SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) II
II
BEYNƏLXALQ KONFRANSDA DİNLƏDİKLƏRİMİZ
VƏ DEDİKLƏRİMİZ
İki günlük Beynəlxalq Nəsimi forumu Hələb Mədəniyyət idarəsinin akt salonunda öz işinə başladı. Bu qurumun rəhbəri prof. Məhəmməd Qəttan, valinin mədəniyyət məsələləri üzrə müşaviriMəhəmməd Kaccah, səfir Mahir Əliyev tədbirin iştirakçılarını salamladılar, konfransın işinə uğurlar arzuladılar. Birinci məruzə üçün söz bu sətirlərin müəllifinə verildi. «Azərbaycan şeirinin Nəsimi möcüzəsi» mövzusunda məruzəmə belə başladım:
– Biz, Azərbaycan mədəniyyətinin və elminin təmsilçiləri, uzun illər boyu həsrəti çəkilən bir vüsala çatdığımız üçün bu gün çox xoşbəxtik. Öz təkrarsız əsərləri ilə milli mənəviyyatımızın ayrılmaz bir parçası olan dahi şair Seyid Əli İmadəddin Nəsiminin uyuduğu şəhərə gəlib onun nəsil və oxucu şəcərəsinin şanlı davamçıları olan sizlərlə görüşmək imkanı əldə etdiyimiz üçün dost Suriya dövlətinə, Dəməşqdən sonra ölkənin ən böyük inzibatı, iqtisadi və mədəniyyət mərkəzi olan Hələbin valiliyinə və Nəsimi aramgahının qoruyucularma ürəkdən minnətdarıq!
Sonra dedim ki, 1369-cu ildə Bakının 115 kilometrliyindəki qədim Şamaxı şəhərində doğulmuş Nəsimi, burada sadə zəhmət adamları, sənətkar və ziyalılar mühitində yetişmiş, xalq həyatını dərindən öyrənmiş, Şirvanda geniş yayılan müdrik el deyimlərinə, Azərbaycan folkloru nümunələrinə ömürlük bağlanmışdı. Əsərləri sübut edir ki, o zamanın görkəmli müdərrislərindən öz doğma ana dilində, eləcə də ərəb və fars dillərində mükəmməl təhsil alan istedadlı gənc bu üç dildə əlinə keçən bütün klassik ədəbi və elmi irsi oxuyub öyrənmiş, özəlliklə də Qurani-Kərimi və peyğəmbər hədislərini dərindən mənimsəmişdi. Allahın güclü poetik istedad əta etdiyi Nəsimi o vaxt dəbdə olan saray ədəbiyyatından fərqli mövzularda, həm də yeni tərzdə şeirlər yazırdı. O öz əsərlərində ilk növbədə humanizmi, nəcib əməlləri, insanlar arasındakı saf məhəbbəti, təmənnasız dostluğu, mənəvi ucalığı, sədaqəti, təbiətin sonsuz gözəlliklərini və gözəlləri yorulmaq bilmədən tərənnüm edir, zülm və əsarəti, ədalətsizliyi, fanatizmi, nadanlığı, acgözlüyü, paxıllığı, riyakarlığı kəskin surətdə qamçılayırdı.
Nəsimi Orta əsrlərdə Yaxın Şərq ölkələrində geniş yayılmış hürufilik təriqətinə mənsub bir təfəkkür sahibi idi. Araşdırıcılar müəyyən etmişlər ki, hürufilik vaxtilə mütərəqqi bir hadisə olmuşdur. Bu cərəyanın əsasını öz dövrünə görə yeni olan insan konsepsiyası təşkil edirdi. Hürufiliyin konkret həyati mənası onda idi ki, bu cərəyan fəal, potensial bir qüvvə kimi yüksək qiymətləndirdiyi insanın qarşısmda özünü dərk etmək kimi böyük bir məqsəd qoyurdu. Özünü dərk etmək üçün isə insan hər şeydən əvvəl cəmiyyətdə öhdəsinə düşən əsas vəzifəni anlayıb dərk etməli, müharibələrin, ictimai ədalələtsizliyin, fanatizmin pozduğu gedişatı yoluna qoymaq üçün çalışmalı idi. İnsan üzünün cizgilərində hərfləri, rəmzləri oxumaq, bunları səxavətlə təsvir və tərənnüm etmək isə məsələnin zahiri əlaməti idi.
Öz əqidəsində sarsılmaz olan Nəsimi ürəkdən tapındığı fikir və qənaətlərini təbliğ etmək üçün bir çox digər məsləkdaşlarından fərqli olaraq güclü şair qələminə malik idi. O öz yaradıcılığmı dövrün vacib məsələləri ilə, xalq azadlığı, insan səadəti, din, təriqət, sufizm, irfan ətrafında mövcud olan problemlərlə möhkəm bağlaya bilirdi.
Ey özündən bixəbər qafil, oyan!
Haqqa gəl kim, haqq deyil batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qü hasil, oyan!
Beləliklə də, şair həmvətənlərini, başqa ölkələrdəki müasirlərini gözüaçıq olmağa, dövrü-aləmin, həyatın, elm və mərifətin sirlərini öyrənməyə çağırır, özünə mürşid seçdiyi şair-filosof Fəzlullah Nəimini hərarətlə təbliğ edirdi. O da, mürşidi də insanı qəvilər (zorlular) qapısında boynu bükük görmək istəmirdi, hamını məhz dünyanın əşrəfı kimi yaradılmış insana layiq səviyyədə yaşamağa dəvət edirdi.
Ey xəstə könül, dərdinə dərman tələb eylə,
Gər can dilər isən, yeri, canan tələb eylə.
…Ey bülbüli-qüdsi, nəgiriftari-qəfəssən?
Sındır qəfəsi, tazə gülüstan tələb eylə!
Bir neçə beytdən ibarət olan kiçik şeirlərdə bu cür çox əhəmiyyətli mətləbləri əhatə və əks etdirmək, əlbəttə, çətindir. Bəli, meydan kiçikdir. Lakin əsl istedad sahibi belə kiçik meydanda da özünün söz atını ustalıqla cövlan etdirir və məqsədinə nail olur. Təkcə müasirləri deyil, bəzi sələfləri də Nəsimi sənətindəki bu qüdrətə yüksələ bilməmişdilər.
Orta əsrlərdə Yaxm Şərqdə böyük Azərbaycan şairlərinin yaradıcılıq rəşadətini parlaq surətdə nümayiş etdirmələri üçün bir növ sınaq meydanı sayılan fars, ərəb və türk dillərini Nəsimi yaxşıca bilmiş, öz sənətkarlıq vərdişlərini cilalamış, yaradıcılıq imkanlarını vüsətləndirmişdi. Məhz bu zəmində o, özünün Allah vergisi olan çox nadir istedadına güvənərək ustad bir şair kimi təkcə Azərbaycan şeirinə deyil, bütün türkdilli xalqların poetik yaradıcılığına yeni bir istiqamət vermişdi. Xüsusən qəzələ böyük şair tamamilə təzə ictimai, fəlsəfi məzmun aşılamış, ümumiyyətlə poeziyanın üzünü həyatın mürəkkəbliklərinə, ictimai varlığın ziddiyyətlərinə yönəltmişdi.
XX yüzil Azərbaycan şairlərinin ölməz öncülü Seyid Məhəmmədhüseyn Şəhriyarın belə bir məşhur beyti var:
Türki bir çeşmə isə mən onu dərya elədim,
Bir soyuq mərəkəni məhşəri-kübra elədim.
Şəhriyar bu haqlı sözbri deyərkən yaşadığı İranda şah rejimi tərəfindən sıxışdırılan türkini, yəni Azərbaycan dilini nəzərdə tuturdu. Əlbəttə, Şəhriyar bilməmiş deyildi ki, türkcəyə, Azərbaycan dilinə ilk dəfə məhz Nəsimi böyük sənət vüsəti gətirmişdir, ana dilində 12 min misralıq çox qiymətli bir divan yaradıb nəsillərimizə ərməğan etmişdir. Qəzəlləri üçün əruz vəzninin zənginliklərindən, özəlliklə onun bəhrlərinin əlvanlığından yaradıcılıq yolu ilə istifadə edən Nəsimi bu ölçülər daxilində Azərbaycan dilinin imkanlarından, xalq danışıq dilinin axar-baxarından, növ-növ müraciətlərdən, sual və nidalarla növbələnən ahəng çalarlarından, daxili qafiyələrdən, dilin digər vokal imkanlarından yüksək səviyyədə faydalanaraq öz orijinal poetik üslubunu yaratmışdır. Nəsimi irsinin Azərbaycanda ilk peşəkar araşdırıcılarından olan prof. Mirzağa Quluzadə şairin bu üslubda yazdığı əsərlərin yönünü «təranə janrı» kimi təsbit etmişdir.
Nəsimi özünün şəhdi-şəkəri xalq dilinin zəngin şırnaqlarından gələn əsərləri, xüsusən də valehedici qəzəlləri ilə Azərbaycan şeir dilinə ilk dəfə kamil ədəbi dil əyarı vurmuş, onun öz zamanı üçün ən yüksək nümunələrini yaratmışdır. İzzəddin Həsənoğlunun bir neçə çox maraqlı şeirinin, Qazi Bürhanəddinin sanballı Divanının məna və əhəmiyyətini əsla azaltmadan deməyə hər cür əsasımız var ki, Nəsimi Divanı ana dilli poeziyamızm ən yüksək tələblərə cavab verən parlaq abidəsidir. Çox yaxşıdır ki, bu əsərlər öz təravətini bu gün də qoruyub-saxlayır. Dilimizdə poetik ənənənin hələ yüksək səviyyədə tam təşəkkül tapmadığı, Azərbaycan dilinin fonetik özəllikləri ilə ərəb əruzunun əsrlərlə oturuşub daşlaşmış qəlibləri arasındakı müəyyən uyğunsuzluqların, bəzi ziddiyyətlərin mövcud olduğu bir vaxtda ana dilində belə yüksək keyfiyyətli şeirlər yaratmaq əsil ədəbi qəhrəmanlıq idi. Nəsimi şifahi xalq sənətindən, əfsanə və rəvayətlərdən, Quran qissələrindən, digər müdrik deyimlərdən böyük ustadlara xas olan incəliklə barınmağın klassik nümunələrini yaratmışdı. Məhz Nəsiminin tarixi xidmətləri sayəsində Azərbaycan dili ərəb və fars dilləri ilə yanaşı Yaxın Şərqin ən geniş yayılan poeziya dillərindən biri səviyyəsinə qalxmışdı ki, az sonra dahi şairimiz Məhəmməd Füzuli məhz bu dildə bənzərsiz sənət rəşadətləri nümayiş etdirmişdir.
Buradaca şairin bir qəzəlini olduğu kimi oxumağa daxili bir ehtiyac duyuram:
Yanaram eşqindən, axər gözlərimdən yaşlər,
Firqətin dərdi çıxardı ürəyimdən başlər.
Müddəi tən edübən başımə qaxar eşqini,
Sınığa lazım deyildir bunca atmaq daşlər.
Qəmdən incəldi vücudum, oldu yengi ay kimi,
Gözlərimə tuş olalı şol hilali qaşlər.
Zülfünə dolaşdı könlüm, bilmədi aşüftə kim,
Zülfün ucundan nə çox-çox yelə vardı başlər.
Şöylə yanır cigərimdə ey sənəm, eşqin odu
Kim, tutuşmuş şöləsindən həm quru, həm yaşlər.
Taqətim taq oldu vallah, keçdi ömrüm ah ilə,
Dərdimə dərman bulunmaz, neyləyim, yoldaşlər?
Olmuşam dərdi-fəraqından zəif ol həddə kim,
Gətirəmməzlər xəyalə nəqşimi nəqqaşlər.
Öldü eşqindən Nəsimi, üştə dünyadən gedər,
Sən murad ilə cahanda sür, şəhim, çox yaşlər!
Bu təkrarsız qəzəlin hər beytinin sonunda əlvan fişənglər kimi açılan, xoş ətir kimi gözəgörünməz xırda tozcuqlara dönüb dörd bir yana saçılan bu müqəyyəd qafiyələr xoş avazlı, oynaq və ahəngdar, şirin Azərbaycan dilinin Nəsimi şeirində çox parlaq təntənəsidir! Bir maraqlı məqam da odur ki, həmin qafiyələrin kökündə durub onların mahiyyətini təşkil edən baş, yaş, qaş, daş, aş kimi sözlər ərəb və fars dillərinin o zamankı ədəbi dilimizə çox fəal təsirinə baxmayaraq, heç bir assimilyasiyaya məruz qalmayan əsil qədim, fundamental türk kəlmələridir ki, bu gün də dilimizdə yüzdə yüz dərəcəsində gen-bol işlənir. Yeri gəlmişkən: şəriklik çalarını əks etdirən qardaş, yoldaş, addaş, soydaş kimi ümumi isimlərin özləri də Azərbaycan dilinin nadir leksik və vokal imkanlarından xəbər verməkdədir. Elə buradaca məmnuniyyətlə nəzərinizə çatdırıram ki, ədəbi dilimizin inkişafında şairin şəksiz xidmətlərdə nəzərə almaraq AMEA-nın qocaman elm ocaqlarından olan Dilçilik İnstitutu məhz İmadəddin Nəsiminin şərəfli adını daşıyır.
***
Nəsiminin qəzəlləri intəhasız bədii zövq mənbəyi olmaqla yanaşı, həm də öz dövrünün çoxsahəli, dolğun biliklərini özündə əks etdirən qiymətli məlumatlar toplusudur. Məsələn, mən elə bilirəm ki, şairin
Həsrət yaşı hər ləhzə qılur bəzmimizi saz,
Bu pərdədə bir yar bizə olmadı dəmsaz.
mətləli qəzəli Azərbaycan və bütövlükdə Yaxın Şərq musiqisinin, özəlliklə muğamların tarixini tədqiq edən alimlər üçün çox qiymətli material verir. Bu qəzəldə klassik muğamlar incələnir, onların gözəlliyi, təsir gücü vəsf olunur. Həmin qəzəli Suriya səfərimiz ərəfəsində bir də oxuyanda fərqinə vardım ki, 2007-ci ildə Bakıda keçirilən Beynəlxalq muğam festivalında Nəsiminin bu qəzəlində tərənnüm edilən muğamlarm və muğam guşələrinin hamısı dönə-dönə canlandı, xalqımızın bülbül təranəli gənc, hətta yeniyetmə oğul və qızları müsabiqənin şərtlərinə uyğun olaraq onları böyük zövq və məharətlə oxudular. Peyk televiziyasının imkanlarından yararlanan tamaşaçılar dünyanın bütün qitələrində bunları gördülər, dinlədilər. Onlar bir daha yəqinlik hasil etdilər və böyük şairimizin didərgin ruhuna da əyan oldu ki, onun vətəndəki varisləri xalqımızın hansı yaşan mənəvi qaynaqlarından necə uğurla faydalanır və neçə yüz il öncə öz qəzəlində səsləndirdiyi muğamları və muğam ifaçılığı sənətini necə inkişaf etdirib zənginləşdirirlər! Biz fəxr edirik ki, Nəsiminin həmin qəzəlində adı çəkilib boy göstərən Rast, Çargah, Şahnaz, Üşşaq, Hicaz, Segah, Hisar, Müxalif və digər muğamların ifası zamam Azərbaycan sənətçilərinin nümayiş etdirdikləri vokal möcüzələri, təkrarsız təranələr, ürək oxşayan zəngulələr, gəzişmələr, bülbülanə cəh-cəhlər bütün muğam aləminin yeni təntə-nəsinə çevrildi.
***
Bir məruzədə ədəbiyyatın Nəsimi möcüzəsini bütün yönləri ilə təhlil etmək, əlbəttə, mümkün deyil. Odur ki, mən ulu sənətkarın şeir ecazlarından bəzi nümunələri ancaq yada salmaqla kifayətlənəcəm. Bu fikirdəyəm ki, Nəsiminin çox fərqli münasibətlərlə, ən müxtəlif psixoloji durumlarda qələmə aldığı, şairin əhval-ruhiyyəsinin, ovqatının ən incə çalarlarını əks etdirən, hərəsi də özlüyündə tam, bitkin poetik fiqur olan bu nümunələrin hər biri özü haqqında hər şeyi deyir. Onları dinləyib fikir və duyğularımızla Nəsimi dünyasına, Nəsimi aurasına dalmaq, bir neçə dəqiqəliyə hər şeylə əlaqəni kəsib ancaq şairin təravətli obrazlar, poetik kəşflər, incə ahənglər aləmi ilə yaşamaq lazımdır:
Nagəhan bostanə girdim sübhdəm,
Lalənin əlində gördüm cami-Cəm.
Süsən, eşitdim ki, aydır dəm-bədəm:
Dəm bu dəmdir, dəm bu dəmdir, dəm bu dəm!
***
Sehr oxunu daim atar kiprigin,
Aşiqin canına batar kiprigin,
Ləşkəri-yəğmaçı tatar kiprigin,
Aləmi bir hiçə satar kiprigin.
***
Üzünü məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil…
… Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Gözləri məstanə, qan etmək dilərsən, etməgil!
Qoymuşam eşqində mən kövnü-məkanın varını,
Can nədir ki, qəsdi-can etmək dilərsən, etməgil!
***
Cananı mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
…Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq…
Sübut etməyə ehtiyac varmı ki, bu gün Azərbaycanda və Türkiyədə, yaxud dilimizin anlaşıldığı Özbəkistanda, Türkmənistanda, Qaqauzda, Uy-ğurustanda, Kiprdə, Kərkükdə, Hələbdə… yaşadığından asılı olmayaraq, şeirsevənlərin bu əsərləri oxuyub, dinləyib zövq alması və sevib əzizləməsi üçün heç bir lüğət, qamus, qılavuz, soraq kitabı, mütərcim və məsləhətçiyə ehtiyacı yoxdur.
***
Böyük sənətkarlar, bir qayda olaraq, öz sələfi və müasiri olan görkəmli şairlərin yaradıcılığını yaxşı bilirlər. Ümumiyyətlə, şair təbiəti belədir ki, oxuduğu əsərlərdə rast gələn çox orijinal, gözəl bir deyim, poetik kəşf, yeni ifadə tərzi onun zehnində ilişib qalır, özünün təzə fikir və qənaətlərinin ifadəsi üçün gözləmədiyi halda bir təkan, impuls olur; bəzən dərhal, bəzən də üstündən xeyli vaxt keçdikdən sonra onu yeni biçimdə öz orijinal sözünü deməyə ruhlandırır. Nəsimi irsinə dahi Füzulinin məhz bu cür yaradıcı münasibətinin nəticəsi olan nümunələr hər iki sənətkarın böyüklüyündən, incə zövqündən xəbər verdiyi üçün çox əhəmiyyətlidir. Bu baxımdan maraqlıdır ki, Füzuli kimi Həbibi, Xətai, Vaqif, Məhdimqulu, Natəvan Qarabaği və digər məşhur şairlər və onların bir sıra davamçıları da zaman-zaman Nəsimi şeirinin nəcib təsirini duymuş, onun qədirşünas xiridarı olmuşlar. Bir-iki nümunəni yada salmaqla kifayətlənirəm:
Mənim nəm var bu təndə, cananındır
Ki, canə kim qıyar, canan onundur. (İ.Nəsimi)
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər. (M.Füzuli)
Eşqində Nəsimi çü qılar canını qurban,
Qurbanına qurban olayım, canım əfəndi! (İ.Nəsimi)
Dün demişsən ki, Füzuli mənə qurban olsun;
Sənə qurban olayım, yenə nə ehsandır bu?! (M.FüzuIi)
Şərh əgər etsəm cəmalın dəftərindən bir vərəq,
Hər sözüm min fəsl olur, hər fəsl yüz min bablar.
(İ.Nəsimi)
Kuhkən künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb salmışam min dağı bir dırnağilən. (M.Füzuli)
Göründüyü kimi, həm bu möcüzələri ilkin yaratmış Nəsiminin qəzəl-lərindən, həm də onun böyük müaqibi Füzulinin divanmdan gətirdiyimiz bənzərsiz beytlərin hamısı yüksək fikir və şeiriyyət nümunələri kimi Azərbaycan poeziyasmm həmişəyaşar xəzinəsinin parlaq inciləridir.
***
1417-ci ildə Nəsiminin mühakiməsi zamanı Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında ona ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi, sizin həmyerliniz Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi «Künuzüz-zəhəb, tarixi-Hələb» adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi bu zaman kəlmeyi-şəhadət gətirmişdir. Hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışlar. Buna baxmayaraq, Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunmuşdur.
Dərisinin soyulması kimi ən ədalətsiz hökm çıxaran bədnam hakimi sanki vaxtilə irəlicədən görən Nəsimi bəşər adına ləkə olan bu cür tiranları böyük cəsarətlə rüsvay etmişdi:
Ey qılan dəva ki, şahəm, ədlü-insafın hanı?
Çün səfa əhlindən oldun, məşrəbi-safın hanı?
Əqidəsi uğrunda mübarizədə son nəfəsinə qədər öz amalına sadiq qalan, bu yolda ölümün gözünə dik baxıb edamını da mərdanəliklə qarşılayan böyük təfəkkür və sarsılmaz iradə sahiblərinin şərəfli adlarını tarix öz pozulmaz səhifələrinə qızıl xətlə yazıb unudulmağa qoymur.
Öz məşum, faciəli taleyi ilə Nəsimi bəşər tarixində nə birinci idi, nə də sonuncu. Ərəb fəlsəfi fıkrinin görkəmli nümayəndəsi, sufi mütəfəkkir Həllac Mənsur cəmiyyətdəki münasibətlər, insanın əxlaq və mənəviyyatı haqqında öz şəxsi qənaətlərinə axıradək sadiq qaldığı üçün hələ 918-ci ildə Bağdadda dar ağacından asılmışdı. Böyük çex sənətşünas alimi, Praqa Universitetinin rektoru Yan Qus öz islahatçı fikirlərindən dönmədiyi üçün 1415-ci ildə diri-diri tonqalda yandırılmışdı. İtalyan filosofu, şair Cordano Bruno kainatın quruluşu haqqında obyektiv elmi qənaətlərindən imtina etmədiyi üçün 1600-cü ildə diri-diri tonqalda yandırılmışdı. Məşhur ispan şairi və dramaturqu Qarsiya Lorka öz mübariz azadxah fikir və əməllərilə faşistlərə meydan oxuduğu üçün 1936-cı ildə Qranadada edam edilmişdi. Tatar şairi Musa Cəlil isə şeirlərində parlaq əksini tapmış antifaşist qənaətləri üstündə 1944-cü ildə Berlin zindanında edam olunmuşdu.
Göründüyü kimi, sənətini, elmini, istedadını özü üçün həyat və mübarizə amalına çevirmiş böyük simalar cərgəsindən tarix vaxtaşırı qurbanlar tələb etmiş, bəşəriyyətin barmaqla sayılan qədər nadir övladları bu fədakar addımı atmışlar… Onlardan birinin mübarək məzarı Hələbdədir.
Azərbaycanın xalq şairi Rəsul Rza keçən əsrin 60-cı illərində çox böyük çətinliklərə sinə gərərək Hələb şəhərinə gəlib Nəsiminin qəbrini ziyarət etmiş, öz təəssüratını Bakıda çıxan «Ədəbiyyat və incəsənət» qəzetində bu ad altında nəşr etdirmişdi: «Cahana sığmayan şairin qərib məzarı». Rəsul müəllim Şirvanşahlar dövlətinin qədim paytaxtı Şamaxıdan pərvazlanmış Nəsiminin qəbrini görəndə onun həssas qəlbi çox kövrəlmiş, qəriblik duyğuları şairimizə güc gəlmişdi. Bu gün biz Hələbin qədim guşələrindən birini, tarixlər şahidi Nəsimi xiyabanını dolaşanda, burada Nəsiminin nəsilləri, soyadı ilə yaşayan sakinlərlə ünsiyyətdə olanda, şair babamızın qəbrinin böyük ehtiramla qorunduğunu, onun parlaq xatirəsinə həssas və qayğıkeş münasibəti görəndə Rəsul Rzanm bizim üçün əziz olan ruhuna təsəlli verərək deyirik: Nəsimi, həqiqətən də öz qədirşünas doğmaları arasındadır!
Hələ 1970-ci illərin əvvəllərində Azərbaycanın təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin dünya miqyasında keçirilməsi barədə YUNESKO-nun xüsusi qərar qəbul etməsi böyük şairimizin halal şöhrətini daha da artırmış, dəfələrlə həm onun öz əsərləri, həm də həyatı, bədii irsi və fəlsəfi qənaətləri haqqında kitablar Azərbaycan, ərəb, fars, rus, ingilis, fransız dillərində nəşr olunmuşdu. Bu yubiley Bakıda və Azərbaycanın bütün digər bölgələrində, vaxtilə tərkibində olduğumuz Sovet İttifaqının paytaxtı Moskva şəhərində, İttifaqlar Evinin Sütunlu zalı deyilən möhtəşəm bir salonda böyük təntənə ilə qeyd edilmişdi. Bu tədbirlərin bir çoxunda o zamankı Rusiya, Avropa və Amerikanın, Yaxm Şərq ölkələrinin məşhur şair və alimləri, Nəsimi irsinin görkəmli tədqiqatçıları, Azərbaycana o zaman rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev iştirak etmiş, Bakıda Nəsiminin əzəmətli heykəli ucaldılmışdı. Paytaxtımızm ən gözəl və izdihamlı rayonlarmdan biri artıq 40 ildir ki, ulu Nəsiminin ölməz adını daşıyır. Ölkəmizdə Nəsiminin xatirəsinin əbədiləşdirilməsi tədbirləri davam edir. Lap bu yaxınlarda şairin doğulduğu Şamaxı şəhərinin gözəl mənzərəli guşələrindən birində onun müəzzəm abidəsi ucaldılmışdır.
Azərbaycan Respublikasının prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü və dost Suriya hökumətinin razılığı ilə, inşaallah, Nəsiminin məzarı yaxın vaxtlarda əsaslı şəkildə təmir edilib yüksək səviyyədə təravətləndirilə-cəkdir. Bu tədbir əlbəttə, ilk öncə Azərbaycanın, Suriyanın və bütün Yaxm Şərqin dahi klassiki İmadəddin Nəsiminin ruhunu şad edəcək, şairin istedadının pərəstişkarlarını çox sevindirəcəkdir. Lakin biz ürəkdən inanırıq ki, bu tədbir, habelə Azərbaycan və Suriya yaradıcı ziyalılarının, mədəniyyət xadimlərinin, alimlərinin birgə keçirdikləri beynəlxalq konfransda ölkələrimiz arasında dostluq tellərini daha da möhkəmlədəcək, qarşılıqlı get-gəllərimizi çoxaldacaq, sülhün və xalqlar dostluğunun yeni təntənəsinə çevriləcəkdir!
***
Suriya tərəfmdən professor Şeyx Əmin Bəkri Nəsimi yurdunun təmsil-çilərini şairin ikinci vətənində salamlamaqdan məmnun olduğunu bildirdi, Azərbaycanm hüdudlarından uzaqlarda dünyasmı dəyişmiş Füzuli, Nəsimi kimi «qərib» şairlərin xatirəsinə ölkəmizdə göstərilən böyük ehtiramı, bu ehtiramın qiymətli təzahürlərindən hesab etdiyi Suriya səfərimizi yüksək dəyərləndirdi. O dedi ki, Nəsimi həm Azərbaycanın, həm də Suriyanm dahi sənətkar övladıdır və çox əlamətdardır ki, bu iki ölkədəki ədəbi-elmi ictimaiyyətin təmsilçiləri bu gün Hələbdə bir yerə toplanıb Nəsiminin əziz xatirəsini ehtiramla yad edirlər.
AMEA-nın müxbir üzvü Teymur Kərimli «Nəsiminin humanizmi» adlı məruzəsində dedi ki, antik fəlsəfı-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi proses XII yüzillikdə Azərbaycanda Nizami irsi ilə özünün zirvə nöqtəsinə yetişdi. XIV yüzillikdə islam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyuncaq olmadıqlarını, əksinə, öz talelərinin hakimi olduqlarmı təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində – ərəb, fars və türk dillərində bu cür humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri dahi İmadəddin Nəsimi oldu.
Nəsimi humanizmi təbiətdəki ahəngdarlığa və insan gözəlliyinə vurğun olan yüksək istedadlı, böyük bir şairin humanizmidir. Bu humanizmin kontekstinə gəldikdə isə, birinci sırada, dünyada sosiologiya elminin banisi hesab edilən və şairimizin böyük müasiri olan Əbdürrəhman ibn Xəldunun yaradıcılığı yada düşür. Əlbəttə, İbn Xəldun da öz fıkirlərində antik fəlsəfəyə, İbn Sina, İbn Rüşd, Biruni kimi Orta əsrlər Şərq fəlsəfəsinin böyük nümayəndələrinin əsərlərinə, zəngin Şərq poeziyasma əsaslanırdı. Ancaq bu ümumi kontekstdə Nəsiminin bir sıra qiymətli orijinal fıkirlər irəli sürdüyü də böyük həqiqətdir.
Nəsimi humanizminin başlıca fərqləndirici özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirmişdir.
T.Kərimliyə görə orta əsrlərin Şərq və Avropa humanistləri kimi, Nəsimi yaradıcılığmda da kainatın antroposentrist strukturu başlıca yer tutur. Şairin əsərlərindən alman ümumi təəssürat budur ki, kainatın mərkəzində, o dövrün elm adamlarının geosentrik nəzəriyyəyə görə təsəvvür etdiyi kimi, cansız daş-torpaqdan, yanar qazlardan ibarət olan Yer kürəsi, ya da Günəş planeti deyil, məhz yaranmışların ən şərəflisi olan İNSAN dayanır.
Bununla belə, Nəsimi humanizmində insana məhəbbət ucdantutma səciyyə daşımır; burada seçim var. Şairin sevdiyi və hörmət bəslədiyi insan -kamil insandır, insanlıq adına layiq olan fizioloji-ictimai varlıqdır. Yoxsa zahirən insana bənzəyən hər varlığı insan adlandırmaq olmaz. Bu cür ali mərtəbəyə çatmış kamil insan şairin gözündə Tanrının Yer üzərindəki bir nümayəndəsi kimi cilvələnir və böyük mütəfəkkir fəxrlə deyir ki, bütün insanlar Tanrı dərgahında bərabərdir, dini-ideoloji baxışlarına və əqidəsinə görə kimsənin kimsədən bir üstünlüyü yoxdur.
Səhəri gün elmi konfrans öz işini Hələb universitetinin böyük iclas salonunda davam etdirdi. Birinci məruzəçi prof. Qəzənfər Paşayev oldu. O çıxışının əvvəlində ev sahiblərini ərəb dilində salamladı, ölkəyə gəlməyimizin səbəbləini açıqlayıb səmimi qəbul üçün təşəkkürlərini bildirdi. Sonra alim ana dilimizdə oxuduğu məruzəsində şairin XX əsrin 2-ci yarısında üzə çıxarılan Suriya və İraq divan nüsxələrindən söz açdı. 1987-ci ildə Bakıda çap etdirdiyi 336 səhifəlik İraq Divanı üzərində xüsusi dayandı və qeyd etdi ki, həmin Divan nüsxəsində Nəsimişünaslığa o vaxta qədər məlum olmayan 14 şeir vardır. Bundan başqa vaxtilə prof. C.Qəhrəmanovun söz açdığı, yalnız bir əlyazma nüsxəsində və ya cüngdə rast gəlindiyinə görə Nəsimiyə aid olmasmı ehtimal etdiyi 129 şeirin 68-nə İraq Divan nüsxəsində təsadüf edildiyini və eləcə də Divanda bu və ya başqa şeirlərin tərkibində gedən 50-yə qədər beytin başqa mənbələrdə olmadığını göstərdi.
Professor xüsusi vurğuladı ki, İraq Divan nüsxəsində yer alan şeirlərin üçdə bir hissəsindən çoxu bilavasitə Allaha, İslam dininə, peyğəmbərimizə və başqa müqəddəslərə həsr olunub. Bu şeirlər göstərir ki, Nəsiminin poeziyasının əsasında onun Allaha şəriksiz sevgisi durur. Heç şübhəsiz buna görədir ki, Hələb qazıları vaxtilə onun qətlinə fitva verməkdə tərəddüd etmişdilər. Beləliklə də Nəsimi dini etiqadına görə öldürülməyib. Onu siyasi baxışlarına görə qətlə yetiriblər. Bunu Nəsiminin dövründə və sonralar yaşamış İbn Həcər əl-Əsqəlani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), Müvəffəqəddin Əhməd İbn İbrahim əl-Hələbi (XV əsr) və başqaları təsdiqləmişlər.
Prof. Q.Paşayev bu haqlı qənaətini də bildirdi ki, Nəsimi dini əqidəsinə görə edam edilsəydi, onun şərəfinə məscid tikilməzdi. Burada Nəsimiyə məqbərə ucaldılmazdı. Məzarının üstündə «Şeyx Nəsimi» sözlərini yazmazdılar. Adına küçə qoymazdılar. Nəsimi təkyəsi olmazdı. Uyuduğu qəbirdən azacıq aralı qohumlarını basdırmazdılar. Hələbdə şairin şəcərəsi zəmanəmizə qədər davam edib gəlməzdi.
MÜFTİNİN ÜZRXAHLIĞI
Ölkənin çox nüfuzlu ziyalılarından və Hələbdə ali təhsilin əsasını qoyanlardan biri kimi təqdim olunan dini icmanın rəhbəri, şəhər müftisi Dr.Mahmud Əkkam öz elmi-dini biliklərinin genişliyi, sufizmin tarixinə və mahiyyətinə dair dolğun məlumata malik olması, nəhayət Nəsimi faciəsinə münasibətindəki qətiyyəti və ardıcıllığı ilə yadımda qaldı. «Nəsimi və sufilik» mövzusunda etdiyi maraqlı məruzəsində doktor M.Əkkam Nəsiminin poetik irsini və sufi qənaətlərini yüksək qiymətləndirib dedi ki, onun əsərləri Azərbaycan poeziyasının Yaxm Şərq xalqları ədəbiyyatında fəth etdiyi ən uca zirvələrdən biri olmaqla yanaşı həm də Suriya-Azərbaycan ədəbi əlaqələri tarixində ən önəmli mərhələdir. O, məruzəsinin sonuna doğru salonunun birinci cərgəsində əyləşdirilmiş Azərbaycan nümayəndələrinə üzünü tutub dərin səmimiyyət duyğusu ilə dedi:
– Möhtərəm qardaşlar! 591 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, böyük Azərbaycan şairi və filosofu parlaq istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli İmadəddin Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir. Lakin, Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən dönə-dönə üzr istəyirəm! Mən çox vaxt dindaşlarım önündə xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar səsləndirirəm. Təsəllini onda tapıram ki, hələblilər Nəsiminin məzarını öz oğlunun qəbri kimi günümüzə qədər qorumuşdur.
Tarixi, elmi mənbələrdə öz əksini tapmış məlumata görə bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa bəraət vermişdir. Bununla belə bugün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir.
Etiraf edirəm ki, müftinin bu sözləri digər yoldaşlarım kimi məni də riqqətə gətirdi.
F.e.n. Səadət Şıxıyeva «Nəsiminin irfani görüşləri» mövzusunda məru-zəsində şairin fəlsəfi düşüncələrinin əsasını təşkil edən hürufiliklə təsəvvüfün nisbətindən bəhs etdi, onun fəlsəfi dünyagörüşündə irfanın yeri ilə bağlı mülahizələrə münasibətini bildirdi. Nəsiminin irfani görüşlərinin İbn Ərəbinin sistemləşdirdiyi və Mövlana fəlsəfəsinin süzgəcindən keçərək canlılıq kəsb edən «vəhdəti-vücud» konsepsiyası üzərində formalaşdığını göstərdi.
Tədqiqatçı bu məruzədə ilk dəfə olaraq, Nəsiminin özünü sufi deyil, «əhli-irfan» adlandırmasından və irfanı həqiqət aləminə doğru aparan elm saymasından şairin beytlərinə istinadən bəhs etdi. O qeyd etdi ki, Nəsiminin əsərlərində Yaradanla yaradılmışın əlaqəsi, ilahi həqiqətə aparan yol, bu həqiqəti dərk etməyin vasitələri kimi mətləblər daha çox təsəvvüf baxımından şərh olunur. Təsəvvüf fəlsəfəsi yaradılışın sirrini, səbəbini, Yaradanın yaratdıqlarına münasibətini, yalnız ali varlıq olan insanın deyil, bütün yaradılmışların öz əslinə, Yaradana qayıdış istəyini eşqlə izah edir. Nəsimi şeiri də bu cəhəti ilə təsəvvüf ədəbiyyatının ənənələrinə bağlıdır. Şairin divanlarında təsəvvüfi eşq anlayışı bütün çalarları ilə öz bədii ifadəsini tapmışdır.
Səadət xanım bu qənaətini də əsaslandırdı ki, Nəsiminin türkcə divanında hürufilik və dünyəviliklə müqayisədə daha əsaslı mövqeyə malik olan irfan onun yaradıcılığının əsrarəngizliyini və məna dərinliyini təmin edən başlıca idyea qaynaqlarındandır. Şairin əsərlərinin məcazlar sistemi və kod xarakterli rəmzləri, əsasən, ənənəvi irfani görüşlər üzərində formalaşmışdır. Bu «kodlar sistemi»ndə müasir ədəbiyatşünaslıqda çoxsaylı mübahisələrə səbəb olan «iki cahan», «ənəlhəq», «hicab» və s. kimi məcaz-terminlər xüsusi yer tutur.
Nəsiminin farsca divanı və türkcə dördlükləri daha çox onun hürufilik görüşlərinin, qəzəlləri isə təsəvvüfi mülahizələrinin ifadəsi ilə zəngindir. Şairin əsərlərindəki bir sıra irfani anlayışları ənənəvi təsəvvüflə hürufiliyin sintezi kimi dəyərləndirmək maraqlı nəticələrə gətirib çıxarır.
