Şamaxı repressiyaları ilə bağlı kitab nəşr olunub
Şamaxıda keçən əsrin 30-40-cı illərində rayonda həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib. “Azadinform” xəbər verir ki, kitabın müəllifləri Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanov, tədqiqatçı Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir.
Kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur.
Təqdimat mərasimində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edərək kitabın müəlliflərini təbrik edib.
Millət vəkili E.Süleymanov sovet hakimiyyətinin keçən əsrin 30-40-cı illərində Azərbaycanda həyata keçirdiyi qırğınları tariximizin ən qanlı səhifələrindən biri olduğunu deyib. Həmin dövrdə repressiyaların həyata keçirilməsində ermənilərin başlıca rol oynadıqlarını diqqətə çatdıran millət vəkili bütün bu faktların araşdırılmasını və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu vurğulayıb: “Düşmənimizi tanımaq üçün tariximizi daha dərindən bilməli, vətənpərvər olmalıyıq. Ermənilər bütün ölkələrdə Azərbaycana, türklərə qarşı çox ciddi təbliğat aparırlar. Lakin çox az adam bilir ki, atəşkəs elan olunduqdan sonra ermənilər təxminən 1250 nəfər azərbaycanlını qətlə yetiriblər. Dünya birliyi isə Azərbaycanda törədilən qırğınlara, repressiyalara, torpaqlarımızın işğal olunmasına susmaqla cavab verir. Ona görə də haqq səsimizin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalı, həmrəy olmalıyıq”.
Tədbirdə çıxış edən digər natiqlər də keçən əsrin 30-40-cı illərində sovet hakimiyyətinin Şamaxıda həyata keçirdiyi repressiyalar və qırğınlardan danışaraq, xalqımızın başına gətirilən müsibətlərin daha ciddi tədqiq edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.