Sərsəng su anbarının vəziyyəti ilə bağlı layihə AŞPA-da müzakirəyə çıxarılacaq
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihənin icrasına başlayıb.
SalamNews-un xəbərinə görə, AVCİYA prezidenti, deputat Elxan Süleymanov bildirib ki, həyata keçirilmə müddəti 18 ay olan layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan və s. ibarətdir.
O deyib ki, indiyədək iki dəfə Azərbaycan torpaqlarının işğalı ilə bağlı prosedur qaydalarına uyğun olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları tərəfindən sənəd layihəsi təqdim edilsə də, təssüf ki, büro bu sənədin müzakirələrə çıxarılmasının qarşısını alıb. Problemin ciddiliyini nəzərə alaraq, iyun ayının 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə Sərsəng su anbarına dair yeni bir sənəd layihəsi təqdim edildi. Ümidvarıq ki, büronun növbəti iclasında bu sənəd layihəsi əvvəlki layihələrin taleyini yaşamayacaq və büro üzvləri bununla da Avropa Şurası məkanında yeni mümkün olunan faciəyə biganə qalmadıqlarını nümayiş etdirəcəklər.
Xatırladaq ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlüyündə bəndə və 560 mln.m3 su tutumuna malikdir. Anbar 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və bunun nəticəsində həmin cəbhəyanı rayonlar Sərsəng su anbarından istifadə etmək imkanlarından məhrum edilib.