Şamaxıda dördüncü Sabir bulağı açılıb
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə rayonun Meysəri kəndinə çəkilən içməli su xəttinin açılış mərasimi baş tutub.
SalamNews-un məlumatına görə, bir müddət bundan əvvəl rayonun Adnalı və Çarhan kəndlərinə, eləcə də Şəhriyar qəsəbəsinə su xətləri çəkilib. Rayonun 17 kəndinə su xətti çəkilməsini seçicilərinə vəd etmiş Elxan Süleymanov artıq dördüncü kəndin su təchizatı məsələsini həll edib.
Layihə çərçivəsində 3 kilometrlik məsafədən kəndə su xətti çəkilib və burada bulaq kompleksi inşa edilib. Bulaq kompleksinə Azərbaycanın görkəmli şairi M. Ə. Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə “Sabir bulağı” adı verilib.
Açılış mərasimində Şamaxının millət vəkili ilə yanaşı Milli Məclisin üzvlərindən Qüdrət Həsənquliyev, Fazil Mustafa və Rayon İcra Hakimiyyəti başçısının müavini Qasım Qasımov çıxış ediblər. Mərasimdə iştirak edənlər bu hadisənin müstəsna əhəmiyyətini qeyd edib və millət vəkili Elxan Süleymanova bu xeyriyyəçilik fəaliyyətinə görə minnətdarlıqlarını bildiriblər.
Buradaca M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş İkinci bədii qiraət müsabiqəsinin qalibləri böyük satirikin şeirlərini səsləndiriblər.