Suriya tərəfin məruzələrində adət etdiyimiz mənada problemlər qoyulub şərh edilmirdi. Həmkarlarımız bizim bu sahədə ehtiyaclarımızı nəzərə alaraq Nəsiminin həyatının Hələb mərhələsinə, onun şəxsiyyətinin, mütərəqqi qənaətlərinin, mətanət və iradəsinin Suriyada bu gün də çox yüksək qiymətləndirilməsinə, vaxtilə şairin ətrafında qurulmuş ədalətsiz məhkəmənin gedişinə, onun faciəli sonluğunun bəzi təfərrüatlarının açıqlanmasına üstünlük verirdilər.
Məsələn, professor Məhəmməd Kamalın «Nəsiminin qətli səbəbləri: bəzi təfərrüatlar» mövzusunda məruzəsində, eləcə də digər natiqlərin çıxışlarında mənim üçün yeni olan bir sıra maraqlı məlumatlar səsləndi. Onlar oxuduqları qədim mənbələr əsasında dedilər ki, Nəsiminin istintaq və mühakimə vaxtı verdiyi cavablar, ittihamnamədəki böhtanları qətiyyətlə təkzib etməsi və bu zaman nümayiş etdirdiyi nadir hafizə, dəmir məntiq hakimlərin mürtəce qanadını çox pis vəziyyətə qoyubmuş. İstədiklərinə nail olmaq üçün ədalətsiz hakimlər fitnəkarlığa əl atmışlar. Onların muzdla tutduğu zindan keşikçilərindən biri Qurandan cırdığı vərəqi, Nəsimi namaz qıldığı vaxt, fürsət tapıb onun ayaqqabısının burnuna dürtmüşdür. Beləlkilə də namərdlər şairi «Allah kəlamını ayağının altmda gəzdirməklə onu təhqir etdiyi üçün» daha ağır və «təkzibedilməz» ittihamlara məruz qoymuş, şairi zındıq (dinsiz) adlandırmışlar. Nəsimi hamı eşidə-eşidə kəlmeyi-şəhadət gətirmişdir. Əsil zındıq isə onun Hələb möminləri arasında getdikcə artan nüfuzundan, bununla da öz mövqelərinin sarsılmasından qorxan həmin ikiüzlü hakimlərin özləri idi.
Bəli, öz müridlərinə yaradılmışların əşrəfi olan insanlara məhz insan kimi təmiz əxlaq və mənəviyyatla yaşamağı təlqin edən Nəsimi nəsillərin xatirəsində Allahın əsil mömin bəndələrindən biri kimi qalır. Mən prof. Q.Paşayevin «Nəsiminin həyat və yaradıcılığına yeni baxış» əsərini oxuyandan və burada prof. Məhəmməd Kamalın dilindən bu hadisəni eşidəndə tüklərim biz-biz durdu: edamdan sonra Nəsiminin əl-ayağı kəsilib göz dağı olsun deyə hədəbyici məktubla bəzi ölkələrə, o cümlədən də doğma yurda Azərbaycana göndərilibmiş.
Sarbonn Universitetinin yetirməsi olan professor Hüseyn əs-Sadıq Nəsiminin təqib olunmasının siyasi cəhətinə toxunmadan dedi ki, Hələbə Nəsiminin özündən əvvəl onun şöhrəti gəlmişdi. Böyük ehtiramla qarşılanan şair həm də mübarək islamm əla bilicisi idi. Yüksək bəlağətlə möminlər qarşısında oxuduğu moizələr qısa bir müddətdə onun müridlərinin sayını sürətlə artırmışdı. Bu isə öz növbəsində şəhərin bəzi ruhani liderlərinin həsədinə səbəb olmuşdu. Nüfuzuna xələl gəlməsindən qorxuya düşən bu din xadimləri öz yaxın adamlarının vasitəsilə Nəsiminin əleyhinə qurğu qurdular, ona böhtan atdılar, fitnəkarlıq edərək şairi küfrdə suçladılar. Bu isə sözü gedən zamanda ən dəhşətli ittiham olub ölümlə təhdid edilirdi. Nəsiminin rəqibbri Hələb hakimi, «pula sitayiş edən» Yaşbəki ələ alıb öz mənhus niyyətlərini həyata keçirdilər. Bu işdə ən çox canfəşanlıq edən o zamankı şəhər müftisi İbn Çanaxçı olmuşdur. «Tarix təkrar olunur, amma daha iri miqyasda. Fitnəkarlar 820-ci hicri ilində bir nəfərin, Nəsiminin dərisini soymuşdular. İndi isə dünya miqyaslı fitnəkarlar bəzən bütöv xalqların dərisini soyurlar. 820-ci ildə edam olunan isə təkcə Nəsimi deyildi, əslində o müdhiş gündə Nəsiminin timsalında azad fikir edam olunmuşdu…»
Dr. Mahmud Əkkama görə Nəsimi bir də ona görə təqib olunurdu ki, öz mürşidi Fəzlullah Nəimi və digər görkəmli hürufilər kimi, zülmə, zalıma, fanatizmə qarşı mübarizəni həyatının başlıca amalına çevirmişdi. İnsanı onun layiq olduğu səviyyəyə qaldırıb tərənnüm edən hürufilər hərflər və simvollar vasitəsi ilə bəzi hökmdarların, o cümlədən də Teymurləngin ölüm gününü təyin etməyi öyrənmişdilər və yeri gəldikcə xalqa bu barədə məlumat verirdilər. Professor sözünü yekunlaşdırıb dedi: «