“Şamaxı qırmızı terrorun hədəfində 1930-40-cı illər repressiyaları”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin Elmi Şurasının 23 noyabr 2012-ci il tarixli (3 saylı protokol) qərarı ilə çap olunmuş nəfis tərtibatlı fundamental kitab belə adlanır. Kitabın müəllifləri Şamaxıdan millət vəkili Elxan Süleymanov, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı və ADPU-nun müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevdir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti tarix fakültəsinin Elmi Şurasının 23 noyabr 2012-ci il tarixli (3 saylı protokol) qərarı ilə çap olunmuş nəfis tərtibatlı fundamental kitab belə adlanır. Kitabın müəllifləri Şamaxıdan millət vəkili Elxan Süleymanov, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı və ADPU-nun müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevdir.
Kitab keçən əsrin 30-40-cı illərində sovetlərin Azərbaycanın Şamaxı bölgəsində apardığı amansız repressiyanın ifşa edilməsi, kommunist diktaturasının cinayətkar əməllərinin aşkar edilməsi baxımından əhəmiyyətlidir. Məzmunca siyasi repressiyalar adı alan bu qanlı proses, əslində, bütövlükdə Azərbaycan cəmiyyətinə qarşı yönəlmiş, müxtəlif vəzifə və peşələrdə çalışan insanları əhatə etmiş və nəticədə kütləvi sürgünlər və güllələnmələr həyata keçirilmişdir. Doğrudur, həmin illərdə bütün İttifaq ərazisində repressiyalar həyata keçirilsə də, bu, Azərbaycanda, xüsusilə Şamaxı bölgəsində daha amansızlığı ilə seçilmişdi.
Əsər Milli Məclisin deputatı Elxan Süleymanovun yazdığı ön sözdən, “Təklə faciəsi” (I), “1937-ci ilin oktyabrında Şamaxıda keçirilmiş məhkəmə prosesi” (II) və “Şamaxının repressiya qurbanları” (III) adlı fəsillərdən ibarətdir.
I fəsildə Şamaxı rayonunun Təklə kəndində baş vermiş ağır repressiya hadisələri araşdırılmışdır. Burada 1937-ci ilin oktyabrında keçirilmiş məhkəmə prosesinə qədər Şamaxıda siyasətdən uzaq, kollektivləşmənin sərt, ağır sınaqlarından salamat çıxmış sadə vətəndaşlara, kəndlilərə qarşı da repressiyalar həyata keçirildiyi qeyd olunur. Hətta bir kənddə keçirilən “günahlandırma” olaylarından sonra 70 nəfər təkləli həbs edilmiş və Bakıya gətirilmişdir. Faktlar onların 60-nın güllələndiyini təsdiqləyir. Digər 10 nəfər isə SSRİ-nin ucqar həbs düşərgələrinə sürgün olunmuşdur.
II fəsildə 1937-ci ildə Şamaxıda keçirilmiş məhkəmə prosesindən söhbət açılır. Bildirilir ki, sovet hakimiyyətinə qarşı üsyan hazırlanmasında Şamaxı, İsmayıllı, Əli-Bayramlı (indiki Şirvan), Qonaqkənd və Cəlilabadda saxta ssenari əsasında insanlar kütləvi şəkildə cəzalandırılmış və çoxları “qırmızı terror”un qurbanı olmuşdur. Xalq düşməni elan olunan bu şəxslərə eyni ittihamlar irəli sürülürdü: əksinqlabçı-burjua-millətçi, üsyankar-terrorçu, “ziyankar təşkilatın” işində iştirakçı və müsavatçı. Fəsildə Şamaxı məhkəməsi zamanı ittiham olunan bir sıra vəzifəli şəxslərin və sadə vətəndaşların həbsi ilə bağlı qətimkan tədbirlərinin seçilməsi haqqında protokollardan çıxarılan qətnamələr, çıxarışlar, qərarlar, arayışlar, həbs olunmuş məhbusların anketləri, tərcümeyi-halları və məlumatlar öz əksini tapmışdır.
III fəsildə isə Şamaxının bir sıra repressiya qurbanları barədə dolğun məlumatlar təqdim olunmuşdur. Maraqlı cəhət ondadır ki, sovet imperiyasının Şamaxıda həyata keçirdiyi bu qanlı militarist siyasət görkəmli ziyalılardan tutmuş, din xadimlərinə, hətta bəzi bolşevik xadimlərinə qarşı da aparılmışdır.
Azərbaycanın tanınmış din xadimi Qafqazın şeyxülislamı Mirmöhsün Həkimzadə, vaxtılə 1903-cü ildə sosialist yönümlü “Hümmət” təşkilatının yaradıcılarından biri, 1917-ci il fevral-burjua inqlabından sonra Bakı Sovetinin üzvü olmuş Sultan Məcid Əfəndiyev, onun həyat yoldaşı, görkəmli ictimai-siyasi xadim Zivər Əfəndiyeva, ilk bolşeviklərdən olan Möhsün İsrafilbəyov, görkəmli ictiami-siyasi və elm xadimi Sultan Məcid Qənizadə, məşhur aktyor Abbas Mirzə Şərifzadə, Avropada təhsil almış və görkəmli elektrotexnika və energetika alimi kimi məşhurlaşmış Ağa Axundov, tanınmış cərrah Məmməd Xələfbəyov, xalq hakimi Məhərrəm Məhərrəmov, yazıçı, Azərbaycanda təhsil qurucularından hesab olunan Hacıbaba Nəzərli, aşıq sənətinin məşhur nümayəndələrindən olan Aşıq Bilal Mikayılov, cümhuriyyət dövrünün görkəmli maarif xadimlərindən olan Ağalar Mahmudbəyov və digərləri haqqında ətraflı məlumatlar verilmişdir.
Beləliklə, “Şamaxı qırmızı terrorun hədəfində” kitabı Azərbaycan tarixinin ən ziddiyyətli dövrlərindən biri olan XX əsrin 30-40-cı illərin repressiyaları mövzusunun tədqiqi baxımından əhəmiyyətli araşdırma hesab oluna bilər. Onu da qeyd edək ki, kitabın hazırlanmasında, zəngin faktoloji materiallardan və geniş ədəbiyyatdan istifadə edilmişdir. Kitabın Azərbaycan və ingilis dillərində nəşr olunması onun əsas özəlliklərindən biri hesab oluna bilər.