“Sərsəngə Yürüş” təşkil olunacaq

Bildiyiniz kimi Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal olunmuş, 1 milyona yaxın soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Sərsəng su anbarının işğal olunması nəticəsində Dağlıq Qarabağ və ona bitişik  ətraf rayonlar ekoloji təhlükə qarşısında qalmışdır. Ərazi 20 ildən artıqdır ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğundan cəbhəyanı rayonlarda yaşayan əhali Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib. Həmçinin  sözügedən su anbarına, onun qurğularına və bəndinə texniki xidmət göstərilmədiyi üçün anbar qəzalı vəziyyətə düşmüşdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilər ilə yanaşı qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və digər hüquqlarının pozulmasına, habelə, regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər.

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondu və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu öz doğma yurd-yuvalarından didərgin düşmüş, əsir, itkin və şəhid olmuş minlərlə vətəndaşımızın pozulmuş hüquqlarının müdafiəsi məqsədilə 10 dekabr 2014-cü il tarixində jurnalistlərin və Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə “Sərsəngə Yürüş” adı altında Sərsəng su anbarının işğalından ən çox əziyyət çəkən Tərtər rayonuna və onun bir sıra kəndlərinə səfər etməyi planlaşdırır. Səfərin əsas məqsədi su anbarının dağılması nəticəsində baş verə biləcək humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə diplomatik korpusu və ictimaiyyəti məlumatlandırmaq və diqqəti problemin aktuallığına yönəltməkdən ibarətdir. Yürüş zamanı iştirakçıların rayon rəhbərliyi ilə görüşü də nəzərdə tutulmuşdur.
Onu da qeyd edək ki, diplomatik nümayəndəliklərin təmsilçiləri və jurnalistlər üçün avtobuslar (VIP) ayrılacaq. Avtobuslar 10 dekabr 2014-cü il tarixdə saat 06: 00-da Akademik Həsən Əliyev küçəsi 96 ünvanında yerləşən “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun ofisinin qarşısından hərəkət edəcəklər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları