“Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib
Şamaxıda keçən əsrin 30-40-cı illərində həyata keçirilən repressiyalardan bəhs edən “Şamaxı qırmızı terrorun hədəfində: 1930-40-cı illər repressiyaları” kitabının təqdimatı keçirilib.
Gün.Az-ın məlumatına görə, kitabın müəllifləri Şamaxıdan olan millət vəkili Elxan Süleymanov, tanınmış ictimai xadim Məhərrəm Zülfüqarlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dəyanət Musayevdir.
Qeyd edək ki, kitabda keçən əsrin 30-40-cı illərində sovet hökumətinin Şamaxıda həyata keçirdiyi repressiyalardan, xüsusilə Təklə hadisəsindən və “Şamaxı prosesi”ndən ətraflı bəhs olunur.
Kitabın müəlliflərindən olan M.Zülfüqarlı bildirib ki, kitabın başlıca əhəmiyyəti ondan ibarətdir ki, arxiv materialları, real faktlar, repressiyaya məruz qalan insanların yaxın qohumlarının məlumatları əsasında hazırlanıb.
“Bəzi məlumatlara görə, 30-40-cı illərin repressiya dövründə Azərbaycanda 70-80 min ziyalı nümayəndəsi “xalq düşməni” elan edilərək məhv edilib. Şamaxı əhalisi isə daha böyük məhrumiyyətlərə və talanlara məruz qalıb. Əhalisi repressiyaya məruz qalan kəndlərdən biri də Təklə kəndi idi. Kəndin 70 nəfər günahsız sakini casusluqda və burjua-millətçilikdə ittiham olunaraq Bakıda tədbirdə iştirak etmək adı ilə aldadılaraq həbs edilir. Onlardan 60 nəfər məhkəmənin qərarı ilə edam olunur, 10 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilir. Bu cür hadisələr Azərbaycanın başqa rayonlarında da həyata keçirilib”.
Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Aydın Alcanov keçən əsrin 30-40-cı illərində Azərbaycanın heç bir rayonunda Şamaxıdakı kimi qırğının törədilmədiyini bildirərək babasının həmin illərdə ermənilər tərəfindən öldürüldüyünü, ailələrinin isə uzun müddət təqiblərə məruz qaldığını deyib.
A.Alcanov Azərbaycanda həyata keçirilən repressiyaların daha ciddi araşdırılmasını vacib hesab edərək, repressiya illərində əhalisinin böyük hissəsi məhv edilən Əngəxaran kəndinin girişində soyqırımı abidəsinin ucaldılmasını təklif edib.
Şamaxıdan olan millət vəkili E.Süleymanov sovet hakimiyyətinin keçən əsrin 30-40-cı illərində Azərbaycanda həyata keçirdiyi qırğınları tariximizin ən qanlı səhifələrindən biri olduğunu deyib. Həmin dövrdə repressiyaların həyata keçirilməsində ermənilərin başlıca rol oynadıqlarını diqqətə çatdıran millət vəkili bütün bu faktların araşdırılmasını və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu vurğulayıb:
“Düşmənimizi tanımaq üçün tariximizi daha dərindən bilməli, vətənpərvər olmalıyıq. Ermənilər bütün ölkələrdə Azərbaycana, türklərə qarşı çox ciddi təbliğat aparırlar. Lakin çox az adam bilir ki, atəşkəs elan olunduqdan sonra ermənilər təxminən 1250 nəfər azərbaycanlını qətlə yetiriblər. Dünya birliyi isə Azərbaycanda törədilən qırğınlara, repressiyalara, torpaqlarımızın işğal olunmasına susmaqla cavab verir. Ona görə də haqq səsimizin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalı, həmrəy olmalıyıq”.
Tədbirdə çıxış edən digər natiqlər də keçən əsrin 30-40-cı illərində sovet hakimiyyətinin Şamaxıda həyata keçirdiyi repressiyalar və qırğınlardan danışaraq, xalqımızın başına gətirilən müsibətlərin daha ciddi tədqiq edilməsinin və dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd ediblər.