SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) III

 

III

MÜFTİNİN ÜZRXAHLIĞI

Ölkənin çox nüfuzlu ziyalılarından və Hələbdə ali təhsilin əsasını qoyanlardan biri kimi təqdim olunan dini icmanın rəhbəri, şəhər müftisi Dr.Mahmud Əkkam öz elmi-dini biliklərinin genişliyi, sufizmin tarixinə və mahiyyətinə dair dolğun məlumata malik olması, nəhayət Nəsimi faciəsinə münasibətindəki qətiyyəti və ardıcıllığı ilə yadımda qaldı. «Nəsimi və sufilik» mövzusunda etdiyi maraqlı məruzəsində doktor M.Əkkam Nəsiminin poetik irsini və sufi qənaətlərini yüksək qiymətləndirib dedi ki, onun əsərləri Azərbaycan poeziyasının Yaxm Şərq xalqları ədəbiyyatında fəth etdiyi ən uca zirvələrdən biri olmaqla yanaşı həm də Suriya-Azərbaycan ədəbi əlaqələri tarixində ən önəmli mərhələdir. O, məruzəsinin sonuna doğru salonunun birinci cərgəsində əyləşdirilmiş Azərbaycan nümayəndələrinə üzünü tutub dərin səmimiyyət duyğusu ilə dedi:

– Möhtərəm qardaşlar! 591 il bundan öncə bəşər tarixində ən faciəli hadisələrdən biri baş vermiş, böyük Azərbaycan şairi və filosofu parlaq istedad sahibi olan sufi, vəliyullah (Allahın dostu) Seyid Əli İmadəddin Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir. Lakin, Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən dönə-dönə üzr istəyirəm! Mən çox vaxt dindaşlarım önündə xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar səsləndirirəm. Təsəllini onda tapıram ki, hələblilər Nəsiminin məzarını öz oğlunun qəbri kimi günümüzə qədər qorumuşdur.

Tarixi, elmi mənbələrdə öz əksini tapmış məlumata görə bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa bəraət vermişdir. Bununla belə bugün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyac duydum və acizanə təvəqqe edirəm ki, mənim üzrxahlığımı qəbul edib bütün Azərbaycan xalqına çatdırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsəlmanlarının xahişidir.

Etiraf edirəm ki, müftinin bu sözləri digər yoldaşlarım kimi məni də riqqətə gətirdi.

F.e.n. Səadət Şıxıyeva «Nəsiminin irfani görüşləri» mövzusunda məru-zəsində şairin fəlsəfi düşüncələrinin əsasını təşkil edən hürufiliklə təsəvvüfün nisbətindən bəhs etdi, onun fəlsəfi dünyagörüşündə irfanın yeri ilə bağlı mülahizələrə münasibətini bildirdi. Nəsiminin irfani görüşlərinin İbn Ərəbinin sistemləşdirdiyi və Mövlana fəlsəfəsinin süzgəcindən keçərək canlılıq kəsb edən «vəhdəti-vücud» konsepsiyası üzərində formalaşdığını göstərdi.

Tədqiqatçı bu məruzədə ilk dəfə olaraq, Nəsiminin özünü sufi deyil, «əhli-irfan» adlandırmasından və irfanı həqiqət aləminə doğru aparan elm saymasından şairin beytlərinə istinadən bəhs etdi. O qeyd etdi ki, Nəsiminin əsərlərində Yaradanla yaradılmışın əlaqəsi, ilahi həqiqətə aparan yol, bu həqiqəti dərk etməyin vasitələri kimi mətləblər daha çox təsəvvüf baxımından şərh olunur. Təsəvvüf fəlsəfəsi yaradılışın sirrini, səbəbini, Yaradanın yaratdıqlarına münasibətini, yalnız ali varlıq olan insanın deyil, bütün yaradılmışların öz əslinə, Yaradana qayıdış istəyini eşqlə izah edir. Nəsimi şeiri də bu cəhəti ilə təsəvvüf ədəbiyyatının ənənələrinə bağlıdır. Şairin divanlarında təsəvvüfi eşq anlayışı bütün çalarları ilə öz bədii ifadəsini tapmışdır.

Səadət xanım bu qənaətini də əsaslandırdı ki, Nəsiminin türkcə divanında hürufilik və dünyəviliklə müqayisədə daha əsaslı mövqeyə malik olan irfan onun yaradıcılığının əsrarəngizliyini və məna dərinliyini təmin edən başlıca idyea qaynaqlarındandır. Şairin əsərlərinin məcazlar sistemi və kod xarakterli rəmzləri, əsasən, ənənəvi irfani görüşlər üzərində formalaşmışdır. Bu «kodlar sistemi»ndə müasir ədəbiyatşünaslıqda çoxsaylı mübahisələrə səbəb olan «iki cahan», «ənəlhəq», «hicab» və s. kimi məcaz-terminlər xüsusi yer tutur.

Nəsiminin farsca divanı və türkcə dördlükləri daha çox onun hürufilik görüşlərinin, qəzəlləri isə təsəvvüfi mülahizələrinin ifadəsi ilə zəngindir. Şairin əsərlərindəki bir sıra irfani anlayışları ənənəvi təsəvvüflə hürufiliyin sintezi kimi dəyərləndirmək maraqlı nəticələrə gətirib çıxarır.

Suriya tərəfin məruzələrində adət etdiyimiz mənada problemlər qoyulub şərh edilmirdi. Həmkarlarımız bizim bu sahədə ehtiyaclarımızı nəzərə alaraq Nəsiminin həyatının Hələb mərhələsinə, onun şəxsiyyətinin, mütərəqqi qənaətlərinin, mətanət və iradəsinin Suriyada bu gün də çox yüksək qiymətləndirilməsinə, vaxtilə şairin ətrafında qurulmuş ədalətsiz məhkəmənin gedişinə, onun faciəli sonluğunun bəzi təfərrüatlarının açıqlanmasına üstünlük verirdilər.

Məsələn, professor Məhəmməd Kamalın «Nəsiminin qətli səbəbləri: bəzi təfərrüatlar» mövzusunda məruzəsində, eləcə də digər natiqlərin çıxışlarında mənim üçün yeni olan bir sıra maraqlı məlumatlar səsləndi. Onlar oxuduqları qədim mənbələr əsasında dedilər ki, Nəsiminin istintaq və mühakimə vaxtı verdiyi cavablar, ittihamnamədəki böhtanları qətiyyətlə təkzib etməsi və bu zaman nümayiş etdirdiyi nadir hafizə, dəmir məntiq hakimlərin mürtəce qanadını çox pis vəziyyətə qoyubmuş. İstədiklərinə nail olmaq üçün ədalətsiz hakimlər fitnəkarlığa əl atmışlar. Onların muzdla tutduğu zindan keşikçilərindən biri Qurandan cırdığı vərəqi, Nəsimi namaz qıldığı vaxt, fürsət tapıb onun ayaqqabısının burnuna dürtmüşdür. Beləlkilə də namərdlər şairi «Allah kəlamını ayağının altmda gəzdirməklə onu təhqir etdiyi üçün» daha ağır və «təkzibedilməz» ittihamlara məruz qoymuş, şairi zındıq (dinsiz) adlandırmışlar. Nəsimi hamı eşidə-eşidə kəlmeyi-şəhadət gətirmişdir. Əsil zındıq isə onun Hələb möminləri arasında getdikcə artan nüfuzundan, bununla da öz mövqelərinin sarsılmasından qorxan həmin ikiüzlü hakimlərin özləri idi.

Bəli, öz müridlərinə yaradılmışların əşrəfi olan insanlara məhz insan kimi təmiz əxlaq və mənəviyyatla yaşamağı təlqin edən Nəsimi nəsillərin xatirəsində Allahın əsil mömin bəndələrindən biri kimi qalır. Mən prof. Q.Paşayevin «Nəsiminin həyat və yaradıcılığına yeni baxış» əsərini oxuyandan və burada prof. Məhəmməd Kamalın dilindən bu hadisəni eşidəndə tüklərim biz-biz durdu: edamdan sonra Nəsiminin əl-ayağı kəsilib göz dağı olsun deyə hədəbyici məktubla bəzi ölkələrə, o cümlədən də doğma yurda Azərbaycana göndərilibmiş.

Sarbonn Universitetinin yetirməsi olan professor Hüseyn əs-Sadıq Nəsiminin təqib olunmasının siyasi cəhətinə toxunmadan dedi ki, Hələbə Nəsiminin özündən əvvəl onun şöhrəti gəlmişdi. Böyük ehtiramla qarşılanan şair həm də mübarək islamm əla bilicisi idi. Yüksək bəlağətlə möminlər qarşısında oxuduğu moizələr qısa bir müddətdə onun müridlərinin sayını sürətlə artırmışdı. Bu isə öz növbəsində şəhərin bəzi ruhani liderlərinin həsədinə səbəb olmuşdu. Nüfuzuna xələl gəlməsindən qorxuya düşən bu din xadimləri öz yaxın adamlarının vasitəsilə Nəsiminin əleyhinə qurğu qurdular, ona böhtan atdılar, fitnəkarlıq edərək şairi küfrdə suçladılar. Bu isə sözü gedən zamanda ən dəhşətli ittiham olub ölümlə təhdid edilirdi. Nəsiminin rəqibbri Hələb hakimi, «pula sitayiş edən» Yaşbəki ələ alıb öz mənhus niyyətlərini həyata keçirdilər. Bu işdə ən çox canfəşanlıq edən o zamankı şəhər müftisi İbn Çanaxçı olmuşdur. «Tarix təkrar olunur, amma daha iri miqyasda. Fitnəkarlar 820-ci hicri ilində bir nəfərin, Nəsiminin dərisini soymuşdular. İndi isə dünya miqyaslı fitnəkarlar bəzən bütöv xalqların dərisini soyurlar. 820-ci ildə edam olunan isə təkcə Nəsimi deyildi, əslində o müdhiş gündə Nəsiminin timsalında azad fikir edam olunmuşdu…»

Dr. Mahmud Əkkama görə Nəsimi bir də ona görə təqib olunurdu ki, öz mürşidi Fəzlullah Nəimi və digər görkəmli hürufilər kimi, zülmə, zalıma, fanatizmə qarşı mübarizəni həyatının başlıca amalına çevirmişdi. İnsanı onun layiq olduğu səviyyəyə qaldırıb tərənnüm edən hürufilər hərflər və simvollar vasitəsi ilə bəzi hökmdarların, o cümlədən də Teymurləngin ölüm gününü təyin etməyi öyrənmişdilər və yeri gəldikcə xalqa bu barədə məlumat verirdilər. Professor sözünü yekunlaşdırıb dedi: «Nəsiminin şərəfinə keçirilən və indiyədək Suriyada analoqu olmayan bu tədbirlərin ilk təşəbbüskarı və səbəbkarı olan ölkənizin rəhbərliyinə öz intəhasız razılığımı və təşəkkürlərimi bildirirəm. Biz sizi dinləyəndə, məruzələrinizdə müraciət etdiyiniz araşdırmaların, nəşrlərin vüsətinə fikir verəndə gördük ki, Nəsiminin həyatı və təkrarsız poeziya tapıntıları Azərbaycanda belə müfəssəl tədqiq olunur, əsərləri dönə-dönə nəşr edilir, onun geniş miqyaslı yubileyləri keçirilir, xatirəsini əbədiləşdirmək sahəsində sanballı tədbirlər görülür».

Alim Azərbaycan tərəfinin məruzələrini müxtəsərcə təhlil edib yüksək qiymətləndirdi. Onlarda Nəsiminin bir mütəfəkkir şair və humanist həqiqət carçısı kimi elmi təqdimindən, şairin ana dilindəki əsərlərinin sənətkarlıq xüsusiyyətlərinin şərhindən, özəlliklə Nəsimi yaradıcılığmdakı humanizmin və ürfani icadların açıqlanmasından, İraqda tapılmış Divanının taleyinə və mahiyyətinə dair onun üçün yeni olan məlumatlardan razı qaldığmı bildirdi. Sözünün sonunda alim dedi: «Doğma Suriyamızın, bu qədim ərəb torpağının Nəsimini yüz illər boyu öz qoynunda əziz-əziz qoruyub saxlamaı bizim üçün böyük mənəvi təsəlli, həm də baş ucalığıdır».

Dr. Məhəmməd Kaccah bütün həmkarlarının, həmyerlilərinin adından dedi ki, bu iki ölkənin hansında yığışmağımızdan asılı olmayaraq biz hamımız Nəsiminin övladlarıyıq və inanıram ki, onun nəcib aurası müstəvisində Suriya-Azərbaycan münasibətləri bundan sonra daha da inkişaf etdiriləcəkdir.

Konfransın sonunda dinləyicilərin sualları üçün geniş vaxt nəzərdə tutulmuşdu. Hələblilər Azərbaycanda Nəsiminin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən tədbirlərə, şairin əsərlərinin tədqiqi və nəşri məsələlərinə dair suallar verdilər, alimlərimizdən Nəsimi yaradıcılığında sufizm, hürufilik, ürfan, azad insan konsepsiyası problemlərinə dair əlavə məlumat vermələrini xahiş etdilər. T.Kərimli, Q.Paşıyev, S.Şıxıyeva onları təmin edən yerli-yataqlı cavabJar verdilər, bu zaman diqqəti Nəsimi yaradıcılığının Suriyada az tanınan bəzi problemlərinə cəlb etdilər.

Özümə ünvanlanmış bir sualın cavabında mən görkəmli əlyazmaçı alim S.Mümtazın Azərbaycanda Nəsimi irsinin ilk naşiri kimi hələ 1926-cı ildə buraxdığı kitabdan danışdım, akad. H.Araslının və müxbir üzv Ə.Səfərlinin bu sahədə çox səmərəJi fəaliyyətlərini yada saldım, prof. M.Quluzadənin «Mübariz şair» monoqrafiyasını açıqladım, prof. Z.Quluzadənin hürufilik ətrafında tədqiqatlarında Nəsiminin dünyagörüşündən geniş bəhs etdiyini göstərdim, şairin əsərlərinin dili barədə prof. C.Qəhrəmanovun səmərəli araşdırmalarını qiymətləndirdim. Vaxtilə Nəsiminin 600 illiyi münasibətilə rus dilində hazırladığım bir toplu üçün akad. M.A.Dadaşzadə, xalq yazıçısı M.İbrahimov, müxbir üzv Ə.Dəmirçizadənin təqdim etdikləri çox qiymətli məqalələri şərh etdim…

Hər iki tərəfin fikir mübadiləsinin nəticəsinə görə 2009-cu ilin sonlarında Azərbaycanda Nəsiminin 640 illik yubileyi geniş qeyd olunacaqdır. Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akkademiyası bu tədbirlərə şairin ikinci vətəni olan Suriyadan da qonaqlar dəvət edəcəklər. Noyabrda keçirdiyimiz Dəməşq forumu Azərbaycan-Suriya I Beynəlxalq Nəsimi konfransı kimi qəbul edildiyi təqdirdə II konfrans 2009-cu ilin sonlarında Bakıda keçiriləcəkdir.(Konfrans uğurla baş tutmuşdur – Red.)

 

PAYTAXTLA VİDALAŞIRIQ

Beş milyondan artıq əhalisi olan Dəməşq şəhərinin şimalındakı Qasyon dağının döşündən baxanda paytaxt ovucun içi kimi görünür. Dəməşq qədim söz olub «qan tökülən yer» mənasını verir. Rəvayətə görə Adəm peyğəmbərin övladlarından Qabil öz qardaşı Habili burada öldürüb, torpağa günahsız qardaş qanı ilk dəfə burada tökülüb…

Bakıya qayıtmağımız ərəfəsində səfirimiz Qasyon dağının başında bərqərar olmuş restoranda bizə vida ziyafəti verdi. Son ziyafətə İordaniyadakı səfirimiz Elman Araslı da dəvət olunmuşdu. O Azərbaycanın nümayəndə heyəti ilə görüşmək, Nəsimi konfransının işində iştirak etmək üçün qonşu ölkədən gəlmişdi. E.Araslı az qala 50 ildir ki, istedadlı şərqşünas, tərcüməçi və diplomat kimi ərəb ölkələrində çalışır. 32 ildir ki, o, Misir, İraq, Yəmən, Səudiyyə Ərəbistanı, İordaniya, Livan kimi ölkələrdə fövqəladə və səlahiyyətli səfir kimi əvvəlcə keçmiş SSRİ-ni, müstəqilliyimizi əldə etdikdən sonra isə Azərbaycan Respublikasını ləyaqətlə təmsil edir. Region ölkələri ilə əlaqələrimizin tarixinə dair bu qocaman və vüqarlı diplomatm söhbətləri ayrıca bir yazının mövzusudur. Elman Araslı Azərbaycan ədəbiyyatşünaslarının və şərqşünaslarının böyük bir nəslinin istəkli müəllimi olmuş mərhum akademik Həmid Araslının oğludur. O, öz atası, mən də öz sevimli ustadım haqqında xatirələrimizi bölüşdük, uzaq ölkədə onu və Nəsimi haqqında qiymətli kitabını qədirşünaslıqla yad etdik, mübarək ruhuna rəhmətlər oxuduq.

Azərbaycan nümayəndələrinin bütün görüşləri, Hələb və Dəməşq səfərləri, bu səfərlər çərçivəsində keçirilən Beynəlxalq elmi konfransın gedişi Suriya Ərəb Respublikasında fəaliyyət göstərən informasiya agentliyi «SANA»nın müxbirləri tərəfindən ardıcıl surətdə izlənir və müntəzəm olaraq qəzetlərə ötürülür, nəşr olunurdu. Televiza ilə də hər gün bu barədə görüntülü məlumat verirdilər. Özəlliklə «Ə1-Cəmahir» qəzetinin səhifələrində dərc olunmuş xəbərlərdən nümunələri Bakıya gəlişimiz ərəfəsində səfirimiz lütfən bizə hədiyyə etdi. Hədiyyələrimiz arasında yeddi günlük səfərimizin əsas məqamlarını əks etdirən film də vardır.

Bu qeydlər də bir daha təsdiq edir ki, Azərbaycan prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə qısa bir zaman kəsiyində Nəsiminin ölməz irsi, xatirəsinin əbədiləşdirilməsi ətrafmda görülən işlər, özəlliklə də ilk beynəlxalq konfransın təşkili, müvəffəqiyyətlə keçirilməsi, nəhayət azərbaycanlı memar və mühəndislərin öz suriyalı həmkarları ilə memorialın abadlaşdırılması sahəsində layihə işlərinə başlamaları dost ölkədə geniş ictimai rezonans doğurmuş, ölkə başçımızın Azərbaycanda mədəni irsə göstərdiyi qayğının yüksək səviyyədə olduğunun bariz nümunəsi kimi qiymətləndirilmişdir.

HƏLƏBDƏ İKİ QALA VAR

…Nəsimi kompleksindən çıxanda adamın gözləri qarşısında o regionun, bəzi mülahizələrə görə dünyanın ən qədim və əzəmətli tarixi abidələrindən biri olan möhtəşəm Hələb qalası canlanır. Ev sahiblərinin təqdimatına və bəzi elmi mənbələrə görə qalanın 4500 illik tarixi var. Dağın üstündə ucaldılmış bu istehkamın sahəsi bizim İçərişəhərin sahəsi qədər olar. Mən Amerikada, Çində, Yaponiyada, Yunanıstanda, Danimarkada, İran, İraq, Türkiyə və digər ölkələrdə olarkən çoxlu qalalar, bürcülər və onların qalıqlarını, xərabələrini, ayrı-ayrı bünövrə daşlarını, sütunlarını, məşhur Akropolu və Mədain xərabələrini görmüşəm. Lakin çox böyük bir zaman məsafəsindən öz əzəməti ilə boylanan və az qala bütün atributlarını qoruyub saxlayan bu cür bir tarixi abidə ilə heç vaxt rastlaşmamışam.

Nəhəng daşlardan, qaya parçalarından ibarət bünövrə üzərində qurulan, təqribən bizim Qız qalası hündürlüyundə divarlarla başdan-başa əhatə edilmiş qala hərəsi bir sənət əsəri olan portalları, müdafiə qurğuları, bürcləri, ovdanları, müşahidə məntəqələri, içərisi bişmiş kərpiclə hörülmüş yaşayış məskənləri, su ehtiyatı üçün çanları, hövuzları, hamamları, azuqə anbarları, öz divanxanası, zindanı, nəhayət, islamın qəbul edilməsindən sonra türklər tərəfindən tikilmiş hündür minarəli gözəl məscidi ilə çox əzəmətli görünür. Vaxtilə qaragüruhçular edam olunmuş Nəsimini bayıra atmışdılar ki, bu faciəli sonluq başqalarma ibrət dərsi olsun. Fitnəkarların, nadanların, öz nəfsi və şəxsi mənafeləri əlində əsir olanların bu qəddarlığı müqabilində onların gözlədiklərinin tam əksi baş vermişdi. Hələbin Allah dostu olan qeyrətli, qədirbilən övladları şairi elə qalanın bərqərar olduğu dağın ətəyindəki düzəngah yamacda sonsuz ehtiram, böyük qayğı və sayğı ilə, əsl müsəlman qaydasında torpağa tapşırmışdılar. İndi yuxarıdan, qalanan cənub bürclərindən baxanda Nəsimi ziyarətgahı özünün bütün tərkib hissələri ilə aydın görünür.

…Böyük şəhərdə bir-birindən azacıq aralı iki qala var: onlardan biri qədim tarixə malik, dünyaca məşhur memarlıq abidəsi olan Hələb qalası, digəri isə Azərbaycan və bütün Yaxm Şərq poeziyasında nadir hadisə olan İmadəddin Nəsiminin parlaq mənəviyyat, iradə, əzm və təmkin qalasıdır. Əzəmi ölçülərinə, sanbal və tutumuna baxmayaraq təbiətin kor qüvvələri mürur zamanla Hələb qalasına bəlkə də bu və ya digər sədəmə toxundura bilər. Biz, Azərbaycan nümayəndələri arzu edirik ki, Hələb qalasının bircə daşına da heç vaxt heç bir zərər toxunmasın. Bununla belə, Allah eləməmiş, çox şiddətli bir zəlzələ olarsa, qalanmınbu və ya digər guşəsi çat verə bilər. Nəsiminin poeziya, vüqar qalası isə əbədi və toxunulmazdır. Çünki onun yeri hər hansı bir dağın başında yox, Suriyada da, Azərbaycanda da insanlarm ürəyindədir və tarix boyu nəsildən-nəslə ötürülür.

 

ƏDƏBİYYAT

1. İmadəddin Nəsimi. Məndə sığar iki cahan. Seçilmiş şeirlər. Gənclik nəşriyyatı, Bakı, 1973.

2. İmadəddin Nəsimi. Seçilmiş şeirləri iki cilddə. «Lider» nəşriyyatı, Bakı,

2004.

Azərbaycan ədəbiyyatı tarixi altı cilddə. Üçüncü cild. «Elm» nəşriyyatı, Bakı, 2009.

3. Əlyar Səfərli, Xəlil Yusifov. Azərbaycan ədəbiyyatı tarixi. «Ozan» nəşriyyatı, Bakı, 2008.

4. Mirzağa Quluzadə. Böyük ideallar şairi. Azərnəşr, Bakı, 1973.

5. Azadə Rüstəmova. Mənəvi dünənimiz bu günün işığında. «Elm» nəşriyyatı, Bakı,2011.

6. İmadəddin Nəsimi (haqqında məqlələr toplusu). Tərtib edəni «Elm» nəşriyyatı, Bakı, 1973. Rus dilində.

7. Qəzənfər Paşayev. Nəsimi haqqmda araşdırmalar. «Qarabağ» nəşriyyatı, Bakı, 2010.

8. Bəkir Nəbiyev. Nəsimi kəlamının işığında. «Qarabağ» nəşriyyatı, Bakı,

2009.

Bənzər mövzular

ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) I
ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) II
ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) III
SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) I