Şamaxıda “Şamaxı soyqırımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

AzərTAc

Şamaxı, 14 mart (AzərTAc). Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda “Şamaxı soyqrımı-1918-ci il” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvünün, Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının, Ombudsmanın, respublikamızın tanınmış alimlərinin iştirak etdiyi konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının “1918-ci il Şamaxı soyqırımı” mövzusunda tarixi faktlara əsaslanan çıxışı dinlənilmişdir.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov, Şamaxı rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov, ombudsman Elmira Süleymanova, Almaniya Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının üzvü professor Haqqı Kəskin, italiyalı jurnalist Roberto Jumbarello, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış etmişlər.

Natiqlər çar Rusiyasının müstəmləkə siyasətinə uyğun olaraq ermənilərin Şimali Azərbaycana köçürülməsindən, 1905-1906, 1918-1920, 1948-1953, 1988-1994-cü və digər illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirilməsində beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı olmadığını diqqətə çatdırmışlar. Məlumat vermişlər ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda törədilən qətliam ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin tərkib hissəsi, həm də, tədqiqatlardan göründüyü kimi, ən dəhşətlisidir. Şamaxı faciəsi Kürdəmir istiqamətindən göndərilən 400 nəfərlik erməni quldur dəstəsi, sonradan isə Stepan Şaumyan tərəfindən onlara köməyə göndərilmiş 3000 nəfərlik təpədən dırnağadək silahlanmış ermənilərin əli ilə həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası o vaxt müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri təhqiq etmək üçün Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Komissiyanın rəyinə görə, bu, Azərbaycan türklərinə qarşı qabaqcadan hazırlanmış məkrli soyqırımı siyasətinin tərkib hissəsi idi. O vaxt Şamaxı qəzasında 120 kənd olmuşdur ki, bunların da 86-sı erməni təcavüzünə məruz qalmışdır. Komissiyanın hazırladığı sənəddə təsdiq edilir ki, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqdır. Lakin Şamaxının qalan 33 kəndində komissiyanın təhqiqat aparmasının qarşısı alınmışdır. Bunun səbəbi 1920-ci ilin fevralında qəbul edilmiş amnistiya haqqında qanun və sovet Rusiyasının 1920-ci il aprelin 27-də Azərbaycanı işğal etməsi olmuşdur. İşğaldan sonra hadisələrin obyektiv təhqiqi əvəzinə Moskvanın göstərişi ilə Azərbaycan xalqına “dostu düşmən, düşməni dost “ kimi təqdim edən “26 Bakı komissarı” kimi saxta tarixi əfsanələr uydurulmuşdur. 90 ildən çoxdur ki, erməni diasporu havadarlarının köməyinə arxalanaraq beynəlxalq ictimaiyyətə birtərəfli, çox vaxt yanlış, qəsdən təhrif edilmiş mənbələrdən “məlumatlar” verir, diqqəti Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımı siyasətindən yayındırmağı çalışırlar. Bu gün də Ermənistan və erməni diasporu xüsusilə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı qətliamları və 1992-ci ildə dağıdılan Xocalıda əksəriyyəti qadınlar, qocalar və uşaqlar olan 630 nəfər insanın qətlə yetirildiyini də gündəlikdən kənarda saxlamağa cəhd göstərirlər.

Tarixçi alimlər diqqəti bir məsələyə də yönəltmişlər ki, ermənilər Azərbaycanda soyqırımı siyasətini təkcə azərbaycanlılara qarşı yox, yəhudilərə və almanlara qarşı da törətmişlər. Artıq Qubada yəhudilərin yaşadıqları Qırmızı qəsəbədə bu qırğının dəhşətləri tarixi həqiqət kimi öz təsdiqini tapmışdır.

Beynəlxalq konfransda həm də vurğulanmışdır ki, Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırımını əsas məqsədlərindən biri neft və digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə, Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe etmək idi. Təsadüfi deyildir ki, 1918-ci il qırğınlarının həyata keçirildiyi dövrdə, konkret olaraq 1918-ci ilin aprelində Bakıdan Rusiyaya 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 499 min ton neft daşınmışdır.

1918-ci il Şamaxı qətliamları, ümumiyyətlə isə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız 1991-ci il oktyabrın 18-dən – ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra mümkün oldu. Bu sahədə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə, erməni soyqırımının dəhşətli nəticələrinin tədqiqatı uzun illər vaxt tələb edəcəkdir. Hələ arxivlərdə bu hadisələrin dəhşətli mənzərəsini göstərən və hələ də açılmayan yüzlərlə, bəlkə də minlərlə sənəd, erməni qətliamları zamanı öldürülən insanların açılmamış kütləvi məzarlıqları vardır.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları