QHT “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabını təqdim etdi

14iyun 2012-ci il

Bakıda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir: “20-ci əsrin əvvəllərində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirdikdən sonra bu səfirlik də fəaliyyətini dayandırıb. Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.

Parlamentlərarası əlaqələrin intensivliyi ölkələr arasındakı münasibətlərin daha da inkişafına təsir göstərir. Milli Məclisin dostluq qrupu son 2 ildə Belçikaya 2, qarşı tərəf isə Bakıya 3 dəfə səfər edib. Hər iki ölkənin parlamenti ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq edirlər. Şamaxı rayonu ilə Belçikanın Toyin şəhərinin qardaşlaşması məsələsinə baxılır. Eyni zamanda həmin şəhərdə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin ucaldılması nəzərdə tutulur. Abidənin yaxın bir il ərzində açılması gözlənilir. Oktyabr ayında Belçika teatrlarından birində M. F. Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəlişah” əsərinin tamaşaya qoyulması planlaşdırılır”.

E. Süleymanov deyib ki, Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir. O, təqdim olunan kitabın Azərbaycan-Belçika əlaqələrini geniş işıqlandırdığını vurğulayıb.

Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms isə bildirib ki, səfirlik belə bir kitabın hazırlanmasından məmnundur: “Ölkələr arasında strateji nöqteyi-nəzərdən yaxınlıqlar var. Münasibətlərin daha da yaxınlaşması 2007-ci ildə Belçikanın Azərbaycanda səfirlik açması ilə nəticələndi”.

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq həmsədri Alan Desteks çıxışında deyib ki, Azərbaycan son dərəcə əhəmiyyətli dövlətlərdən biridir: “Azərbaycanın coğrafi mövqeyi bunu deməyə əsas verir. Azərbaycanın bəzi qonşuları var ki, onlarla münasibətlər qurmaq o qədər də asan deyil”.

A. Desteks ölkələrin parlamentləri arasında yaxşı münasibətlərin olduğunu, bu münasibətlərin son illər daha da inkişaf etdiyini söyləyib: “Bir neçə ay əvvəl Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Bu tədbirdə 200-dən artıq adam iştirak edirdi. Dağlıq Qarabağ məsələsinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlxalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir. Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Artıq uzun illərdir dondurulmuş olan bu münaqişə həllini tapmalıdır. Bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir”.

Tədbirdə çıxış edən Azərbaycan XİN-in İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc bu cür kitabların tədqiqatçılar üçün mühüm mənbə rolunu oynadığını vurğulayıblar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları