Prezident İlham Əliyev: «Başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır»
Azərbaycan mühüm iqtisadi layihələrin təşəbbüskarıdır
Qonaqları ölkəmizdə salamlayan dövlətimizin başçısı müstəqilliyimizin bərpa edildiyi 20 il ərzində baş verən hadisələrdən danışdı. Müstəqilliyimizin ilk illərində ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın bütün bu çətinliklərin öhdəsindən gələ bildiyini, mürəkkəb vəziyyətdə – 1993-cü ildə xalqımızın müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdiyini dedi. Bildirdi ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyuldu, islahatlar başladı, atəşkəsə nail olundu. 1994-cü ildə ölkəmizin inkişafı üçün mühüm amil olan neft sahəsində “Əsrin müqaviləsi” imzalandı. Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır.
Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən Prezident vurğuladı ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Münaqişə haqqında qonaqlara ətraflı məlumat verən İlham Əliyev bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirdi.
Uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər
“Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib” – deyən Prezident İlham Əliyev münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri xatırlatdı və onların bu günə qədər icra olunmadığını, qəbul edilən qərarların yalnız kağız üzərində qaldığını vurğuladı. Dövlətimizin başçısı tədbir iştirakçılarına müraciət edərək, bu məsələni geniş müzakirə etməyə çağırdı.
İlham Əliyev Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkəmizin bununla qürur hissi duyduğunu vurğuladı. Dövlət başçısı diqqətə çatdırdı ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.
Azərbaycan ən yüksək göstəricilərə nail olub
Azərbaycandakı hazırkı vəziyyət barədə danışan Prezident dedi ki, ölkəmizin iqtisadiyyatı inkişaf etdirilməkdədir. “Azərbaycan ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olmuşdur. İşsizlik problemi həllini tapmış, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalmışdır. Bu il pensiyalar 40 faiz artırılmışdır. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb” – deyən Prezident İlham Əliyev ölkəmizdə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırdı.
Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Avropa İttifaqı ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir. Əlaqələrimiz getdikcə daha da güclənəcəkdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının 20-ci ildönümünə həsr olunan beynəlxalq tədbirdə ölkəmizin əldə etdiyi uğurlarda Qeyri Hökumət Təşkilatlarının da əməyinin olması vurğulanıb.
Tədbirdə çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov tədbirin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin bu tədbirə qatılmasının dövlətin ictimai sektora verdiyi dəstəyin nümunəsi olduğunu bildirib. Bildirib ki, şanlı tarixə malik Azərbaycan Respublikası öz müstəqilliyini 20 il bundan öncə bərpa edib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 17 il bundan öncə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoyub. Bildirib ki, Azərbaycanın 20 ildə əldə etdiyi uğurlar sırasında üçüncü sektorun da əməyi var. O, vətəndaş cəmiyyətlərinin inkişafına yardım istiqamətində Prezident İlham Əliyevin QHT-lərə göstərdiyi dövlət qayğısına görə təşəkkür edib.
Müstəqillik əldə etdikdən sonra Milli Məclis 3200-dən çox qanun və qərarlar qəbul edib
Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etdikdən bu günə qədər keçdiyi inkişaf yolundan danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov xarici qonaqlara ölkəmiz haqqında məlumat verib.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan parlamentinin 20 ildə keçdiyi inkişaf yolu, tarixi və fəaliyyəti barədə qonaqlara məlumat verib. Bildirib ki, müstəqillik əldə etdikdən sonra Milli Məclisdə 3200-dən çox qanun və qərarlar qəbul olunub. Bununla yanaşı hazırda Milli Məclis 75 ölkənin parlamentləri ilə dostluq əlaqələri yaradaraq əməkdaşlıq edir. Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ziyafət Əsgərov bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü regionun inkişafına mənfi təsir göstərir.
Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov da çıxış edib. Bildirib ki, artıq 20 ildir BMT və ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışsa da heç bir nəticə yoxdur. O, həmçinin əlavə edib ki, bugünkü Ermənistanın paytaxtı İrəvan Azərbaycanın tarixi şəhəri olub və hazırkı Ermənistan Azərbaycanın tarixi torpaqları üzərində öz dövlətini qurub. Bu azmış kimi ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanlılar öz tarixi torpaqlarından müxtəlif vaxtlarda deportasiya edilib.
Tədbirdə iştirak edən xarici qonaqlar da toplantının əhəmiyyətindən danışıblar və ölkəmiz haqqında dolğun təəssüratlarını bölüşüblər.
İki günlük tədbir bu gün də sessiyalarla öz işini davam edəcək.