Şamaxıda üçüncü “Sabir bulağı” açılmışdır
11 iyul 2012-ci il
Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının Çarhan kəndində növbəti bulaq istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Qasım Qasımov Milli Məclisin deputatı Elxan Süleymanovun şamaxılı seçicilərinin problemlərinə daim qayğı ilə yanaşdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Çarhan artıq Milli Məclisin deputatının təşəbbüsü ilə su xətti çəkilən, bulaq tikdirilən üçüncü kənddir.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Elxan Süleymanov bu işlərin davamlı xarakter alacağını bildirmişdir. O, yaxın vaxtlarda Şamaxı rayonunun içməli suya ehtiyac duyulan daha 14 kəndində də bu tipli bulaqların inşa olunacağını və insanların həyat mənbəyindən istifadə edəcəklərini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, bulaqlara “Sabir bulağı” adının verilməsi də təsadüfi deyil. Şamaxı camaatının böyük söz ustadımız Sabir yaradıcılığına diqqət və sevgisi nəzərə alınaraq və bu il Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin tamam olması ilə əlaqədar olaraq bütün bulaqlara “Sabir bulağı” adının verilməsi qərara alınmışdır.
Mərasimdə rayon ziyalıları, kənd ağsaqqalları çıxış edərək, öz seçicilərinə daim diqqət və qayğı göstərdiyinə görə Elxan Süleymanova təşəkkürlərini bildirmişlər.
Bulağın açılışından sonra tədbir rayon mərkəzindən gələn aşıq-musiqi qrupunun şux mahnıları və Milli Məclisin deputatı Elxan Süleymanovun təsis etdiyi M.Ə.Sabir və S.Ə.Şirvani təqaüdçüləri adına layiq görülən məktəblilərin şeir nömrələri ilə davam etmişdir.