Vyanda beynəlxalq konfrans keçirilib

Avstriyanın paytaxtı Vyana şəhərində “İndustrie Magazin Verlag” jurnalının təşkilatçılığı ilə “Azərbaycanın geosiyasəti və Avropanın enerji təhlükəsizliyi” adlı Beynəlxalq Konfrans keçirilib. SİA-ya verilən məlumata görə, konfransın Moderatorları Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer və Azərbaycanın AvroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov olub. Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin  Azərbaycanın sənaye və energetika naziri  Natiq Əliyev, millət vəkilləri Qüdrət Həsənquliyev və Fazil Mustafa daxil olublar. Konfransın işində  İsrailin Avstriyadakı səfiri Aviv Şir-On, İtaliyanın keçmiş Ticarət və Sənaye Naziri və Farefuturo Fondunun prezidenti Adolfo Urso, deputatlar, səfirlər, elmi birlik və institutların əməkdaşları, tələbələr, bir sıra şirkətlərin nümayəndələri, aparıcı media mənsubları iştirak ediblər.

Konfrans iştirakçıları Azərbaycanın etibarlı neft-qaz təchizatçısı və qeyri-sabit region olan Cənubi Qafqazda Qərbin sabit müttəfiqi kimi rolu ilə bağlı fikir mübadiləsi edib, enerji daşıyıcıları, iqtisadiyyat, Avropa İttifaqı ilə əlaqələr, dini tolerantlıq və mədəniyyətlərarası dialoq mövzularında çıxışlar ediblər. Konfransda Azərbaycanın ən ağrılı məsələsi və regionda sabitliyə daim təhlükə olan Dağlıq Qarabağ problemi və onun yaratdığı fəsadlar barədə geniş müzakirələr aparılıb. Konfransin  əvvəlində „Industrie Magazin“ jurnalının redaktoru Florian Zangerl  çıxış edəcək natiqləri auditoriyaya  təqdim edib.

Konfransda çıxış edən Innsbruk Universitetinin professoru Gerhard Manqot Cənubi Qafqaz bölgəsində mövcud geosiyasi vəziyyət barədə geniş şərh verərək qeyd edib ki, bölgədə olan münaqişələr hec də dondurulmuş deyil  və istənilən məqamda qarşıdurmanın silahlı fazası bərpa edilə bilər: “Rusiya bölgədə baş verən  münaqişələrin arxasında dayanır və Ermənistanda onun 2 hərbi bazası mövcuddur ki, bu hərbi birləşmələr  bütün bölgədə olan vəziyyətə nəzarət etməyə imkan verir. İran öz növbəsində Rusiya ilə regionda müttəfiqdir və Azərbaycanda vəziyyətin gərgin saxlanılmasında maraqlıdır. Bundan əlavə ABS-da olan güclü erməni diasporu bu ölkənin regionda olan siyasətinə birbaşa təsir edir. AB-nin regionda elə bir təsiri yoxdur. Türkiyə isə yeganə dövlətdir ki, Azərbaycana siyasi dəstək verir. Bu şəraitdə Azərbaycan özünün güclü və müstəqil xarici siyasət yürüdən ölkə olmasını sübut edərək Avropa Birliyindən heç bir önəmli siyasi dəstək almadığı halda Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaqda israrlıdır”.

Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun nümayəndəsi Vasili Astrov daha cox Avropa Birliyinin enerji  təhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunub.  O qeyd edib ki, Avropa enerji təchizatında diversifikasiyanı təmin etməlidir.

İsrailin Avstriyadakı səfiri Aviv Şir-On Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrindən danışıb və hər iki ölkənin taleyinin və geosiyasi vəziyyətinin oxşarlığı barədə fikirlərini bölüşüb.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək Azərbaycanın neft ixracatının tarixindən, ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli rol oynamağa hazır olmasından danışıb. O, qeyd edib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon m3 təşkil edir və ölkəmiz ildə 12 mlrd m3 qaz ixracatı potensialına malikdir. N. Əliyev yeni perspektiv qaz yataqları və Azərbaycanın qonşu ölkələrin qazla təchizatına hazır olması barədə məlumat verərək bildirib ki, hazırda Gürcüstanın enerji təchizatının 90%-ni Azərbaycan verir. O, həmçinin AB ölkələri tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına investisiya qoyulmasında maraqlı olduğumuzu diqqətə çatdırıb.

Konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Elxan Süleymanov belə mötəbər tədbirin keçirilməsi münasibətilə konfrans iştirakçılarını təbrik edib. O, qeyd edib ki, siyasi baxımdan mürəkkəb və həssas coğrafi məkanda yerləşən Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında ticarət və kommersiya üçün kəsişmə nöqtəsi olub: “ 22 il əvvəl dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan  bazar iqtisadiyyatına əsaslanan sivil, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu, o cümlədən Avropaya inteqrasiyanı özünün daxili və xarici siyasətinin prioritet istiqamətləri elan edib. BMT-nin, ATƏT-in, Avropa Şurasının və digər Beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası, Avropa İttifaqı  və NATO ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qurub, Aİ-nin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və AvroNest Parlament Assambleyasının təsisçilərindən biri olaraq hazırda Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatı şaxələnib, neft və qaz sektorunun inkişafı ilə yanaşı, qeyri-enerji sektorlarının, o cümlədən informasiya və kommunikasiya Texnologiyaları, maliyyə xidmətləri, neft-kimya, nəqliyyat, tikinti, turizm və kənd-təsərrüfatının inkişafında ciddi irəliləyişlər əldə edilib”.

Konfransda çıxış edən İtaliyanın keçmiş Ticarət və sənaye naziri və Farefuturo Fondunun prezidenti cənab Adolfo Urso Dağlıq Qarabag probleminin yaddan çıxmış münaqişə olduğunu bildirib.  O, qeyd edib ki, beynəlxalq təşkilatların məlum qətnamələri icra edilmir, məsələnin həlli görünmür və Azərbaycanın qonşuları  ilə münasibətləri heç də asan deyil. Daha sonra o, İtaliyanın neft idxalından asılı olduğu barədə danışıb və neft idxalının diversifikasiyasının vacibliyini vurğulayaraq İtaliyanin kimya, maşınqayırma sənayesinin bu idxaldan birbaşa asılı olduğunu  bildirib. Sərsəng su anbarı barədə danışan cənab Adolfo Urso 1963-cü ildə İtaliyada oxşar bəndin uçması nəticəsində 2000 insanın ölümünün böyük faciə ilə nəticələnməsini diqqətə çatdırıb və bu cür hadisənin Azərbaycanda da hər an baş verə bilməsi təhlükəsi barədə narahatlığını ifadə edib.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Avropa Birliyini Azərbaycanın problemlərinə biganə qalmamağa çağırıb. O qeyd edib ki, AB ilə ölkəmizin əlaqələrinin güclənməsi bəzi qonşu dövlətləri qıcıqlandırır və bu əməkdaşlığa süni əngəllər yaradılır. Lakin buna baxmayaraq Azərbaycan müstəqil siyasət aparır və ciddi nailiyyətlər əldə edir.

 Millət vəkili Fazil Mustafa Azərbaycan və Türkiyənin Avropa Birliyinə ən yaxın müsəlman ölkələri olmasını qeyd edib. O, regionda olan münaqişələrin düşünülmüş və məqsədyönlü tarixi ssenarisi barədə fikirlərini bildirib və ölkəmizin problemlərini bir daha vurğulayıb.

 Tədbirə yekun vuran cənab Qusenbauer AB-Azərbaycan əlaqələrinin güclənməsi zərurətindən, Azərbaycanda qeyri-neft sektorunun inkişafından danışaraq media mənsublarını Sərsəng su anbarının hər an qəzaya uğraya bilməsi təhlükəsi və bu baş verərsə çoxlu sayda insan tələfatına səbəb olacağı barədə yazmağa çağırıb.

Qeyd edək ki, konfransın sonunda “Euronews” kanalının “Azərbaycan: Qafqaz mozaikası“ adlı reportajı təqdim edilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları