“Strasburqda demokratiya ölüb”

AŞPA-da hüquq və insan haqları komitəsinin üzvü Elxan Süleymanovun bir neçə gün bundan əvvəl Avropa Şurasının baş katibi Turbyern Yaqlanda, Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyona və AŞPA-nın üzvlərinə göndərdiyi məktub dünya mediasında maraqla qarşılanıb. Azərbaycan qanunvericisinin almaniyalı deputat Kristof Ştrasserin hazırladığı və 3 oktyabr 2012-ci ildə AŞPA-nın plenar sessiyasında qəbul edilmiş “Siyasi məhbusların müəyyənləşdirilməsi” adlı məruzə layihəsinin müzakirəsindən sonra baş verənlərlə bağlı narahatlığını ifadə edən məktubla bağlı yazı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər mətbu orqanlarının və informasiya agentliklərinin rəsmi saytlarında dərc olunub. 
Həmin yazını sizə olduğu kimi təqdim edirik: 

Azərbaycanlı deputat Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasına (AŞPA) ünvanladığı məktubunda alman məruzəçi Kristof Ştrasserin “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsinin təsdiqlənməsi zamanı baş vermiş yanlış hesablamalar, eləcə də şantaj və təhdidlərlə bağlı öz narahatlıqlarını ifadə edərək, “Strasburqda demokratiyanın öldüyünü” bildirir. Ötən həftə Assambleyanın plenar sessiyasında siyasi məhbusların müəyyənləşdirilməsindən bəhs edən həlledici bəndə dair səsvermə görünməmiş ən kiçik səs fərqi ilə, 89/89 səslə rədd edilmişdir. Avropa Konvensiyasına əsasən, tərifi yeniləmək üçün çoxluğun olması lazım idi.

Süleymanov Avropa Şurasının Baş Katibi cənab Turbyern Yaqlanda və AŞPA üzvlərinə ünvanlanmış məktubunda qeyd etmişdir ki, “siyasi məhbus meyarlarının qəbul edilməsi ilə bağlı ziddiyyət və parçalanmanı nəzərə alsaq, nəticə siyasi, mənəvi və əxlaqi baxımdan Avropa Şurasının tarixində bir ləkə kimi xatırlanacaqdır.”

O, demokratik debatı “susdurmaq” üçün “Azərbaycana qarşı lobbiçilik fəaliyyəti aparmaqla”, “öz bitərəflik öhdəliklərini pozduqlarına” görə məruzəçi, eləcə də sosialistlər və liberalların rəhbərlərini qınamışdır.

Məktubda daha sonra siyasi fraksiyaların iclaslarında “adbaad siyahılar hazırlamağa”, “üzvləri indikativ səsvermə ilə düzəlişlərə qarşı səs verməyə təhrik etməyə” və “onları qrupdan qovulmaqla hədələməyə” görə Sosialistlərin rəhbəri İsveçli deputat Andreas Qrossu tənqid etmişdir.

Süleymanovun dediyinə görə, Almaniyanın nümayəndə heyəti iqtisadi çətinliklər yaşayan bəzi ölkələrin nümayəndələrini həlledici maliyyə dəstəyini geri çəkəcəkləri ilə hədələməklə, Ştrasserin məruzəsinin lehinə səs verməyə “məcbur etmişdir”. Süleymanov deyir ki, səsvermə “siyasi şantaj və hətta şəxsi təhdidlərlə” müşayiət olunmuşdur.

Ötən həftə AŞPA-nın plenar sessiyasında müzakirə zamanı bir çox deputatlar 20 il əvvəl Cənubi Afrikada yerləşən Namibiyada vətəndaş müharibəsində tətbiq edilmiş “Nerqaard prinsipləri”nə əsaslanan siyasi məhbuslara dair Ştrasserin meyarlarını tənqid etmişdir. Digərləri İslam ekstremizmi və ya terrorçuluq fəaliyyətlərinə görə ittiham edilənləri “siyasi məhbuslar” kimi təsnif etmək, eləcə də Avropa İnsan Haqları Məhkəməsində həllini gözləyən məhkəmə işlərinə dair qabaqcadan qərar vermək risklərini vurğulayaraq, mənfi hüquqi və təsadüfi təcrübələr barədə xəbərdarlıq etmişlər.

Ştrasserin müzakirə zamanı “Məni düzgün başa düşün, düzəliş qəbul edilsə, yanvarda mənim Azərbaycana qarşı məruzəm qəbul edilməyəcək” bəyanatını qeyd edən məktubda göstərilmişdir ki, 47 üzv dövlətin hamısına tətbiq edilə biləcək siyasi məhbus meyarları barədə həqiqi debat səmərəli şəkildə nüfuzdan salınmışdır, belə ki, plenar sessiyada “sanki siyasi məhbusun hüquqi tərifin hazırlanması ilə bağlı planlaşdırılmış müzakirələr deyil, Azərbaycan əleyhinə yönəlmiş qərəzli və nifrət dolu düşmən mövqelərin nümayişi keçirilirdi”.

Süleymanov “Avropa ilə müxtəlif sahələrdə əməkdaşlığı özünün prioriteti hesab edən və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayan” müsəlman ölkəsinə qarşı ayrıseçkilik və ikili standartlarla bağlı qorxularını dilə gətirərək,  əlavə etmişdir ki, “onların yalnız öz haqqının müdafiəsində duran kiçik dünyəvi ölkəyə belə qəzəblənməsinin səbəbi mənim üçün sirr qalır.”

Assambleya sədri düzəlişlərə veto qoya biləcəyini elan etsə də – bəzi deputatlar bunu “siyasi baxımdan yanlış” təcrübə kimi şərh etdilər – məruzəyə edilmiş iki düzəliş plenar debata sadəcə bir saat qalmış Hüquq Məsələləri Komitəsi tərəfindən qəbul edilmişdir. İlk düzəliş təsdiq etmişdir ki, Assambleya indiyə qədər siyasi məhbuslara dair meyarlar qəbul etməmişdir və ikinci düzəliş dəqiqliklə Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulduğu kimi, əsas hüquqlar və azadlıqların pozulmasının fərdi hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna istinad etməklə, köhnəlmiş Nerqaard meyarlarını əvəz etmişdir.

Həddindən artıq nadir haldır ki, Komitədə qəbul edilmiş düzəliş sonra plenar iclasda rədd edilmişdir. Bəzi nümayəndələr bunu Komitə və plenar iclaslar arasındakı qısa vaxtda aparılmış güclü alman kampaniyası ilə izah etmişlər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları