Millət vəkili Elxan Süleymanovun ABŞ konqresmeninə məktubu
konqresmen cənab Adam Şiffə
Cənab
Şiff,
Siz bu günlərdə Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın
“Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında
Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən, onların
Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı
deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağvə digər işğal olunmuş ərazilərində
zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında
sizin və ABŞ dövlət katibinin Avropa və
Avrasiya üzrə köməkçisixanım Viktoriya Nulandın
xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə
təsdiqləndiyini ifadə edirsiz.
Etiraf edim ki, müsahibə zamanı sizin səsləndirdiyiniz fikirlər məni heç
də təəcübləndirmədi, sadəcə olaraq müəyyən suallar yaradır. Qəbul edilən bu qətnaməyə “su
ilə bağlı hansısa qətnamə” kimi yanaşmaqla görünür özünüzə təsəlli tapırsınız.
Əvvəla siz çox yaxşı bilirsiniz ki, AŞPA-nın qış sessiyasında qəbul
olunan 2085 (2016) saylı qətnamə heç də yalnız su ilə bağlı deyil. AŞPA bu qətnaməni
qəbul etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti
tərəfindən işğal edilməsi və indiyədək işğal altında saxlanmasını vurğulayır,
Ermənistanın silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb
edir, Ermənistanın sudan silah kimi istifadə etməsini “ekoloji təcavüz” hesab
edir, Sərsəng su anbarının səbəb olacağı humanitar fəlakətin, Azərbaycanın cəbhəyanı
bölgəsindəki 6 rayonun 400 mindən çox sakininin bu fəlakətin qurbanına çevrilməsinin
məsuliyyətini birmənalı şəkildə Ermənistan dövlətinin üzərinə qoyur, bundan
sonra Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi təqdim etməsini
mümkünsüz edir.
Sizi BMT TŞ-nın (822, 853, 874 və 884 saylı), Avropa Parlamentinin,
ATƏT PA qətnamələrini, AŞPA-nın 1416 (2005) saylı və 2085
(2016) saylı qətnamələrini bir daha oxumağa çağırıram. Sizin su ilə bağlı sənəd
kimi qiymətləndirdiyiniz AŞPA qətnaməsi 23
il ərzində ilk dəfə olaraq, beynəlxalq təşkilatlarda (İƏT istisna olmaqla) qəbul
olunmuş bütün qətnamələrdən fərqli olaraq, Azərbaycan torpaqlarının erməni
silahlı qüvvələri və separatçılar tərəfindən deyil, məhz Ermənistan dövləti tərəfindən
işğal edilməsini açıq-aşkar təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin
işğal zonasından qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Bundan
sonra təsəllinizin əbəs olduğunu görəcəksiniz!
Sizin Azərbaycan
torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi barədə qətnamənin qəbuluna
qarşı çıxmağınızı da anlayıram. Çünki bu mövqeyiniz 1992-ci ildən başlayan qərəz və təxribatlarınızın
davamı idi.
Xatırladıram ki, ABŞ
dövlət katibinin köməkçisinin, həmçinin ATƏT-in Misk Qrupu həmsədrlərinin,
Avropa Şurasına üzv dövlətlərinin böyük əksəriyyətinin hakimiyyət nümayəndələrinin
ciddi səylərinə baxmayaraq, AŞPA-nın 2085 (2016) saylı qətnaməsi bütün
(İslam Əməkdaşlıq Təşkilatı istisna olmaqla) beynəlxalq təşkilatların yalanlarını
ifşa etdi.
Elxan Süleymanov
Azərbaycan parlamentinin
deputatı,
AŞPA-nın üzvü