Şamaxının millət vəkili Şamaxı veteranlarını təbrik etdi
7 may 2012-ci il
Şamaxının millət vəkili Elxan Süleymanov faşizm üzərində qələbənin 67-ci ildönümü ərəfəsində müharibə veteranları ilə görüş keçirib. Şamaxıdakı qərargahında baş tutan görüşdə çıxış edən Elxan Süleymanov İkinci Dünya müharibəsi illərində bütün azərbaycanlılar kimi şamaxılıların da minlərlə fədakarlıq nümunəsi göstərdiklərini xatırladıb, Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayıb. Millət vəkili müharibəyə yollanmış Şamaxı sakinlərinin yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu qeyd edib.
Görüşdə görkəmli şair, Söz Azadlığını Müdafiə Fondunun (SAMF) sədri Musa Yaqub, müharibə veteranı Hacı Ağayev, Şamaxı Əmək Veteranları Şurasının sədri Ağarza Bayramov, Şamaxı Ağsaqqallar Şurasının sədri Aydın Alcanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı şöbəsinin rəisi Nasir Qurbanov və gənc şair, SAMF-ın əməkdaşı Zaur Qəriboğlu çıxış edərək faşizm üzərində qazanılmış tarixi qələbənin əhəmiyyətindən, veteranlara göstərilən qayğının əhəmiyyətliliyindən danışıblar. Çıxışçılar Şamaxının millət vəkilinə İkinci Dünya müharibəsi veteranlarına göstərdiyi diqqətə görə təşəkkür ediblər.
Elxan Süleymanov veteranlara hədiyyələr və bayram sovqatı dəstləri təqdim edib.
Sonda yerli özfəaliyyət ansamblı musiqi proqramı ilə çıxış edib.