“..Rayonların 400 min əhalisi məhv ola bilər”
Elxan Süleymanov Sərsəng su anbarı ilə bağlı dünya parlamentarilərinə çağırış etdi
“Keçmiş Ağdərə rayonuna, indi isə Tərtər rayonuna məxsus olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğalı nəticəsində bu anbarda ötən müddət ərzində böyük qəzalı vəziyyət yaranıb. Əgər bu su anbarında qəza baş verərsə, Azərbaycanın işğal altında olmayan daha 7 rayonu yerlə-yeksan və həmin rayonların 400 min əhalisi məhv ola bilər”.
Publika.Az-ın məlumatına görə, belə çağırışla fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bu gün Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin toplantısında çıxış edib.
Onun sözlərinə görə, 25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi belə bir növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq. E.Süleymanov deyib:
“Çox təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkarlığına göz görə-görə göz yumurlar. Onlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyurlar. Bu 25 ildən artıq müddət ərzində işğala məruz qalan və təcavüzə uğrayan Azərbaycan xalqında, Azərbaycan cəmiyyətinə böyük narazılıq və təəssüf hissi doğurur.
Bu gün dünyada beynəlxalq hüququn əsas prinsipi ərazi bütövlüyünün təmin edilməsidir. Biz də Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında ədalətli həllini istəyirik və gözləyirik.
Mən bura gələn nümayəndə heyətlərindən xahiş edirəm ki, onlar öz vətənlərinə geri dönəndə bir daha hökumətlərini bu problemdən xəbərdar etsinlər və Qarabağ münaqişəsinin həllinin ərazi bütövlüyünün təmin edilməsi prinsipinə əsasən çözümünə köməklik göstərmələrinə çağırsınlar”.