Şamaxının millət vəkili E.Süleymanovun “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimində nitqi
Xanımlar və cənabar!
Hörmətli tədbir iştirakçıları!
Bu gün biz buraya Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin türk dilində nəşr etdirdiyi “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasiminə yığışmışıq.
Bildiyiniz kimi, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birici katibi vəzifəsinə 1969-cu ilin iyul ayında seçilmişdir. O vaxt mənim 28 yaşım var idi. Bakının ən qocaman mədəniyyət saraylarından birinə rəhbərlik edirdim. Təvazökarlıqdan uzaq da olsa, təhsil aldığım və işlədiyim kollektivlərdə görkəmli ziyalıların təcrübəsindən bəhrələnib az-çox dərk etmək qabiliyyətinə malik idim və 1969-cu ildən indiyədək Heydər Əliyevin keçdiyi həyat yolu və əmək fəaliyyətini öyrənməyə cəhd göstərmişəm.
Bir neçə faktı sadalamaq istərdim. O, hakimiyyətə gələrkən Azərbaycan, xüsusilə də regionlar çox zəif iqtisadi inkişaf dövründə idi. Həyatımızın bütün sahələri çox zəif görünürdü. Təkcə bunu demək kifayətdir ki, 1969-cu ildə Azərbaycan 130-150 min ton üzüm, 250 min ton pambıq yetişdirib təhvil verirdi. Bir neçə ildən sonra bu rəqəm – üzüm təhvili 2 milyon tona, pambıq təhvili isə 1 milyon tona çatdırıldı. Qabaqcıl kolxozçuların aylıq əmək haqları 300-350 manatadək çatırdı. Təsəvvür edin ki, o vaxtkı dolların kursu ilə bu 1750 manat demək idi. Dağlıq regionlarda 5-10 evi olan kəndlər də qaz, işıq və su ilə təmin olunmuşdu. Bütün kəndlərimizdə klublar, kitabxanalar, feldşer və mama məntəqələri fəaliyyət göstərirdi. Heydər Əliyev Brejnevdən, SSR-nin büdcəsindən Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün faizsiz aldığı dotasiya hesabına bütün kənd və rayonları ən yüksək səviyyəyə qaldırmışdı. Son illərin şahidi isə siz özünüz olmusunuz. Müstəqillik dövründə hakimiyyətə gəldikdən sonra hər şeyi dağıdılmış ölkəmizdə qısa müddətdə bütün sahləri bərpa etdi. Heydər Əliyev müstəqilliyimizin həm memarı, həm də inşaatçısı oldu. H. Əliyev çox vətənpərvər idi, xalqını çox sevirdi. Vaxtınızı çox almamaq üçün bir misal çəkmək istərdim.
Heydər Əliyevin hakimiyyəti dövründə saysız-hesabsız insanların əməyi Sosialist Əməyi Qəhrəmanı və bir çox fəxri adlarla qiymətləndirilmişdir. Burada oturanların hamısına bunlar bəllidir. Bunları ona görə sadalayıram ki, mənim fikrimcə, Heydər Əliyev haqda monoloq, tərif və şüar deməməliyik. Biz onun irsini öyrənib onun qurduğu məktəbin layiqli şagirdi olmalıyıq. Onun bizə qurduğu və tikdiyi yolda mətin addımlarla irəliləməliyik. Bu baxımdan mən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin fəaliyyətini olduqca təqdirəlayiq hesab edirəm.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 2004-cü il may ayının 10-da ümummilli liderimizin anadan olduğu gün “Heydər Əliyev irsi” Beynəlxalq Elektoron Kitabxanası kimi fəaliyyətə başlamışdır. Beynəlxalq Elektron Kitabxananın yaradılmasında əsas məqsəd zəmanəmizin görkəmli siyasətçilərindən biri, adı müasir Azərbaycan tarixinin 34 ili ilə bilavasitə bağlı olan Heydər Əliyevin zəngin irsini – çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnlərini geniş oxucu kütləsinə çatdırmaqdan ibarət idi.
Qeyd edim ki, yalnız tarixdə həqiqətən iz qoymuş böyük dövlət xadimlərinin (Avraam Linkoln, Corc Vaşinqton, Franklin Delano Ruzvelt, Mahatma Qandi, Uinston Çörçill, Harri Trumen, Con Kennedi, Ronald Reyqan, Mustafa Kamal Atatürk və s.) irsinə həsr olunmuş analoji layihələr mövcuddur.
Azərbaycanda ilk elektron kitabxana olan “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası həmin layihələrdən əhatə etdiyi dil coğrafiyasının və oxucu kütləsinin genişliliyi ilə fərqlənir. Belə ki, yuxarıda sadaladığım elektron kitabxanalar 1-2 dildə fəaliyyət göstərirsə, “Heydər Əliyev irsi” Beynəlxalq Elektoron Kitabxanası bu gün 49 dildə oxuculara xidmət göstərir. Hər gün elektron kitabxanaya dünyanın 150-dən artıq ölkəsindən minlərlə oxucu daxil olur ki, bu da Heydər Əliyev irsinə, Azərbaycana dünyada olan böyük marağın göstəricisidir. Bu gün dünyanın taleyüklü qərarlar qəbul edən siyasi mərkəzləri, nüfuzlu elm ocaqları və ali məktəblər, transmilli şirkətlər elektron kitabxananın daimi oxucularıdır.
Ötən dövr ərzində “Heydər Əliyev irsi” Beynəlxalq Elektoron Kitabxanası həm də beynəlxalq əlaqələr yaratmışdır. Hazırda elektron kitabxana ABŞ Konqresinin kitabxanası, bir sıra dövlətlərin əsas kitabxanaları ilə yanaşı, Çorc Vaşinqton Mərkəzi, Harri Trumen Mərkəzi və digər analoji qurumlarla qarşılıqlı faydalı əlaqələrə malikdir.
Ötən dövrdə öz fəaliyyətini daha da genişləndirən elektron kitabxana artıq 2007-ci ilin oktyabrından Heydər Əliyev İrsini Araşdırma Mərkəzi kimi fəaliyyət göstərir. Ulu öndərin irsinin öyrənilməsi və təbliği ilə məşğul olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolardan ibarətdir. Mərkəz orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır.
Mərkəzin Qəbələ, Göyçay, Lənkəran, Qobustan və Yardımlı rayonlarında regional büroları fəaliyyət göstərir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi həmçinin, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edir. İndiyə kimi müxtəlif dillərdə Azərbaycanın BMT, NATO, ATƏT, İKT, Avropa Birliyi, Avropa Şurası və Gürcüstanla münasibətləri, qadın siyasəti və media haqqında, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş kitablar nəşr edilmişdir. Qeyd edim ki, Mərkəz bu kitabların nəşri ilə müxtəlif önəmli tarixləri ictimailəşdirməyə nail olmuşdur.
Bu gün təqdimatına toplaşdığımız “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı isə başqa bir tarixə – Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə tərəfindən tanınmasının 20 illiyinə həsr olunmuşdur.
20 il öncə – noyabrın 9-da Türkiyə dünya dövlətləri arasında birinci olaraq Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan etmişdir. Vaxtilə Mustafa Kamal Atatürk deyirdi: “Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun idarəçəiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək lazım deyil, hazır olmaq lazımdır.” Türkiyənin 20 il öncə atdığı addım həmin günə hazır olduğunu göstərdi.
Türkiyə-Azərbaycan əlaqələri, münasibətləri günü-gündən inkişaf edir, güclənir. Bu münasibətlərin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətləri müstəsnadır. Məhz onun fəaliyyəti nəticəsində Türkiyə-Azərbaycan münasibətləri güclənmiş, inkişaf etmişdir və bu gün ölkələrarası münasibətlərə örnək, nümunə ola bilər. Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni – bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu, bizi çox sevindirir.
Ötən 20 il ərzində Azərbaycanla Türkiyə arasındakı münasibətlər hətrəfəli inkişaf etmiş və bu gün artıq strateji müttəfiqlik münasibətlərinə yüksəlmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərini təkrarlamaq istəyirəm: “Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra biz hər zaman Türkiyənin dəstəyini hiss etmişik və ümummilli liderimiz Heydər Əliyevin həmişə kəlamını yadda saxlayırıq: Biz bir millət, iki dövlətik. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır.”
Kitabın ön sözündə qeyd etdiyim kimi, Heydər Əliyevin zəngin və çoxcəhətli irsini bir kitabda əhatə etmək mümkünsüzdür. Amma bu kitaba daxil edilən əsərlər böyük Heydər Əliyevin müstəqilliyimizin əbədi olması üçün keçdiyi gərgin yolu açmağa kömək edir.
Bu yaxınlarda kitab mağazasından nəvələrimə oxumaq üçün kitab aldım. Evə çatıb, həmin kitabı nəvələrimə oxudum. Bu kitab böyük Atatürk haqda xatirələr idi. Xatirələrin birində deyilirdi: “Atatürk kəndlərin birinə baş çəkir. Kənd ağsaqqalları ona hədiyyə verir və xahiş edirlər ki, kəndin camaatının vəziyyəti çox ağır olduğundan, uşaqları müsəlman olmaq üçün onlara toy etməkdə yardımçı olsun. O, dərhal cibindən bank çeki çıxarıb imzalayaraq ağsaqqallara verir. 3 aydan sonra maliyyə naziri Atatürklə görüşüb, hesabdan pul çıxarılmadığını bildirir. Atatürk buna əhəmiyyət vermir. 6 aydan sonra maliyyə naziri Atatürkə təkrar müraciət edərək bildirir ki, çekdən yenə də pul çıxarılmayıb. Atatürk hazırlaşıb həmin kəndə gedir. Camaat toplaşır, Atatürk ağsaqqallardan çekdən pul çıxararaq uşaqlara niyə toy edilmədiyinin səbəbini soruşur. Ağsaqqallardan biri deyir: “Hörmətli Atatürk, biz sizin imzanızı pula dəyişə bilmədik. Biz özümüz pul toplayıb toy etdik. Sizin imzanızı isə əbədi olaraq saxlayacağıq.”
Mən bu müdrik qocanın sözlərini təkrarlayaraq deyirəm: “Gəlin, Heydər Əliyevin Azərbaycanın xoşbəxtliyi üçün atdığı imzanı heç nəyə dəyişməyib, qoruyub saxlayaq.”