“Tarixi Azərbaycan dövlətləri” kitabı təkrar nəşr olunacaq
24 aprel 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən ötən ayın sonlarında, AVRONEST Parlament Assambleyasının Bakı sessiyası ərəfəsində çap edilmiş “Tarixi Azərbaycan dövlətləri” kitabının yeni nəşri işıq üzü görəcək. Kitabın birinci nəşri Azərbaycan və ingilis, eləcə də AVRONEST Parlament Assambleyasının üzvü olan digər dövlətlərin dillərində (gürcü, moldavan, Ukrayna və erməni) nəşr olunub.
Kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev APA-ya bildirib ki, “Tarixi Azərbaycan dövlətləri” kitabının ideya və “Ön söz” müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdur: “Məhz onun təşəbbüsü ilə kitab 6 dildə işıq üzü gördü. Və uğur qazandı. Etiraf etməliyəm ki, tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələrin yer aldığı kitab oxucular tərəfindən çox yaxşı qarşılanıb. Buna görə kitabın yeni nəşrini çapa hazırlamaq qərarına gəldik. Yeni nəşr Azərbaycan və ingilis dillərində olacaq. “Tarixi Azərbaycan dövlətləri” kitabını yenidən çap etmək qərarını həm də erməni saytlarında bu kitabla bağlı misli-bərabəri görünməmiş əks-təbliğatla qarşılaşdığımızdan vermişik. Və Azərbaycan kütləvi informasiya vasitələrini böyük diqqətlə oxuyan Ermənistan oxucularını qondarma soyqırım günündə əmin etmək istəyirəm ki, bu kitabın xarıcdə də çox intensiv şəkildə yayılmasını təmin etmişik”.
Digər mənbələr: anspress.com milli.az