Parisdə AŞPA-nin Hüquq məsələləri və insan hüquqları komitəsinin iclası keçirilib

21 may 2012 -ci il

 Bu gün Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin iclası keçirilib.

SalamNews-un məlumatına görə, iclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilib.

Komitənin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov bildirib ki, hazırki müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət daşıyır. Siyasi məhbus məsələsi 10 ildən çox müddətdə Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti olub. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.

O deyib: “Aparılan işlər nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngiyib. Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edilib. Lakin bəzi qüvvələrin səyləri nəticəsində məsələ yenidən gündəliyə gətirilib, 2009-cu ildə “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” və “Siyasi məhbus anlayışının müəyyən edilməsi” məruzələrinin birləşdirilməsi barədə qərar qəbul edilib, bu məruzələrin hazırlanması isə Kristof Ştrasserə həvalə olunub. Beləliklə, Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşüb. Komitə 2011-ci ilin oktyabrında yenidən məsələyə baxıb, məruzənin adının dəyişdirilərək, AŞ üzv dövlətlərində “Siyasi məhbus məsələlərinə yenidən baxılması” adlandırılması barədə qərar qəbul edib. Lakin Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirib. Nəhayət, Ştrasseri təşəbbüsü ilə hüquq məsələləri Komitəsi 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirib. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri “siyasi məhbus” anlayışının meyarlarının olmadığını diqqətə çatdırıblar. Çıxış edən Komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkiblər”.

E.Süleymanov bildirib ki, məsələ ətrafında yaranmış problemli vəziyyətdən çıxış məqsədilə AŞPA-nın Hüquq məsələləri Komitəsinin 28 üzvü bu il mayın 10-da bu komitənin sədri Kristofer Çopa və Katibliyə müraciət göndəriblər. Parlamentarilər öz müraciətlərində Komitənin mayın 21-də keçiriləcək iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş ediblər.

Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə toxunan deputat deyib ki, Komitənin bu qərarına əsasən, Avropa Şurasında ilk növbədə “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir. Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri komitəsinin 2012-ci il 21 may tarixli qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları