Parisdə AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib

21 may 2012-ci il

Bu gün Parisdə AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib. İclasda  Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilib.

Bu barədə məlumatı “Azadinform”a AŞPA-nın qeyd edilən Komitəsinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.

Millət vəkili bildirib ki, hazırki müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir: “Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddət ərzində Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti olub. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri-müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur”.

E.Süleymanov qeyd edib ki, aparılan işlər nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngidi, Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edildi: “Lakin bəzi qüvvələrin səyləri nəticəsində məsələ yenidən gündəliyə gətirildi, 2009-cu ildə “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” və “Siyasi məhbus anlayışının müəyyən edilməsi” məruzələrinin birləşdirilməsi barədə qərar qəbul edildi, bu məruzələrin hazırlanması isə Kristof Ştrasserə həvalə edildi. Beləliklə, Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşdü”. Onun sözlərinə görə, Komitə 2011-ci ilin oktyabr ayında yenidən məsələyə baxdı, məruzənin adının dəyişdirilərək, AŞ üzv dövlətlərində “Siyasi məhbus məsələlərinə yenidən baxılması” adlandırılması barədə qərar qəbul edib. “Ancaq Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirdi. Nəhayət, Ştrasseri təşəbbüsü ilə hüquq məsələləri Komitəsi 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirib. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri “siyasi məhbus” anlayışının meyarlarının olmadığını diqqətə çatdırdılar. Çıxış edən Komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkdilər. Məsələ ətrafında, yaranmış problemli vəziyyətdən çıxış məqsədilə AŞPA-nın Hüquq məsələləri Komitəsinin 28 üzvü 10 may 2012-ci ildə bu Komitənin sədri cənab Kristofer Çopa və Katibliyə müraciət göndərdilər. Parlamentarilər öz müraciətlərində Komitənin 21 may 2012-ci il tarixdə keçiriləcək iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş etdilər”.

Millət vəkili vurğulayıb ki, prosedur qaydalarına əsasən məsələ 21 may tarixli iclasın gündəliyinə daxil edilib: “Müzakirələr zamanı çıxış edən Komitə üzvləri öz həmkarlarını məsələ ilə bağlı obyektivlik nümayiş etdirməyə və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olmaq üçün Komitə üzvlərinin məruzələrin siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciətini dəstəkləməyə çağırdılar. Səsvermə nəticəsində məruzələrin bölünməsi barədə tarixi qərar qəbul edildi”.

Sonda Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən millət vəkili deyib ki, Komitənin bu qərarına əsasən Avropa Şurasında ilk növbədə “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir. “Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri Komitəsinin 21 may 2012-ci il tarixli qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları