Şamaxının Millət Vəkili Elxan Süleymanovun İspaniya Senatında çıxışı 22 noyabr 2012-ci il
Əziz dostlar!
Mən bu gün çox xoşbəxtəm, elə biı öz ölkəmdəyəm, çünki hər ikisinin: Ispaniya və Azərbaycanın bir-birinə oxşarlığı çoxdur, hər ikimiz cənub ölkəsiyik, hər ikimizin iqlimi bir, meyvələri hər ikisində oxşar, hər iki xalqın rəqsləri qaynar və ritmikdir, məhəbbətli ürəkləri kimi!
Bu ölkədə olmaq, onun insanları ilə ünsiyyətdə olmaq, eyni zamanda Sizi salamlamaq mənə tapşırıldığı üçün icazənizlə mən böyük xoşbəxtliyimi Sizinlə bölüşmək istərdim.
Ispaniya Senatında çox-çox uzaq diyarlardan gəlmiş Azərbaycan Nümayəndə heyəti adından Sizi sevgili bir ürəklə dənizlərimizin sahili qədər sonsuz bir məhəbbətlə salamlayır və bu konfransı təşkil edənlərə və burada iştirak edənlərə təşəkkür edirəm. . İnanıram ki, Azərbaycan nümayəndə heyətinin İspaniyaya səfəri ölkələrimiz arasında mövcud olan qarşılıqlı münasibətlərin yeni, daha yüksək mərhələyə ucalmasına kömək edəcəkdir.
Əziz dostlar,
Azərbaycan siyasi baxımdan mürəkkəb və həssas bir coğrafi məkan olan Cənubi Qafqazda yerləşir. Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Tarixlər boyu burada müxtəlif dini və etnik qruplara mənsub olan insanlara tolerant münasibət bəslənilib. Çoxsaylı etnik və dini qruplar Azərbaycanda heç bir ayrıseçkiliyə məruz qalmayıb, hər kəs öz milli və dini mənsubiyyətini qoruyub saxlayıb. Hazırda əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda məscidlərlə yanaşı Cənubi Qafqazda ən qədim Xristian kilsəsi, xristian-pravoslav kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları, atəşpərəst Zərdüşt məbədi mövcuddur.
Azərbaycanda parlamentarizm ənənəsi 94 illik tarixə malikdir. Belə ki, 28 may 1918-ci ildə Azərbaycan xalqının iradəsi ilə Şərqdə və müsəlman dünyasında ilk parlament idarəçilik üsulu ilə demokratik respublika – Azərbaycan Demokratik Respublikası yaradıldı. XX əsrin əvvəllərində yaradılmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay mövcud oldu. Əfsuslar olsun ki, sonra baş vermiş hadisələr 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoydu və Azərbaycan digər ölkənin – Sovet İttifaqının bir hissəsinə çevrildi. Bu dövr isə 70 ildən artıq çəkdi. Yalnız Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi.
Azərbaycan yenidən bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, inkişaf etmiş sivil dünyaya, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan etdi.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının bərabərhüquqlu üzvüdür, Avropa İttifaqı və NATO ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qurub, Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və AvroNest Parlament Assambleyasının təsisçilərindən biridir. Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.
İspaniya Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, 11 fevral 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur.
Bununla bərabər qeyd etməliyəm ki, bizim ölkələrimizin bir sıra oxşar cəhətləri var. Həm Azərbaycan, həm İspaniya müxtəlif mədəniyyətləri özündə təcəssüm etdirən ölkələrdir. Həm Azərbaycan, həm İspaniya geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edən regionda yerləşib. Hər iki ölkə oxşar rəngarəng iqlim şəraitinə malikdir. Həm İspaniya, həm Azərbaycan kənd təssərüfatı və aqrar sahədə geniş imkanlara malik olan ölkələrdir. İspaniyada turizm sənayesi və turizm infrastrukturu geniş inkişaf etmişdir, Azərbaycan da turizm sahəsində böyük imkanlara malikdir. Xüsusi olaraq vurğulamaq istərdim ki, hər iki ölkə – həm Azərbaycan, həm İspaniya – aqressiv separatçılıqdan əziyyət çəkən ölkələrdir.
Lakin qeyd edilən oxşarlıqlara baxmayaraq, İspaniya və Azərbaycan arasında əməkdaşlığın səviyyəsi ölkələrimizin imkanlarına və potensialına uyğun gəlmir.
İspaniya Avropa İttifaqının aktiv üzvlərindən biri olaraq hüquqi, demokratik dövlət, vətəndaş cəmiyyəti ququculuğu sahəsində böyük təcrübəyə malikdir. Odur ki, Azərbaycan üçün ölkəmizdə demokratiyanın genişlənməsi və müvafiq institutların təsis olunması sahələrində İspaniyanın təcrübəsindən yararlanmaq əhəmiyyət kəsb edir.
Zənnimcə, Azərbaycanla İspaniya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var.
Müstəqillik dövründə Azərbaycan iqtisadi inkişaf sahəsində ciddi nailiyyətlər əldə edib, ölkəmizdə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar və işgüzar şərait yaradılıb, hazırda bu istiqamətdə müxtəlif dövlət proqramları həyata keçirilir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hesab edirəm ki, İspaniya iş adamlarının bu layihələrdə iştirakı hər iki tərəf üçün səmərəli ola bilər, həmçinin iki ölkənin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinə öz töhvəsini verə bilər.
Dağlıq Qarabağ regionu və 7 ətraf rayon da daxil olmaqla, 20% Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi və indiyədək həmin ərazilərin işğal altında saxlanılması müstəqillik dövründə Azərbaycanın qarşılaşdığı ən böyük problemdir. Odur ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması Azərbaycan xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir. Xüsusilə vurğulamaq istərdim ki, Dağlıq Qarabağ problemi münaqişə deyil, bu Ermənistanın Azərbaycana silahlı təcavüzüdür. O, Azərbaycana qarşı müharibə aparıb və Azərbaycan əraziləri işğal edilib. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir. Bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulub. Biz uzun müddət ərzində müharibə nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın miqdarını araşdırmışıq. Həmin araşdırmalar bu yaxınlarda ABŞ-da nəşr edilmiş kitabda öz əksini tapıb. Bu araşdırmalara əsasən müharibə nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın həcmi 2011-ci ilin əvvəllərinə qədər 431.5 (Dörd yüz otuz bir milyard beş yüz milyon) ABŞ dollarından artıqdır.
Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qətnamələr qəbul edilib. Bu sənədlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla, 20% ərazisinin işğal edilməsi faktları və bu problemin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi dəfələrlə vurğulanıb. Bu sənədlərdə, eyni zamanda, işğal altında olan ərazilərin nəzarətsiz zonaya çevrilməsi, işğal nəticəsində yerli əhalinin hüquqlarının kütləvi və kobud şəkildə pozulması, həmin ərazilərdə işğalçı dövlət tərəfindən etnik təmizləmə siyasətinin aparılması, etnik azərbaycanlıların məcburi köçkünlərə çevrilməsi faktları tanınıb, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının bərpa edilməsi tələb edilib.
Lakin beynəlxalq təşkilatların problemlə bağlı qəbul etdikləri qətnamələrin heç biri icra olunmur. Minsk qrupu 20 ildir fəaliyyətsizdir. Bir çox hallarda isə problemin həllinə, yüz minlərlə məcburi köçkün həyatı yaşayan insanların taleyinə, onların öz evlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin edilməsinə beynəlxalq qurumlarda bəzi siyasətçilər, deputatlar, rəsmi şəxslər tərəfindən açıq-aşkar biganəlik nümayiş etdirilir.
Əfsuslar olsun ki, belə misallar çoxdur. Onlardan bir neçəsini diqqətinizə çatdırmağı vacib hesab edirəm.
Bir neçə gün əvvəl Avropa Parlamentinin prezidenti cənab Martin Şults mənə ünvanladığı cavab məktubunda yazır : « Ümid edrəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaq». Göründüyü kimi, o, münaqişənin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atıb, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganəliyini bir daha təsdiq edib.
Başqa bir misal: AŞPA-nın münaqişəyə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməyə əsasən Dağlıq Qarabağ üzrə alt komitə yaradıldı. Ermənistan tərəfi alt komitənin işini boykot edirlər və faktiki olaraq 2006-cı ildən bu alt komitə fəaliyyət göstərmir. Bu dövr ərzində Ermənistan tərəfi alt komitənin fəaliyyətini boykot etməkdə davam edib. Bu o deməkdir ki, Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə məhəl qoymur, Avropa Şurası isə susur.
Belə hallar Azərbaycan ictimaiyyətində ciddi narahatcılıq doğurur, Ermənistanın Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq təşkilatların laqeydliyi, ikili standartlı yanaşması, ayrı-seçkiliyi açıq-aydın belə bir təəssüfedici təəssürat yaradır.
Hesab edirəm ki, Ispaniya Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına riayət edilməklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması istiqamətində daha aktiv mövqedən çıxış edə bilər. Ispaniya Senatı bu problemlə bağlı müvafiq qətnamə qəbul edərək, beynəlxalq təşkilatların sənədlərinin yerinə yetirilməsini tələb edə bilər.
Əziz dostlar,
Bir daha Sizə Dağlıq Qarabağın və işğal edilmiş ərazilərimizin acınacaqlı vəziyyətinə dair müzakirələr təşkil etdiyinizə görə Azərbaycan nümayəndə heyətinin, Azərbaycan parlamentinin, Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirirəm. Ümidvar olmaq istəyirik ki, İspaniya Senatında keçirilən bu dinləmələr Dağlıq Qarabağ və ətraf rayonların işğal edilməsi faktı ilə Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləyən obyektiv və ədalətli sənədin qəbul edilməsinə öz töhfəsini verəcək. Eyni zamanda inanıram ki, bizim İspaniyaya səfərimiz, apardığımız müzakirələr biri-birimizi daha yaxından tanımağa, ölkələrimiz və xalqlarımız arasında mövcud münasibətlərin inkişaf etdirilməsinə öz töhvəsini verəcək.
Bir daha Sizə minnətdarlığımı bildirirəm. Sağ olun.