Sabir şerlərinin III bədii qiraət müsabiqəsi başa çatır
Mayın 18-də Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu keçiriləcək. “Azadinform” xəbər verir ki, müsabiqənin təqdimat mərasimi isə may ayının 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq. Tədbir çərçivəsində müsabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçiriləcək.
Bu günlərdə təşkilat komitəsinin üzvləri Dəyanət Musayev və Vüqar Tofiqli layihə çərçivəsində Şamaxı rayonunun tədris müəssisələrində görüşlər keçirərək müsabiqənin gedişi ilə maraqlanıblar. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında, Şamaxı Humanitar Kollecdə, şəhər 1 və 5 saylı tam orta məktəbində müsabiqənin gedişi ilə tanış olublar.
Layihə çərçivəsində təşkilat komitəsinin üzvləri həmçinin rayon təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar keçirmişlər. Görüşdə rayonun kənd və qəsəbə məktəblərində çalışan 30 nəfərədək ədəbiyyat müəllimi iştirak ediblər.
SAMF-ın icraçı direktoru V.Tofiqli üçüncü dəfə keçirilən müsabiqənin gedişi barədə ətraflı danışıb. SAMF təmsilçisi müsabiqəyə edilən bəzi əlavələr haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, bu dəfəki müsabiqənin yeniliklərindən biri də M.Ə.Sabirin müasirlərinin yaradıcılığına müraciət edilməsinə şəraitin yaradılmasıdır.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Xatırladaq ki, qaliblərə Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcəkdir.