Niderland İnstitutunun nümayəndələri partiya rəhbərləri ilə görüşəcək
4 iyun 2012-ci il
AVRONEST Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigenin rəhbərlik etdiyi Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və NÇDİ-nin Gürcüstan Respublikasındakı yerli nümayəndəsi Levan Tsutskiridzeni millət vəkli Elxan Süleymanova məktubla müraciət edib.
Publika.Az-ın məlumatına görə, məktubda NÇDİ nümayəndələrinin Milli Məclisdə təmsil olunan siyasi partiya təmsilçiləri ilə görüşmək istəyi bildirilir, görüşün təşkilinə millət vəkilinin yardım eləməsi xahiş olunur.
İyunun 3-dən başlanan səfər 5-nə qədər çəkəcək.
NÇDİ nümayəndələrinin Azərbaycana nəzərdə tutulan səfəri faktaraşdırıcı səfər xarakteri daşıyır və Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların NÇDİ ilə əməkdaşlıq maraqlarını öyrənməyə xidmət edir.
Səfərin ilk günündə Kati Piri və Levan Tsutskiridze AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovla görüşərək NÇDİ-nin Azərbaycanda gəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Bakıya səfər çərçivəsində NÇDİ nümayəndələrinin həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev, Ana Vətən Partiyası sədrinin müavini, millət vəkili Zahid Orucla görüşləri nəzərdə tutulub.
NÇDİ 2000-ci ildə 7 holland siyasi partiyası tərəfindən təsis edilib. İnstitut siyasi dialoq və siyasi islahat proseslərində 10 illik təcrübəyə malikdir. Təşkilatın mandatı gənc demokratiyaların siyasi sistemini gücləndirməkdir.
Hazırda NÇDİ 21 proqram ölkəsindən 150 siyasi partiya ilə əməkdaşlıq edir.