Ştefan Füle: “Azərbaycanla assosiativ saziş Avropa Birliyinin üçüncü ölkə ilə imzalaya biləcəyi ən geniş saziş tipidir” – MÜSAHİBƏ
2 aprel 2012-ci il
“Azərbaycan və Ermənistanın sülh sazişinə nail olmaq istiqamətində addım atmasının vaxtı çatıb”
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Fülenin APA-ya müsahibəsi
– “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığı necə dəyərləndirirsiniz? Avropa Birliyi bu proqram çərçivəsində növbəti illərdə Azərbaycana nə qədər maliyyə vəsaiti ayıracaq?
– “Şərq Tərəfdaşlığı” proqramı gələcəkdə də inkişaf etməkdə davam edəcək. Bizim yenidən baxdığımız qonşuluq siyasəti “Ərəb baharı”ndan, davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edən siyasi və iqtisadi islahatlardan lazımı nəticələr çıxarıb və Avropa Birliyi cəmiyyətin bütün təbəqələri ilə, təkcə hökumətlə deyil, həm də parlamentlə, vətəndaş cəmiyyəti təşkilatları ilə işləməlidir. Bu, gələcək üçün bizim dəqiq müəyyənləşdirdiyimiz istiqamətdir və biz bu məsələni ötən ilin sentyabrında Varşavada “Şərq Tərəfdaşlığı” proqramı üzrə tərəfdaşlarımızla müzakirə etmişik. Müzakirələrdə vətəndaş cəmiyyəti ilə iş, demokratiya və dəyərlərə hörmət, əsas azadlıqlar və qanunun aliliyi əsas elementlər kimi ayrılıb.
Şərq tərəfdaşlarımızla hazırda danışıqların aparıldığı assosiativ saziş bütün regionun daha dərin siyasi və iqtisadi inteqrasiyasına imkan verəcək, həm Avropa Birliyi çərçivəsində, həm də bütün regionda mübadilələrə, regional inteqrasiyaya şərait yaradacaq. Yeni ticarət sazişləri və mobilliyin artması Avropa Birliyi ilə qonşularının münasibətlərinə yeni impuls verəcək. Bunun əsasında Avropa Birliyi və onun sərhədlərində çiçəklənmə və sabitliyə dəstək vermək durur. Regionda ən güclü iqtisadiyyata malik ölkə olan Azərbaycan sözsüz ki, gələcəkdə bu proseslərdə uduşlu çıxacaq. Biz “Şərq Tərəfdaşlığı”nın gələcəyinin üç istiqamətini yaratmışıq. Birincisi, biz proqramın bundan sonra reallaşdırılmasının yol xəritəsi üzərində işləyirik. Biz “çoxlu islahat müqabilində çoxlu maliyyə yardımı” konsepsiyasını əks etdirməli və tərəfdaş ölkələrlə islahatların hədəflərini razılaşdırmalı, bu islahatlara konkret alət və layihələrlə kömək etməliyik. Bütün ölkələrin Avropa Birliyi ilə sıx inteqrasiya prosesinə qoşulması zəruridir, bu, həm Avropa Birliyinin, həm də bu ölkələrin xeyrinədir. İkincisi, biz ikitərəfli əməkdaşlığı reallaşdırırıq və Azərbaycanın bu məsələdə tərəqqi əldə etməsinə şadam. Üçüncüsü, – yəqin ki, bu ən mürəkkəb aspektdir – biz münaqişələrin nizamlanmasında öz rolumuzu gücləndirməliyik. Çünki “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən 6 ölkədən 4-də həllini tapmamış münaqişələr var, bu münaqişələr Avropa Birliyi ilə inkişafa və münasibətlərə mane olur. Avropa Birliyi Ermənistanla Azərbaycan arasında etimad mühitinin formalaşdırılması tədbirləri üzərində işləyəcək. Artıq mövcud vasitəçilik proseslərinə kömək etmək üçün xüsusi nümayəndə təyin edilib. Aydındır ki, tərəfdaşlıq münasibətləri çərçivəsində göstərilən bu səylər, o cümlədən regiona yüz milyonlarla avro yardım Azərbaycanın xeyrinə olacaq. Lakin Azərbaycandan da bu əməkdaşlıqdan maksimum bəhrələnmək üçün bizimlə bacardığı qədər aktiv çalışması lazımdır. Avropa Birliyi və Azərbaycan 90-cı illərdən möhkəm münasibətlər qurub, hər şey bizdən asılıdır, müxtəlif danışıqlar çərçivəsində bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq olar.
– Ötən il Azərbaycan-Avropa Birliyi əməkdaşlığı necə keçdi? Avropa Birliyi bu il Azərbaycanda hansı layihələri həyata keçirməyi planlaşdırır?
– Sözsüz ki, 2011-ci il Avropa Birliyi ilə Azərbaycanın münasibətləri tarixində çox intensiv il olub. Əvvəllər heç vaxt Azərbaycanla Avropa Birliyi arasında bu qədər çox yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilməmişdi. Onlardan yalnız bir neçəsini xatırlatmaq kifayətdir – Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Parlamentinin prezidenti Eji Buzek, Avropa Komissiyasının vitse-prezidenti, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton Bakıya səfər ediblər. Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin iyununda Brüsselə səfəri bundan az əhəmiyyətli deyildi, o, səfər zamanı Avropa Birliyi liderləri ilə görüşüb, ötən ilin sentyabrında Varşavada “Şərq Tərəfdaşlığı” sammitində iştirak edib.
Düşünürəm ki, yüksək səviyyəli səfərlərin sayının artması münasibətlərin möhkəmlənməsində əksini tapır. İl ərzində biz siyasi səviyyədə assosiativ sazişlə bağlı danışıqlarda tərəqqi əldə etmişik. Ümumilikdə, biz bu günə kimi əldə olunan tərəqqidən razıyıq və bu işi 2012-ci ildə də sürətləndirməyə ümid edirik. Qeyd edim ki, bu saziş tərəflərin maraqları, əhatə dairəsi və dərinliyi baxımından çox ciddi nəticələrə səbəb olacaq. Avropa Birliyi həmçinin Azərbaycanın dövlət institutları ilə tərəfdaşlığı gücləndirib. 2011-ci ildə bizim ölkəyə göstərdiyimiz maddi yardımın həcmi bir il əvvələ nisbətən 65 faiz artıb. Əməkdaşlığa misal olaraq Avropa Birliyinin Azərbaycanın məhkəmə sistemində islahatlara 3,7 milyon manat, energetika sektoruna isə 3 milyon manat yardım ayırmasını göstərə bilərəm. Bundan başqa, elektron audit, sosial müdafiə, əməyin mühafizəsi və təhlükəsizliyi, Ombusdman administrasiyasının institusional potensialının artırılması ilə bağlı 8 layihənin icrasına başlanıb. Bizim əməkdaşlığımız təkcə dövlət strukturları ilə məhdudlaşmır. Bu əməkdaşlıq həmçinin Azərbaycan vətəndaşlarına istiqamətlənib. Ötən il vətəndaş cəmiyyəti ilə reallaşdırdığımız 16 yeni layihəyə 2,7 milyon manat vəsait ayırmışıq. Buraya cəmiyyətin həssas təbəqələrinə, əlillərə, məcburi köçkünlərə dəstək, psixoloji sağlamlığın möhkəmləndirilməsi, ictimaiyyətin məişət zorakılığı ilə bağlı məlumatlandırılmasının artırılması, bələdiyyələrin imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin gücləndirilməsinə dair layihələr daxildir. 2011-ci il çox aktiv il olub və mən əminəm ki, bu tendensiya 2012-ci ildə də davam edəcək. Biz viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamışıq, bu, AB-yə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının mobilliyinə müsbət təsir edəcək. Qısamüddətli Şengen vizalarının alınması asan, ucuz və qusa müddətə başa gələcək.
Biz Azərbaycanla demokratiya və insan haqları sahəsində işləməyə davam edirik. Ümumilikdə Azərbaycanda ötən il insan haqları ilə bağlı vəziyyət yaxşılaşmayıb. Ötən il Avropa Birliyinin ən azı 8 bəyanatında Azərbaycanda insan haqları məsələsi ilə bağlı narahatlıq ifadə olunub və biz Azərbaycanı insan hüquqları və demokratiyanın effektiv təminatı məqsədilə səyləri bundan sonra da gücləndirməyə çağırmışıq. Biz “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanı dünyada tanıtmaq baxımından nə qədər böyük imkanlara malik olduğunu bilirik. Bir çox tamaşaçılar üçün bu, Azərbaycanla ilk təmas olacaq. Dünyaya tolerant Azərbaycanın, insan haqları və qanunun aliliyi sahəsində öhdəliklərinə hörmətlə yanaşan Azərbaycanın obrazını göstərmək vacibdir. Bu imkan əldən verilməməlidir.
– Avropa Birliyinin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamaq niyyətindədir. Avropa Birliyi münaqişənin həlli üçün tərəflər hansı konkret addımlar təkliflər edə bilər?
– Avropa Birliyi həqiqətən çoxlarının “dondurulmuş” hesab etdiyi, Azərbaycanda yüz minlərlə insanın həyatına təsir edən Dağlıq Qarabağ münaqişəsindən narahatlıq keçirir. Mövcud status-kvo qəbuledilməzdir. Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi, səfir Filipp Lefort ötən il bu vəzifəyə regiondakı münaqişələrlə məşğul olmaq və problemin həllinə yönəlmiş mövcud səyləri dəstəkləmək məqsədilə təyin olunub. Biz ATƏT-in Minsk Qrupunu bütün maraqlı tərəflərlə razılaşdırılmış şəkildə nizamlanmaya nail ola biləcək yeganə format sayırıq. Minsk Qrupu münaqişənin həllinə çox səy sərf edib və konfliktin eskalasiyasından qaçmaqda mühüm rol oynayıb. Artıq Azərbaycan və Ermənistanın sülh sazişinə nail olmaq istiqamətində addım atmasının vaxtı çatıb. Hər iki tərəf anlamalıdır ki, vəziyyətin mürəkkəbliyi güzəşt və kompromislər tələb edir. Münaqişə həll olunduqdan sonra Avropa Birliyi azərbaycanlı və erməni icmasına kömək etməyə, onlar arasında etimad mühitinin formalaşmasına, bərpa işlərinə kömək etməyə razıdır. Sülh hər iki tərəfə və ümumilikdə regiona rifah gətirəcək. Vaxt itirmək olmaz. Avropa Birliyi tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsinə yönəlmiş tədbirləri də dəstəkləyir. Etimad, dözümlülük və qarşılıqlı hörmət istənilən sülh nizamlanmasının zəruri elementləridir. Sülh nizamlanmasından “uduşlu” çıxmaq anlayışını aşmaq lazımdır. Bu kontekstdə qoşunların təmas xəttində gərginliyi aradan qaldırmaq və təxribata sürükləyən qarşılıqlı bəyanatlardan çəkinmək vacibdir. Avropa Birliyi və quruma üzv dövlətlər çoxillik barışıq təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycan və Ermənistanla bölüşməyə şaddır.
– Ötən ilin payızında Avropa Birliyi Azərbaycan və Türkmənistan arasında Transxəzər boru xəttinin reallaşmasının hüquqi əsaslarına dair danışıqlar başlayıb. Danışıqlar davam edirmi və nəticələr necədir?
– Ötən ilin sentyabrında Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər boru xəttinin reallaşmasının hüquqi əsaslarına dair danışıqlar aparmaq üçün mandat alıb. İlk üçtərəfli görüş Brüsseldə keçirilib. Bundan başqa, Avropa Birliyi Qazaxıstanı da bu layihəyə qoşulmağa dəvət edib. Danışıqlar davam edir. Bizim ümumi maraqları bölüşən tərəfdaşlarımız var – Avropanın enerjiyə ehtiyacı var, dünyanın bu hissəsi isə böyük neft və qaz ehtiyatlarına malikdir. Tərəfdaş ölkələr yaxşı qiymətlər və dünyada ən yaxşı istehlakçıları olan etibarlı bazar istəyirlər. Avropa Birliyi gələcəkdə Azərbaycandan böyük miqdarda mavi yanacaq idxal etməyə ümid bəsləyir. Mən buna məğlubiyyətsiz vəziyyət kimi baxıram. Bu, zaman və səylər tələb edir, amma alınacaq, çünki bu, hamımızın marağındadır.
– Maliyyə böhranı Avropa Birliyinə ciddi təsir edib və hələ də etməkdədir. Bu kontekstdə böhran Avropa Birliyinin müxtəlif energetika layihələrini, məsələn, Transxəzər, Nabucco kimi layihələri maliyyələşdirməsinə necə təsir edəcək? Böhran bu layihələrin reallaşmasına mane olmayacaq ki?
– Mövcud iqtisadi durum doğrudan da Avropa Birliyi ölkələri və digər dövlətlərdə iqtisadi fəaliyyətə təsir göstərə bilər. Lakin icazənizlə izah edim: Avropa Birliyi bu layihələrdən heç birinə maliyyə dəstəyi vermir. Nabucco dövlət vəsaiti hesabına deyil, özəl şirkətlərin hesabına maliyyələşməlidir. Son nəticədə mavi yanacağı regiondan Avropa Birliyinə daşıyacaq istənilən layihə kommersiya baxımından sərfəli olmalıdır. Bu istər Nabucco olsun, istərsə masa üzərində olan TCP, İTGİ, TAP, SEEP, və ya digər təşəbbüs. Avropa Birliyinin energetika təhlükəsizliyinin təmin etmək üçün biz böyük həcmdə enerji resurslarının nəqlinə yönəlmiş daha geniş miqyaslı layihələr görmək istərdik. İstər Azərbaycanın, istər Mərkəzi Asiyanın, istərsə dünyanın digər regionunun mavi yanacağı olsun, fərqi yoxdur, mavi yanacağa tələbatın artdığı müşahidə olunur. Biz konkret layihə, konkret kommersiya təklifi irəli sürmürük, bizim hədəfimiz Avropa Birliyinin energetika siyasətinin uzunmüddətli məqsədləridir, konkret desək, daşımaların təhlükəsizliyinin təmin olunmasıdır.
– Avropa Birliyi və Azərbaycan assosiativ saziş üzərində danışıqları hələ başa çatdırmayıb. Razılaşdırılmamış hansı məsələlər qalıb və danışıqların yekunlaşmasına mane olan nədir?
– Hər şeydən əvvəl qeyd etmək istərdim ki, assosiativ sazişlə bağlı danışıqlar geniş spektr məsələləri əhatə edən çox mürəkkəb prosesdir. 20 ay bu tip danışıqlar üçün çox qısa müddətdir. Danışıqlar özündə siyasi dialoqu, ədalət, azadlıq və təhlükəsizliyi, ticarət və iqtisadiyyatı, sosial sektoru və digər aspektləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla danışıqlar apardığımız assosiativ saziş Avropa Birliyinin üçüncü ölkə ilə imzalaya biləcəyi ən geniş saziş tipidir. Aydındır ki, qayda və praktikanı Avropa Birliyinin qaydaları ilə uzlaşdırmaq üçün çox vaxt lazımdır. Bizə vaxt lazımdır ki, detalları müzakirə edək və bir-birimizin mövqeyini aydınlaşdıraq. Biz Azərbaycanın ATƏT və Avropa Şurasına daxil olan zaman üzərinə götürdüyü, qəbul etdiyi öhdəlik, prinsip və dəyərləri bölüşürük. Avropa Birliyi və Azərbaycan 2010-cu ildə başlamış danışıqları irəli apara bilib və ümid edirik ki, 2012-ci ildə bu prosesi davam etdirə, hətta sürətləndirə biləcəyik. Assosiativ sazişlə bağlı danışıqların son raundu ötən ilin oktyabrında Bakıda keçirilib və danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Növbəti raund isə bu yaxınlarda Brüsseldə keçiriləcək. Lakin son nəticədə Avropa Birliyi Azərbaycanı razılaşma əldə etməyə məcbur etmir. Danışıqlarda tərəqqi tempi tamamilə ölkənin göstərdiyi səylərin tempindən, həmçinin Avropa Birliyinə inteqrasiya niyyəti ilə bağlı öhdəliklərindən asılıdır. Şübhəm yoxdur ki, 2012-ci il Azərbaycanla assosiativ saziş baxımından mühüm il olacaq.