Tarixi Azərbaycan dövlətləri haqqında kitab
30 mart 2012-ci il
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Tarixi Azərbaycan dövlətləri” kitabı işıq üzü görüb. Avronest PA-nın aprelin 2-4-də Bakıda keçiriləcək sessiyası ərəfəsində işıq üzü görən bu kitab Azərbaycan və ingilis dillərində, eləcə də ölkəmizlə yanaşı, bu qurumun üzvü olan dövlətlərin dillərində – (erməni, gürcü, moldav və ukrayna) çap olunub.
Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilib. Kitab Azərbaycan tarixində ilk dövlət olan Manna haqqqında arayışla başlayır. Qədim Azərbaycan ərazisində mövcud olmuş Midiya, Skif şahlığı, Atropatena və Albaniya dövlətləri haqqında məlumatlar verilir. Kitabda, eyni zamanda 1000 illik tarixi olan Şirvanşahlar dövləti, orta əsrlərdə Azərbaycan ərazisində vahid dil və mədəniyyətin formalaşmasında və xalqımızın etnik təşəkkülündə mühüm rol oynayan Sacilər, Salarilər, Rəvvadilər və Şəddadilər dövlətləri haqqında arayışlar yer alır.
Daha sonra Azərbaycan dövlətlçilik tarixinin parlaq səhifələri olan, təkcə Azərbaycanın deyil, Mərkəzi Asiya və Yaxın Şərq regionun tarixində əhəmiyyətli yerə malik Atabəylər və Səfəvilər dövlətlərindən, həmçinin 15-ci əsr Azərbaycan tarixində iz qoyan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən bəhs edilir.
Azərbaycan tarixində mühüm yeri olan xanlıqlar dövrü də kitabda yer alan əsas bölmələrdəndir.