Millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa müraciət edib
Maliyyə pozuntuları və vergidən yayınmaya görə xanım Leyla Yunus və cənab Arif Yunusa qarşı irəli sürülmüş hüquqi proseslərə dair 15 avqustda etdiyiniz müraciəti təəssüflə oxuduq. Lakin siz yenidən üçüncü ölkənin – azad və suveren dövlət olan Azərbaycanın məhkəmə məsələlərinə qarışmağı seçdiniz.
İsmarışınız heç bir halda Yunus cütlüyünə qarşı irəli sürülmüş ittihamlardan bəhs etmir və siz bu hökmlərin əsaslı olduğuna qəti məhəl qoymamısınız. Mən, sizdən fərqli olaraq, məhkəmənin işinə qarışmaq istəmirəm, lakin bu iki şəxsə qarşı irəli sürülmüş real ittihamların olduğunu belə qəbul etmədən tənqid yolunu seçməyiniz görünməmiş haldır.
İstənilən ölkənin vergi və maliyyə qanunvericiliyi həmin ölkənin daxili məsələsidir. Azərbaycanın vergi siyasəti heç bir halda Aİ-yə üzv dövlətlərin vergi siyasətindən daha sərt deyildir. Bu qanunlara görə, əgər hər hansı bir şəxs cinayət əməli törədirsə, gəlirlərini düzgün formada elan etmirsə, maliyyədən sui-istifadə edirsə və maliyyə əməliyyatlarını elan etmirsə, Azərbaycanda olduğu kimi, sizin ölkənizdə də məhkəməyə cəlb edilir. Və əgər həmin şəxs təqsirli hesab edilirsə, törətdiyi cinayət əməlinin ağırlığına görə barəsində hökm çıxarılır.
Azərbaycanın “mühüm tərəfdaş” olduğunu hesab edirsinizsə, buna uyğun davranın. Mülki və cinayət hüququ məhkəmələrində məhkum edilmiş cinayətkarları daima müdafiə etmək istəmədiyinizi göstərin və haqlı olaraq məhkum edilmiş şəxslərin azadlığa buraxılması üçün çağırışlar etməyin! Azərbaycan parlamenti Almaniya qanunlarına uyğun olaraq məhkəməyə cəlb olunub, həbs edilmiş müxtəlif alman vətəndaşlarını azadlığa buraxmaq üçün fasiləsiz çağırışlar etsə (siz bunu müvafiq hesab edirsiniz), necə reaksiya verərdiniz?
Lakin məlumatınız olsun ki, Azərbaycanda bütün məhbuslarla humanitar hüququn ən ali standartlarına uyğun rəftar olunur. Xanım Yunusun və digər məhbusların sağlamlığına nəzarət olunur və hər zaman tibbi yardım göstərilir. Bundan əlavə, son illər Prezident bir çox xəstə məhbuslarla bağlı dəfələrlə əfv fərmanı imzalamışdır.
Buna baxmayaraq, fasiləsiz hücumlarınız nəticəsində Azərbaycan ictimaiyyəti ümumilikdə Avropa İttifaqı və xüsusilə Avropa Parlamentinə qarşı çox tənqidi və mənfi fikirdədir. Sizin bu kimi ismarışlarınız mənfi şərh ediləcək. Bu səbəbdən çətin ki bu kimi imarışlarınızla kimsə azad oluna, çünki əhali bunu Aİ-nin şəxsi, daxili məsələlərimizə müdaxiləsi kimi qəbul edəcək.
Xahiş edirəm öz etibarlılığınız və nüfuzunuz, eyni zamanda Azərbaycanda məhkəmənin vəziyyəti naminə bu kimi əsassız ittihamlar yaxud qeyri-müvafiq çağırışlar etməzdən əvvəl yaxşı düşünün. İsmarışlarınız Aİ-Azərbaycan əlaqələrinə, Azərbaycan vətəndaşlarının və siyasətçilərinin Aİ-yə inamına xələl gətirir və lüzumsuz olaraq adi cinayətkarların məhkəmə işlərinə siyasi çalar verir. Cənab Prezident, siz bu insanlara yaxşılıq deyil, pislik edirsiniz.
Xahiş edirəm Azərbaycanla bağlı strategiyanız (əgər varsa) haqqında yenidən düşünün. Tərəfdaşlığımıza dəyər verirsinizsə, Avropa Parlamentinin bu dəyəri göstərməyinin vaxtıdır.
Hörmətlə,
Elxan Süleymanov
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri