Şamaxıda Bayram
Şamaxının millət vəkili 23 tələbə və şagirdə fərdi təqaüd verdi, 15 uşaq və yeniyetməni mükafatlandırdı…
Tədbirdə millət vəkili Qafqaz Universitetinin bakalavr pilləsini bitirərək Almaniyanın Flensburq Universitetinin avropaşünaslıq fakultəsinə daxil olan Şamaxı sakini Cəlal Kərimova 1000 avro pul mükafatı verib və onun magistratura təhsili alacağı iki il ərzində təhsilinə mane olmadan Almaniyada aylıq məvacibi 1000 avro olan işlə təmin etdiyini bildirib. E.Süleymanov Şamaxı Müəllimlər İnstitutunun və Şamaxı Hümanitar Kollecinin 4 tələbəsinə özünün təsis etdiyi Xəqani və Sabir təqaüdlərini verib. Bundan əlavə tədbirdə M.Ə.Sabir və S.Ə.Şirvani yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi olmuş 12 şagirdə təqaüd və hədiyyə verilib.
Millət vəkili Elxan Süleymanov 1991-ci ildən bəri 18 oktyabr-Müstəqillik günündə anadan olan 15 uşaq və gəncin hər birinə qarşıdan gələn bayram münasibətilə pul mükafatı və qiymətli hədiyyə verib. Tədbirdə qeyd olunub ki, Milli Məclisə deputat seçildiyi ötən bir il ərzində Elxan Süleymanovun öz təşəbbüsü və maliyyə dəstəyi ilə Şamaxı rayonunda Qarabağ müharibəsi əlilinin övladı üçün toy məclisi təşkil edilib və onun üçün fərdi yaşayış evi tikilib, eləcə də Ə.Xəqaninin büstü və S.Ə.Şirvaninin qəbrüstü abidəsi yenidən qurulub, Şamaxıda yaşayan 200-ə yaxın qəhrəman anaya, eləcə də 130 Qarabağ müharibəsi əlilinə, şəhid ailəsinə və 400-dən artıq imkansız şəxsə müxtəlif bayram günlərində yardımlar verilib. Həmçinin, millət vəkili E.Süleymanov M.Ə.Sabirin anadan olmasının 150 illik yubleyi münasibətilə Belçikada onun heykəlinin ucaldılması üçün qarşı tərəflə razılıq əldə etdiyini və bu günlərdə şairin heykəlinin təməlqoyma mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edəcəyini bildirib. Abidənin gələn ilin mayında, böyük şairin 150 illik yubileyi ərəfəsində açılışı olacaqdır.