Şamaxının millət vəkili Elxan Süleymanovun nitqi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin iyirminci ildönümünə həsr edilmiş bayram tədbirinin bağlanışında nitqi

Xanımlar və cənablar,

Çox-çox uzaqlardan gəlmiş dəyərli qonaqlar!

Biz 2 gündür bir yerdəyik. Düşünürəm ki, 2 gündə siz Azərbaycanla yaxından tanış oldunuz. Azərbaycanın siyasi və daxili siyasəti, iqtisadiyyatı, hüquq və ədliyyə islahatları, qanunvericilik sistemi, neft və enerji layihələri, ictimai-siyasət haqqında cənab Prezidentin məruzəsində 9 Azərbaycan rəsmisinin çıxışlarında öz əksini tapdı.

Eyni zamanda, 3 gün Bakıda olduğunuz vaxt insanlarla təmasda oldunuz, bu xalq haqqında ən azı məlumatınız oldu. Bu, bizim hər ikimiz üçün faydalıdır. Ona görə ki, biz gənc demokratik ölkəyik, cəmi 20 yaşımız var və biz maraqlıyıq ki, demokratiya quran sizlərdən daha çox öyrənək. Ona gorə də, sizlərin hər birinizin Bakıya gəlməsi sizin Azərbaycanda  demokratiya quruculuğuna investisiya qoymağınız kimi qiymətləndirirəm. Mən ictimai sektorun nümayəndəsi kimi bunu özümə əsas meyar etmişəm. Biz gənc demokratik ölkəyik, lakin biz inamla və həvəslə  Avropaya inteqrasiya edirik. Əgər bunu obrazlı dillə desək: “Azərbaycanın demokratiya qatarı  polad relslərin üzərindədir”. O hərəkət edir. Fərq bir şeydədir. Fransada, Almaniyada Avropanın ən inkişaf etmiş ölkələrində qatarın sürəti ən azı 150-300- dür, Azərbaycan demokratiya qatarı da kifayət qədər sürətlə, ən başlıcası isə inamla irəliləyir. Inanıram ki, siz bunu da düzgün qiymətləndirirsiniz. Sürətli qatar tikmək və sürmək üçün 20 il azdır. Əsas məsələ ondadır ki, biz demokratiya qatarında gedirik. Bu tədbiri eyni zamanda ölkələrimiz arasında və Parlament qrupları arasında çox önəmli və vacib əhəmiyyət kəsb edən tədbir kimi dəyərləndirirəm.

Yaşadığımız dövrdə hər hansı bir ölkə ilə bağlı məlumatları müasir informasiya texnologiyaları, o cümlədən İnternet vasitəsilə almaq olar. Mən hesab edirəm ki, belə məlumatlar bu ölkə ilə bağlı təsəvvür yaratsa da, bu təsəvvür hər hər zaman dolğun və bir sıra hallarda isə obyektiv olmur. Azərbaycan xalqının bir atalar sözü var: Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Döğrudan da belədir. Belə ki, hər hansı bir ölkəni tanımaq üçün mütləq o ölkədə olmaq lazımdır, o ölkənin problemləri və nailiyyətləri ilə tanış olmaq lazımdır. Biz bunu etmək üçün əlimizdən gələn bütün imkanlardan istifadə etdik.

Xalqımızın ən qiymətli ulu babalarımızdan qalma adəti qonaqpərvərlik və yaşlılarına hörmət etməkdir. 1988-ci ildə sovet diktaturasının çökməsində ilk addımını atan,  bu gün toplantımızın ən yaşlı nümayəndəsi Arnold Rüütelə müraciət edirəm. Estoniya Ali Sovetinin sədri kimi onun 1988-ci ildə verdiyi ilk sərəncamı xatırlatmaq istərdim: “Estoniya qanunları, SSCR qanunlarından yüksəkdə durur”. 15 respublika içərisində bu cəsarətli addım  diktatura zəncirini qırdı. Bu toplantımızın ən qocaman nümayəndəsi kimi xalqımızın adət-ənənəsinə görə ona hörmət və ehtiramımı və onun simasında sizlərin hər birinə öz ürək sözlərimi obrazlı dildə belə çatdırardım.

Əgər şair olsaydım,

Ən yaxşı şeirimi sizlərə həsr edərdim.

Bəstəkar olsaydım,

Ən yaxşı mahnım sizin ölkənizə həsr olunardı

Rəssam olsaydım qəhrəmanım siz olardız.

Çox təəssüf ki mən nə şair, nə bəstəkar, nə də rəssamam.

Yumruq boyda ürəyi olan adi bir insanam. Ancaq mən sizin ölkənizdən və bizlərə olan  hörmət və ehtiramdan yazmaq istəsəm Xəzər dənizini mürəkkəb, onun üstündə uçan qağayıların lələklərini karandaş etsəm, mənə nə mürəkkəb nə də karandaş çatmaz. Mən ictimai təşkilatın rəhbəri kimi ölkəmdə vətəndaş quruculuğuna xidmət edirəm. Və bu quruculuğun inkişafı üçün təşkilatım sizlərin hər biri ilə əməkdaşlıq etməyə hazırdır. Düşünürəm ki, bu əməkdaşlıq hər 2 ölkə üçün faydalı ola bilər. Mənim seçicilərim üçün bir devizim var. Bu devizi burada iştirak edənlərin hamısına demək istərdim: “Mən sizinləyəm, sizin ixtiyarınızdayam”.

Bir daha sizə təşəkkürümü bildirirəm. Bununla da 2 günlük görüşümüzü sona çatmış hesab edirəm.

Sağ olun. Diqqətinizə görə minnətdaram!

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları