“Qarabağ münaqişəsi region üçün ciddi təhlükə mənbəyidir

Azərbaycan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Avropada geniş yayılan və uğurla tətbiq edilən muxtariyyət nümunələri əsasında bölgədə yaşayan ermənilərə analoji status verməyə hazır olduğunu bəyan edib.

Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmaması və sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə davam etməsi Azərbaycanı müntəzəm olaraq beynəlxalq səviyyədə problemin həllinə diqqəti cəlb etməyə məcbur edir. Bunu Prezident İlham Əliyevin Azərbaycanda Vətənədaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq tədbirdəki çıxışı zamanı dedikləri də sübut edir. Dünyanın 58 ölkəsindən, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan gələn yüksək səviyyəli nümayəndələrin də iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpa edildiyi 20 il ərzində ölkəmizin keçdiyi böyük inkişaf yolundan danışıb.

Ötən müddət ərzində Azərbaycanın ən böyük probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu söyləyən Prezident Ermənistanın işğalçılıq siyasətini regionda sülh və əmin-amanlığın bərpası, bölgənin sivil inkişafı və dünya birliyi ilə sıx inteqrasiyası yolunda ciddi əngələ çevrildiyini vurğulayıb.

Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan yuxarı azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünə diqqəti cəlb edən Prezident İlham Əliyev: “Bu problem təkcə Azərbaycan deyil, bütün region üçün təhlükə mənbəyidir”,- deyib.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi barədə BMT tərəfindən 4 qətnamə qəbul edildiyini, ancaq onların icra olunmadığını vurğulayan Prezident təəssüflə qeyd edib ki, vəziyyət hələ də dəyişməyib.

Bununla əlaqədar tədbir iştirakçılarına müraciət edən İlham Əliyev onları bu məsələni geniş müzakirə etməyə çağırıb.

Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bundan qürur hissi duyduğunu xüsusi qeyd edən İlham Əliyev: “Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər”,-deyib.

Azərbaycandakı hazırkı vəziyyət barədə danışan Prezident deyib ki, ölkəmizin iqtisadiyyatı inkişaf etdirilməkdədir.

“Azərbaycan ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olmuşdur. İşsizlik problemi həllini tapmış, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalmışdır. Bu il pensiyalar 40 faiz artırılmışdır. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradib” – deyən Prezident İlham Əliyev ölkəmizdə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırdı.

Avropa Birliyi-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Avropa Birliyi ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir və əlaqələrimiz getdikcə daha da güclənəcəkdir: “Avropa Birliyi-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub”.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları