“Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı olmuşdur
Şamaxı, 30 iyul (AzərTAc). Şamaxıda Milli Məclisin deputatı Elxan Süleymanovun ideya və təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun və Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının dəstəyi ilə çəkilmiş “Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı olmuşdur.
Şamaxı, 30 iyul (AzərTAc). Şamaxıda Milli Məclisin deputatı Elxan Süleymanovun ideya və təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”nun və Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının dəstəyi ilə çəkilmiş “Tarixin yaddaşı: Şamaxı” sənədli filminin təqdimatı olmuşdur.
Erməni daşnaklarının 1918-ci ilin martında Şamaxıda törətdikləri soyqırımına həsr olunmuş sənədli filmin təqdimat mərasimində Milli Məclisinin deputatları Elxan Süleymanov, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Türkiyədən gəlmiş Avropa Qəzetəçiləri dərnəyinin başqanı Adnan Fişenk və başqaları çıxış edərək sənədli filmin ermənilərin törətdikləri soyqırımla əlaqədar tarixi həqiqətlərin üzə çıxarılması və geniş ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, mart soyqırımında erməni Stepan Şaumyanın və Lalayanın başçılıq etdikləri silahlı erməni dəstələri Şamaxı şəhərində və onun 58 kəndində Azərbaycan türklərinə qarşı kütləvi qətliamlar törətmiş, hələ o vaxt yaradılmış istintaq komissiyası tərəfindən yarımçıq qalmış araşdırmalara görə, 8047 nəfəri qətlə yetirmiş, 58 kəndi yandırmışlar. Lakın ötən əsrin 90-cı illərindən bəri aparılan tarixi araşdırmalar ermənilər tərəfindən törədilmiş soyqırımının daha dəhşətli nəticələrini üzə çıxarır. Şamaxıdakı Süleyman dərəsində, Əngəxaran kəndi yaxınlığındakı Qanlı dərədə aparılacaq arxeoloji qazıntılar, şahidlərin deməsinə görə, daha dəhşətli mənzərəni aşkar edəcəkdir.
Təqdimat mərasiminin iştirakçıları erməni yalanlarının ifşa edilməsində, onların zaman-zaman törətdikləri soyqırımı barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında belə sənədli filmlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.