Şamaxının millət vəkili Elxan Süleymanov:“Mən seçicilərim qarşısında öhdəlik götürmüşəm”
Ötən həftənin şənbə günü Şamaxının millət vəkili Elxan Süleymanov müstəqilliyimizin 20 illiyi ilə əlaqədar adıçəkilən rayonda 18 oktyabrda dünyaya gəlmiş şəxslərlə və digər seçiciləri ilə görüş keçirib. Görüşdə müstəqillik günü ilə əlaqədar 18 oktyabr tarixində Şamaxıda doğulmuş 16 nəfərə millət vəkili tərəfindən müxtəlif hədiyyələr və pul mükafatları verilib. Deputat həmçinin Almaniya universitetlərindən birinə qəbul olan şamaxılı Cəlal Kərimova 1000 avro məbləğində pul mükafatı verib. E.Süleymanov artıq C.Kərimovu Almaniyada işə düzəltdiyini, onun hər ay 1000 avro maaş alacağını bildirib. Bununla yanaşı görüşdə millət vəkili hər ay təqaüd verdiyi 16 nəfəri və bu il yüksək ballarla ali təhsil müəssisələrinə daxil olmuş daha 6 şamaxılı gənci pul mükafatları ilə sevindirib. Onlara oxuduqları 4 il ərzində hər birinə hər ay 100 manat təqaüd ayıracağını vəd edib. Mərasimdə seçicilər tərəfindən Şamaxının deputatına ünvanlanmış bir sıra problemlər dərhal həll edilib. Daha sonra E.Süleymanov bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.
– Bu gün, yəni 15 oktyabr tarixi mənim üçün çox əziz və müqəddəs bir gündür. Həqiqətən bu gün çox əlamətdar bir təqvimə təsadüf edib. Çünki bir neçə gündən sonra müstəqilliyimizin 20 ili tamam olacaq. Eyni zamanda bu gün mənim üçün çox məsuliyyətli gündür, çünki bir il qabaq, 15 oktyabr tarixində seçki kampaniyama start vermişdim. Müstəqillik günü çox böyük əhəmiyyətə malik bir bayramdır. Müstəqilliyimizin 20 illiyi ərəfəsində seçicilərimlə görüşmək fikrimcə, unudulmaz və incə bir məqamdır. Buna görə də çalışdım ki, müstəqillik günündə dünyaya gəlmiş şəxslərə az da olsa, sevinc bəxş edim. Əslində onların problemləri ilə müqayisədə gördüyüm işlər elə də böyük deyildir. Görüşdə seçicilərimi onların probleminin mənim problemim olduğunu və hər zaman onların yanında olduğuma bir daha əmin etdim.
Bu, danılmaz bir faktdır ki, müstəqilliyimizin əldə olunmasında, qorunub-saxlanılmasında, 20 il ərzində böyük inkişaf yolu keçməyimizdə Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin müstəsna xidmətləri var. Həqiqətən də, Ümummilli Lider dahi şəxsiyyət və böyük bir siyasətçi idi. Əlbəttə ki, müstəqilliyimizin, bu günkü xoşbəxtliymizin, suverenliyimizin banisi Heydər Əliyevdir. O, müstəqilliyimizin həm memarı, həm də inşaçısıdır. Sevindirici və qürurverici haldır ki, İlham Əliyev Ulu Öndərin bu siyasi kursunu inamla, şərəflə, ilhamla davam etdirir. Bizə müstəqillik bəxş etdiyi üçün ümummilli Liderin ruhu qarşısında baş əyir, həmçinin cənab prezidentə uğurlar arzu edir və məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün ona minnətdarlığımı bildirirəm. Bu şərəfə layiq olmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm. Bu şərəfi qorumaqda mənim üçün ən vacib iş seçicilərimin probleminin həllində iştirak etmək, onların yanında olmaqdır. Bu bir il ərzində şamaxılılarla bir addım atmaqdan, bir həyat yaşamaqdan çox fəxr və qürur hissi keçirirəm. Hesab edirəm ki, müstəqillik çox böyük, əvəzolunmaz bir sərvətdir. Buna görə də hər birimiz müstəqilliyimizin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki müstəqilliyimizin əldə olunması bizim üçün o qədər də asan olmayıb. Müstəqilliyimiz qanımız, canımız, çoxlu şəhid verməyimiz, torpaqlarımızın işğal olunması, eləcə də bir milyondan artıq soydaşımızın yurd-yuvasından didərgin düşməsi bahasına ərsəyə gəlib. Müstəqilliyimizin yenidən bərpa olunması böyük bir tarixi məqamdır. 20 illik müstəqilliyimiz dövründə çox böyük inkişaf yolu keçən Azərbaycan mühüm uğurlara imza atıb. Sözün həqiqi mənasında bu 20 il ərzində Azərbaycan iqtisadi cəhətdən çox böyük inkişaf yolu keçib. “Əsrin kontraktı”nın imzalanması bu uğurlardan biridir. İnkişafın bariz nümunələrindən biri yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin, yolların salınmasıdır. İnkişafımız və tərəqqimiz göz qabağındadır və artıq bütün dünyanın qapıları üzümüzə açıqdır. Azərbaycanın müstəqilliyinin bizə çox şey verdiyi şübhəsizdir. Əgər biz müstəqilliyimizə qədər çox çətin bir yaşayış tərzi ilə üzləşirdiksə, indi artıq bu, belə deyil. Bizim gəncliyimiz çox məşəqqətli keçib, lakin indi müstəqil dövlətimiz sayəsində gənclərimiz daha yaxşı yaşayır və istənilən xarici ölkədə təhsil almaq imkanı qazanır. Gənclərimiz gün keçdikcə müstəqilliyimizi daha dərindən dərk edəcək və onun necə şirin nemət olduğunu anlayacaqlar. Fəxr edirəm ki, müstəqilliyimiz Cəlal Kərimov kimi gənclərimizə xaricdə təhsil almaq imkanı yaradır. Hazırda xaricdə təhsil alan tələbələrimiz kifayət qədərdir, ancaq hesab edirəm ki, həmin gənclərimiz təhsil aldıqdan sonra Vətənə qayıtmalı və dövlətimizə xidmət etməlidir. Eyni zamanda həmin gənclərin hər birinin azərbaycanlı qızla evlənməsini tövsiyə edirəm. Mən Cəlal Kərimovla bu məqamları nəzərə alan bir müqavilə imzalamışam. Heç şübhə yox ki, xalqı, milləti irəli aparan, inkişafına səbəb olan məqam elm və təhsildir. Məhz buna görə də mən imkan daxilində təhsil alan gənclərimizə maddi və mənəvi cəhətdən yardımçı olmağa çalışıram. Bu gənclərin problemlərinin həlli ilə məşğul olan zaman buna öz övladlarımın problemi kimi yanaşıram.
– Elxan müəllim, artıq bir ilə yaxındır ki, millət vəkili kimi fəaliyyət göstərirsiniz. Bu bir illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?
– Əgər insan səmimi deyilsə, ondan hansısa müsbət addımlar gözləmək olmaz. Deyərdim ki, deputatlıq fəaliyyətimdə beş istiqamət var. Birincisi AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətimdir. Bu, birbaşa Avropa Parlamenti ilə əməkdaşlıq deməkdir. Avropa Parlamenti isə birbaşa Avropanın siyasətini müəyyənləşdirir. İkinci istiqamətim Avropa Şurasındakı fəaliyyətimlə bağlıdır. Mən Avropa Şurasının ən mühüm komitələrindən olan Monitorinq, eləcə də Hüquq və İnsan Haqları komitəsinin üzvü kimi fəaliyyət göstərirəm. Bütün bunlarla yanaşı, həm də Belçika-Azərbaycan parlamentlərarası qrupunun üzvüyəm. Sovet dövründə bütün SSRİ-nin paytaxtı Moskva idi və postsovet ölkələrilə bağlı bütün qərarlar Moskvada qəbul edilirdi. İndi isə bütün Avropanın paytaxtı Brüsseldir. Hazırda bu şəhərdə Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Komissiyası ilə yanaşı saysız-hesabsız beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Demək olar ki, hazırda bir çox siyasi qərarlar Brüssel şəhərində qəbul edilir. Dördüncü fəaliyyət istiqamətim seçicilərimdir. Beşinci fəaliyyət istiqamətim isə Milli Məclisin üzvü kimi qanunların qəbul edilməsində iştirak etməkdir. Bütün bu işlərdə üzərimə düşən vəzifələri nəzərə alsaq, çox gərgin bir fəaliyyətlə məşğul olduğumu söyləmək olar. Heç şübhə yox ki, üzərimə düşən vəzifələrin hamısı mühüm işlərdir. Lakin ötən ilin 15 oktyabr tarixində təbliğat-təşviqat kampaniyasına start verdiyim zaman bəyan etdim ki, mənim üçün ən vacib bir amal var: seçicilərim. Mənim üçün ən vacib məqam məhz seçicilərimin maraqlarını təmin etmək, onların problemlərinin həll olunmasında iştirak etməkdir. Ona görə də, seçicilərimlə olan fəaliyyətimi mən özüm üçün ən vacib və birinci hesab edirəm.
– Bu qədər mühüm vəzifələrin məsuliyyəti sizin üzərinizdədir. Bəs bütün bunların fonunda sizin üçün ən vacib məqamın seçiciləriniz olması nə ilə bağlıdır?
– Düzdür, mənim AVRONEST PA-da, Avropa Şurasında və digər məsələlərdə üzərimə mühüm vəzifələr düşür. AVRONEST PA-da gördüyümüz son işlərdən çox danışmaq olar.
Bir neçə uğurumuzu qeyd etmək istərdim. Sentyabrın 14-15-də mötəbər qurumun sessiyası keçirildi. Siyasi məsələlər və demokratiya məsələləri komitəsində qətnamənin müzakirələri zamanı ermənilər təklif edirdilər ki, Təhlükəsizlik Şurasının, BMT-nin, Avropa Şurasının, eləcə də Avropa Parlamentinin sərhədlərin pozulmaması, ərazi bütövlüyü və suverenlik bəndi pozulsun, üstəlik işğal, erməni təcavüzü haqqında maddələr sənəddə yer almasın. Və bütün bunlarla yanaşı böyük enerji layihələrində şərtsiz iştiraklarının qətnaməyə salınmasını tələb edirdilər. Eyni zamanda, onlar Şərq Tərəfdaşlığı ölkələri arasında sərhədlərin açılmasına çalışırdılar.
Azərbaycan nümayəndə heyəti bütün bunların qarşısını ala bildik. Ən əsas uğurumuz isə AVRONEST PA-nın 2-5 aprel sessiyasının Bakıda keçirilməsinə nail olmağımız oldu.
Daha bir məsələni qeyd etmək istəyirəm. Avropa Şurasında siyasi məhbus məsələsi ilə bağı Azərbaycan hökumətinin və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin 10 il ərzində apardığı iş uğurla nəticələndi. Təfərrüatlara varmaq istəmirəm. Amma onu deyim ki, Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız Azərbaycan üzrə siyasi məhbus problem üzrə məruzə hazırlanırdı. İndi isə “Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması” adlı məsələnin “Avropa Şurasına üzv dövlətlərdə siyasi məhbus probleminin araşdırılması” adlandırılması məqsədəuyğun sayılıb. Artıq siyasi məhbus problemi tək Azərbaycanda deyil, quruma üzv olan bütün dövlətlərdə araşdırılacaq.
Bu böyük uğurda İnsan Haqları Komitəsinin üzvü kimi mənim də kiçik də olsa fəaliyyətim olmuşdur.
Ancaq bir gerçəklik var. Məni Milli Məclisə seçən, millət vəkili kimi mühüm bir statusu mənə qazandıran məhz seçicilərimdir. Təbii ki, bütün bunlara görə mən seçicilərimin qarşısında öhdəlik götürmüşəm. Seçicilərin seçkiyə gəlməyə qətiyyən həvəsi və marağı yox idi. Seçki kampaniyam dövründə seçicilərimlə 47 görüş keçirdim. Əgər ilk görüşlərimə 100-200 nəfər qatılırdısa, son görüşlərimin hər birində iştirak edən seçicilərin sayı 1000-1500-ə qədər yüksəldi. Bütün bunlar isə mənim onlardan biri olduğumu, seçicilərimin vəkili, elçisi olduğumu onları inandırmağımın nəticəsi idi. Məhz bütün bunlara görə deputatlıq fəaliyyətimdə mənim üçün ən önəmli və ilk yeri seçicilərim tutur. Seçicilər mənim həyatımda yaşayır. Mən seçicilərimlə nəfəs alıram. Onların problemlərini həll edə bilməyəndə əziyyət çəkir və bu zaman vicdanımı mühakimə edirəm. Ona görə ki, axı təşviqat kampaniyamda onlara problemlərini həll edəcəyimə söz verdim, amma onların ictimai xidmət problemlərini həyata keçirməkdə bi sıra bürokratik maneələri dağıda bilmirəm. İnkişaf etmiş bütün ölkələrdə deputatın amalı seçicilərin problemlərinin həllinə yardımçı olmaq, onların həyatında yaşamaqdan ibarətdir. Məsələn, Fransada millət vəkili istədiyi vaxt seçicilərinin problemi ilə bağlı birbaşa nazirlə telefon bağlantısını yarada bilir. Almaniyada və digər Avropa ölkələrində deputat sorğusuna nazirlər 3-15 gün arasında cavab verir. Bizdə isə fərqli durum var. Tutaq ki deputat sorğusuna ümumiyyətlə cavab verilməməsi adi haldır. Lakin bütün bunların müqabilində seçicilərimin problemlərinin həll olunmasında az da olsa, iştirakdan və onların yanında olmaqdan çox xoşbəxtəm.
– Seçicilərin problemlərinin həllində yaxından iştirak etməyiniz bizə sirr deyil. Ümumiyyətlə, bütün bu bəlli çətinliklərə baxmayaraq, seçicilərin problemlərinin həllində iştirakınızdan məmnunsuz?
– Sözün həqiqi mənasında seçicilərimin çoxlu problemləri var və onları həll etmək o qədər də asan deyil. Bu problemləri həll etmək bir ayın, bir ilin işi deyil. Bacardığım qədər seçicilərimin problemlərini həll etməyə çalışıram. Seçki kampaniyam dövründə demişəm ki, mənim üçün seçicilərimin qarşısında dörd müqəddəs vəzifə var: öhdəlik, borc, şərəf və ölkə. Buna görə də onların həllinə qadir olduğum hər bir probleminin həllində iştirak etməyə çalışıram. Hər zaman seçicilərimin yanındayam və bundan zövq alıram. Ümumiyyətlə gördüyüm işlərlə saytımda (www.elkhan-suleymanov.az) tanış ola bilərsiniz. Ancaq üzərimə düşən xarici fəaliyyətlə müqayisədə seçicilərimin problemlərinin həllində iştirakımdan məmnun deyiləm. Çünki xarici fəaliyyətimdə müstəqiləm, ölkəmin maraqlarını beynəlxalq təşkilatlarda müdafiə etmək vətəndaşlıq borcumdur. Bu, öz idrakımdan asılı olduğundan problemlərim yoxdur. Seçicilərimin problemlərinin həlli isə müvafiq strukturların məmurlarından asılıdır.
Məlum olduğu kimi, Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyulmasını artıq razılaşdırmışıq. Bu sahədə iş aparırıq və yaxın vaxtlarda sözügedən məsələni yekunlaşdıracağıq. Hesab edirəm ki, Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyulması mühüm mühüm tarixi məqamdır. Bu, Azərbaycan üçün əbədiyyətdir. Sabirin heykəlinin Belçikada qoyulması şamaxılılar üçün mənəvi yüksəliş olsa da seçicilərimin ictimai problemləri onlar üçün çox vacibdir.
Problemlərə gəlincə Şamaxının bir sıra ciddi problemləri var. Belə ki, rayonun 59 kəndinin 58-də su problemi var. Həmçinin Şamaxıda yol, qaz, işıq, eləcə də mədəniyyət müəssisələri və məktəblərdə problemlər aşıb-daşır. Misal üçün, Avaxlı kəndində müasir məktəb tikilib, lakin onun istilik sistemi yoxdur. Bir ildir ki, bu problemin həllinə çalışırıq, amma hələ ki, bununla bağlı müsbət nəticə əldə edə bilməmişik. 8 min əhalisi olan Göylər kəndində sovet vaxtı 80 çarpayılıq yaxşı bir xəstəxanası vardı. İndi biz onu təmir etdirmək istəyirik. Mədrəsə qəsəbəsindən ermənilər çıxıb getdiyi zaman su xətlərini tamamilə bərbad vəziyyətə salıblar. 20 ildən artıqdır ki, böyük bir qəsəbə olan Mədrəsədə su problemi həll olunmur. Bununla bağlı da aidiyyəti qurumlara müraciətlər etmişəm. Həmin qəsəbədə işıq problemi də var. Hesab edirəm ki, gördüyüm işlər seçicilərimin bu kimi problemləri qarşısında kiçikdir. Fikrimcə, Azərbaycan millət vəkillərinin Avropa deputatları ilə müqayisədə çətin iş rejimi var. Bunun başlıca səbəbi odur ki, Avropada deputata aidiyyəti qurumlar tərəfindən daha artıq dəstək verilir.
– Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyulması ideyası haradan yarandı?
– Fikrimcə, milləti, xalqı yaşadan onun ədibləri, xadimləri və görkəmli şəxsiyyətləri, mədəniyyətidir. Azərbaycanın böyük şəxsiyyətlərinə qiymət vermək hər birimizin müqəddəs borcudur.
Heykəl qoymaq ideyası tamamilə öz ideyamdır. Bu ideyanı həyata keçirməklə heç olmasa seçicilərimə olan çoxsaylı borclarımdan birini qaytarmış oluram. Belə bir addım atmağı özümə şərəf bilirəm. Bununla həm də Şamaxının millət vəkili kimi bu rayona olan borcumu verirəm. Sabirin böyük ideyalarının təbliği üçün bu məqamı özüm və Azərbaycan üçün tarixi bir əlamət hesab edirəm. O, sovet dövründə də böyük şair idi, indi də. Deyərdim ki, əvəzsiz şair olan Sabir bütün dövrlərin mütəfəkkiridir.
– Bir neçə ay öncə Qarabağ müharibəsi veteranının oğlu üçün möhtəşəm toy təşkil etdiniz. Ona mənzil inşa edəcəyinizi də söz vermişdiniz. Hazırda bu məsələ nə yerdədir?
– Artıq həmin gəncin 3 otaqlı evi hazırdır və avadanlıqları da sifariş etmişəm. 3-4 noyabrda Belçika-Azərbaycan dostluq qrupunun rəhbəri cənab Blanşarla müqəddəs Qurban bayramı ərəfəsində gənclərə mənzili təhvil verəcəyəm. Bu təntənənin noyabrın birinci həftəsində baş tutması mənim həyatımda silinməz hadisədir. Çünki 7 noyabrda mənim deputat mandatı almağım barədə seçicilərim qərar veriblər. Qarabağ uğrunda döyüşmüş Mərdan kişinin övladına verdiyim bu töhfəni –3 otaqlı evi unudulmuş köhnə borclardan biri kimi qiymətləndirirəm. Bu iş mənim ürəyimin qidasıdır. Bu gözəl diyarın arif insanlarına xidmət göstərməkdən fəxr və qürur hissi duyuram və onlara olan böyük sevgimə görə mən öz imzamı belə yazıram: Şamaxının millət vəkili Elxan Süleymanov.