Sloveniya parlamentinin komitə sədri: “Dağlıq Qarabağ münaqişəsi istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər”
Komitə sədri xanım Janja Klasinc Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra bəyanatla çıxış edib
Sloveniya parlamentinin xarici əlaqələr komitəsinin sədri xanım Janja Klasinc Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra bəyanatla çıxış edib. APA-nın məlumatına görə, xanım Klasinc bildirib ki, parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri Dağlıq Qarabağ problemini müzakirə edib, sürətli və səmərəli dinc siyasi həll yolunun zəruriliyini, xarici hərbi hissələrin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını və artıq BMT Baş Assambleyasının 14 may 2008-ci il tarixli 86-cı plenar sessiyasında qəbul edilmiş qətnaməsində bildirildiyi və BMT, Aİ, Avropa Şurasının bir sıra digər qətnamələri və sənədləri, eləcə də digər beynəlxalq təşkilatların sənədlərində təkrar edildiyi kimi, Azərbaycanın tam suverenliyinin beynəlxalq tanınmış sərhədləri çərçivəsində real bərpasını vurğulayıblar.
“Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycan Respublikası Parlamentinin nümayəndə heyətinin üzvləri Sloveniya Parlamentinin deputatlarına Dağlıq Qarabağdakı vəziyyət barədə məlumat verdilər. Bu məlumat həmin ərazilərdə 1992-1994-cü illərdə Ermənistanla Azərbaycan arasında gedən müharibə nəticəsində 20.000 insanın həlak olması və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonun bir neçə yüz min əhalisinin zorla öz torpaqlarından çıxarılması faktlarını əhatə edib.
20 illik diplomatik fəaliyyət və müxtəlif vasitəçiliklər bu vaxta qədər hər hansı bir nəticə verməyib. Dağlıq Qarabağ problemi açıq olaraq qalır və bununla bərabər “dondurulmuş münaqişə” istənilən vaxt təhlükəli miqyasda böhrana çevrilə bilər.
Aydındır ki, status-kvo problemin həllinə töhfə vermir, gözlənilməzdir, vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər və problemin dinc və konstruktiv həllinə, o cümlədən bütövlükdə strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bu regionun sabitliyinə və Avropa Birliyinin münaqişəyə cəlb olunmuş mühüm tərəfdaşları olan bu iki ölkənin inkişafına maneə yaradır”