə ağır cinayətlərdə təqsirləndirilən şəxslərin adlarını məruzəsinə daxil edərək onları siyasi məhbuslar kimi təqdim edib və özünün də etiraf etdiyi kimi belə bir məntiqdən çıxış etmişdir ki, “belə şəxslərin həbsxanadan buraxılmaları üçün axırıncı şans ola biləcəyinə görə mən bu şəxslərin adlarını ehtimal olunan siyasi məhbusların vahid siyahısı layihəsinə salmışam””.
“Şübhəsiz ki, bu, demokratik qərar qəbul edilməsinin yaxşı nümunəsi deyildir” deyən E.Süleymanov əmindir ki, getdikcə daha çox avropalı deputat Komitənin qərarının AŞ-da son illərdə verilmiş ən pis və mübahisəli qərarlardan biri olduğunu anlayacaq: “Son olaraq onu demək istəyirəm ki, biz öz haqlı mübarizəmizi davam etdirəcəyik və inanıram ki, oktyabr ayında keçiriləcək yekun səsvermədə avropalı həmkarlarımız Avropa dəyərlərinə, hüququn aliliyinə hörmət edərək ikili standartlara və Azərbaycana qarşı ayrı-seçkiliyə son qoyulmasına səs verəcəklər”.
Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə İşçi Qrupunun sədri Kamil Səlimov isə bizimlə söhbətində dedi ki, hüquqi istiqamətdə məsələ qaldırılırsa, onlar mütləq hüquq çərçivəsində də təqdim olunmalıdır: “Avropa Şurasına daxil olan dövlətlərlə işlər hüquqi əsasların üzərində qurulur. Avropa Şurasının nizamnaməsinin da 3-cü maddəsi var. Bu maddəyə görə siyasi məhbus məsələsi müzakirə olunanda mütləq orada kriteriyalar təqdim olunmalıdır. Çünki bunun hüquqi nəticələri də çox böyükdür”.
Onun fikrincə, burada siyasi danışıqlar gedirsə, siyasi elementlər işlənməlidir. “Amma hüquqi elementlər işlətmək üçün yalnız hüquq çərçivəsində yanaşmaq lazımdır”, – deyə o əlavə etdi.
K.Səlimov dedi ki, Ştrasser Ermənistanda real işgəncələrə məruz qalan şəxsləri qoyub qıraqda, burada təzə siyasi məhbus axtarır: “Vaxtilə biz siyasi məhbus məsələsini qaldıranda Ermənistanda cəzaçəkmə müəssislərində 750 nəfər məcburi saxlanılan şəxslərin olduğunu göstərmişdik. Ermənistanda məcburi 800-ə qədər Azərbaycan vətəndaşı saxlanılır. Onlar da siyasi məhbusdurlar. Onda niyə görə Ştrasser onları siyasi məhbus siyahısına salmır?”.