Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa olunan Qaraman kənd məktəbinin açılışı oldu
Göyçay rayonunun Qaraman kəndində yeni tikilmiş məktəb binasının açılışı olub. 1903-cü ildə böyük maarif fədaisi Hacı Rəhim Əfəndinin əsasını qoyduğu məktəbin binası onun nəvəsi, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yenidən inşa olunub.
Qaraman kənd tam orta məktəbinin yeni binasının açılışı mərasiminə rayon rəhbərliyi, Qaraman məktəbinin yetirmələri, rayon ziyalıları və kənd sakinləri toplaşmışdılar. Mərasimi giriş sözü ilə məktəbin direktoru Məlahət İsmayılova açdı. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə, Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov, Hacı Rəhim Əfəndinin nəvəsi, millət vəkili Elxan Süleymanov, millət vəkili Elman Nəsirov, Pedaqogika üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim Nadir Abdullayev, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Atəş Abdullayev, qocaman müəllim Məzahir Məmmədov, şair Musa Yaqub, millət vəkili Elxan Süleymanovun təqaüd verdiyi şagirdin valideyni Gülnarə Cavadzadə və başqaları çıxış etdilər.
Çıxışçılar Qaraman kənd məktəbinin şanlı tarixi, onun Azərbaycan elminə bəxş etdiyi görkəmli ziyalılar haqqında danışdılar.
Qeyd edək ki, məktəbin yeni binası kifayət qədər qısa müddət ərzində başa gəlsə də, bu profilli tikintilər üçün nəzərdə tutulan bütün tələblərə cavab verir. Məktəb böyükdür, genişdir, işıqlıdır. 12 sinif otağı, kitabxana, laboratoriya, hərbi hazırlıq, kompüter otaqları, 2 akt zalı, bufet və daxili qapalı həyət məktəblilərin ixtiyarına verilib.
Şamaxı rayonunun Məlcək kəndində də millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yeni ümumi orta məktəb binası inşa edilmişdir. Bu gün saat 15:00-da həmin məktəb binasının da açılışı olacaqdır.