Ştrasserin məruzəsi niyə qəbul edilmədi?
Elxan Süleymanov: “Beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibəti çox xoşagəlməzdir”
Dünən millət vəkili, Avropa Şurası Parlament Assableyasında (AŞPA) Monitorinq və Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov brifinq keçirdi.
E.Sülyemanov bildirdi ki, AŞ PA-nın son qış sessiyasında Azərbaycanla bağlı müzakirə olunan məsələlər bütün sessiyanın zirvəsi idi: “Azərbaycanla bağlı olan müzakirələrdə 222 nəfər deputat iştirak edirdi. 60 nəfər bir mövzu ilə bağlı çıxışa yazılmışdı. AŞ PA rəhbərliyinin dediyinə görə təşkilatın sessiyasında hələ heç bir zaman 60 nəfər bir mövzu ilə bağlı çıxışçı olmamışdı. Maraqlıdır ki, 60 nəfərin demək olar ki, hamısına söz verildi”.
Onun sözlərinə görə, Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsinin qəbul edilməsi ölkəmiz üçün çox müsbət bir haldır: “Həmməruzəçilər son illər Azərbaycanda siyasi irəliləyişlərin nəzərəçarpan dərəcədə olduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycan Avropaya vacib ölkədir”.
O, Ştrasserin məruzəsinin qəbul edilməməsinin səbəblərini də açıqladı: “AŞ-ın nümayəndələri Azərbaycanda olan zaman bir sıra mühüm görüşlər keçirib və belə bir qənaətə gəliblər ki, Azərbaycanda ehtimal olunan siyasi məhbusların sayı 22 nəfər ola bilər. Onların da 14-nü Prezident İlham Əliyev ötən il dekabrın 26-da əfv etdi, digər 8 nəfərin işi isə istintaqda olduğu üçün məhkəmənin qərarı olmadan onlar heç cür onları siyasi məhbus hesab oluna bilməz. Ştrasser isə məruzəsində Azərbaycanda 85 nəfər siyasi məhbus olduğunu bildirmişdi. Ona görə də sessiya əsasən bu ziddiyyət üzərində getdi. Nəticədə isə Ştrasserin Azərbaycan hökuməti, Avropa Şurasının Azərbaycandakı nümayəndə heyəti üzvləri və hüquq müdafiəçiləri ilə iş birliyi qura bilməməsi və məsələyə qərəzli yanaşması əsas götürülərək onun hesabatı qəbul edilmədi”.
Millət vəkili dedi ki, Ştrasserin məqsədi siyasi məhbusları araşdırmaq olmayıb: “Onun məqsədi ancaq qərzlilik və bu məsələni siyasiləşdimək olub. Ştrasserin məruzəsi heç bir hüquqa əsaslanmır, ədalətsiz və qərəzlidir. Onun 5 illik Azərbaycana olan pis niyyəti məhz buna görə də AŞ millət vəkilləri tərəfindən rədd edildi. Demək olar ki, çıxış edənlərin 40-dan çoxu Azərbaycan haqqında müsbət fikirlər səsləndirdilər. Bu, təkcə Azərbaycanın qləbəsi deyil. Ştrasserin məruzəsinin əleyhinə səs verənlər Avropa dəyərlərinə, qanunun aliliyinə, haqqın və ədalətin zəfər çalmasına səs veriblər”.
E.Sülyemanov təəssüf hissi ilə Azərbaycana qarşı beynəlxalq təşkilatların münasibətinin çox xoşagəlməz olduğunu vurğuladı: “Belə ki, Azərbaycan haqqında hər hansı müsbət hal qeyd edilən kimi beynəlxalq təşkilatlar bunu müxtəlif formada dünya mediasına çatdırmaq istəyirlər. “Amnesty İnternational”, “Human rights” və “Avropa Stabillik Təşəbbüsü” qurumu əvvəlcədən gəlib AŞ-da qruplarda Azərbaycan əleyhinə mərzuzələr edir, yazılar dərc edirlər. Bu təşkilatar Azərbaycana qarşı qərəzlidir, hər hansı formada Azərbaycanın pis imicini formalaşdırmağa cəhd göstərirlər. Mən çox sevinrəm ki, onlar AŞ PA-dan çox məyus olaraq qayıtdılar”.