“Şamaxı qırmızı terrorun hədəfində” kitabının təqdimatı keçirilib
Şamaxı şəhər mədəniyyət evində “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illərin repressiyaları)” kitabının təqdimatı keçirilib.
SalamNews xəbər verir ki, müəllifləri Elxan Süleymanov, Məhərrəm Zülfüqarlı, Dəyanət Musayev olan yeni əsərin təqdimatında ictimaiyyət nümayəndələri, rayon ziyalıları, bir qrup Azərbaycan KİV nümayəndəsi iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov çıxış edb.
Kitabın müəlliflərindən Məhərrəm Zülfüqarlı, siyasət üzrə fəlsəfə doktoru Ramiz Sevdimalıyev, repressiyaya məruz qalmış ailələrin üzvlərindən Aydın Alıcanov, Süleyman Zərbəliyev və başqaları Azərbaycanda, xüsusən də Şamaxıda Stalin siyasətinin ağır nəticələini xatırladıblar. Bildirilib ki, sovet hakimiyyətinin əlində oyuncaq vasitəçi olan ermənilər rayon əhalisini olmazın işgəncələrlə qətlə yetiriblər və bu terrorun anatomiyası təqdim olunan kitabda inkaredilməz faktlar fotolarla sübut edilir.
Azərbaycan və ingilis dillərində yazılmış “Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illərin repressiyaları)” kitabı 3 fəsildən ibarətdir.
“Şamaxının repressiya qurbanları” bölümündə zülmə və ya qətlə məruz qalmış yerli din alimlərinin və aydın düşüncəli insanların taleyi barədə məlumat verilib. Onların sırasında şüyxülislam Mirmöhsün Həkimzadə,Sultanməcid Əfəndiyev,Sultanməcid Qənizadə, Abbasmirzə Şərifzadə, Hacıbaba Nəzərli, Zivər Nəzərli, aşıq Mirzə Mikayılov və başqaları var.
Təqdimat mərasiminin sonunda kitabın çapının təşəbbüskarı və dəstək verəni deputat Elxan Süleymanov seçiciləri qarşısında çıxış edib, Şamaxı əhalisinin rifahı və problemləri istiqamətində götürdüyü öhdəliyin icrasından, Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində əlaçı şagird və tələbələrlə, Qəhrəman analarla təşkil edəcəyi görüşdən söz açıb.
Sonra deputatın təşəbbüsü ilə KİV mənsubları S.Ə.Şirvaninin məzarını ziyarət ediblər.