Millət vəkili Norveçin Azərbaycandakı səfirinə açıq məktub yazıb


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-da Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Norveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyəti səfiri Erlinq Şönsberqə açıq məktub yazıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Bu günlərdə bəzi saytlarda ölkənizin Azərbaycandakı səfirliyi vasitəsilə cari ilin 4 noyabrında Bakıda siyasi tədbir təşkil etdiyini və yaxud ən azı bu tədbiri fəal surətdə dəstəklədiyi haqqında məlumatlar yayımlandı. Bu xəbərlər şəxsən məndə dərin təəssüf hissi oyadıb. Həmin gün “İnsan Hüquqları uğrunda” adlı QHT “BMT və AŞ meyarları əsasında siyasi məhbusların müəyyənləşdirilməsi və azad edilməsinə müraciət” məsələsinə dair konfrans təşkil edəcək. İki ildən artıqdır ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti AŞPA çərçivəsində həmin meyarlarla bağlı açıq və şəffaf müzakirəyə başlamaq üçün (təəssüf ki, uğursuz olaraq) müraciətlər edir. Bəzi QHT-lər Azərbaycanın bir sıra müxalifət partiyaları ilə birgə bütün vasitələrlə bu müzakirələrin baş tutmaması üçün çalışır, bu açıq müzakirənin aparılmaması məqsədilə xarici ölkələr və onların səfirlərinə dəstək üçün müraciət edirlər.

 
Ölkənizin bu yanaşmanı dəstəkləməsi həm təəccüblü, həm də təəssüf yaradan məqamdır. Hər halda şəxsən mənim üçün. 
Azərbaycan Respublikası uzun müddət meyarlara dair müzakirələrin olacağını gözləməli olub. Özü də həmin məsələ üzrə faktaraşdırıcı məruzə tərəfindən “öyrənilən” yeganə ölkə ola-ola. Xoşbəxtlikdən, bu yaxınlarda AŞPA institutları nəhayət bu məsələnin təkcə Azərbaycana deyil, AŞ-nın bir sıra üzv ölkələrinə aid ola bilməsi həqiqətini qəbul etdi. Sözügedən məruzənin adı yeni redaksiyada belə səslənir: “Siyasi məhbuslar məsələsinə yenidən baxılması”. Eyni zamanda, bu məruzənin dəqiq müəyyənləşdirilmiş hissəsi olaraq, anlayış və meyarlara dair müzakirəni daxil etmək qərarı da verildi.
Bütün üzv dövlətlərlə eyni cür rəftar ediləcəksə etibar da yarana bilər. Bu yeni yanaşma AŞPA-ya bundan sonra bu həssas məsələ ilə tam hərtərəfli və bitərəf formada məşğul olmağa imkan verəcək, belə ki, məruzə 47 üzv dövlətin hamısını əhatə edəcək və bütün aidiyyəti ölkələrə eyni faktaraşdırıcı missiyalar təşkil ediləcək və iddia edilən bütün ayrıca hallara eyni meyarlar əsasında baxılacaq.
İlkin yanaşmada almaniyalı məruzəçi cənab Ştrasserin bütün üzv ölkələrdə siyasi məhbusların mövcudluğunu hansı meyarlarla yoxlamaq və çərçivə istinadı kimi, hansı sənəddən istifadə etmək istədiyini öyrənmək maraqlı olacaq. Deyilənə görə, AŞPA-nın Hüquq Məsələləri Komitəsinin Katibliyi də müzakirədən çəkinmək məqsədilə BMT tərəfindən Namibiya halında müəyyənləşdirilmiş qeyri-müəyyən 1991-ci il meyarlarına istinada üstünlük verir. Qeyd etməliyəm ki, BMT çərçivəsində “siyasi məhbus” anlayışı yeganə hal kimi 1989-1990-cı illərdə bu qurumun Namibiyada həyata keçirdiyi barışıq missiyası zamanı professor Karl Aage Nerqaard tərəfindən hazırlanıb və “Nerqaard prinsipləri” adlandırılan meyarlar əsasında istifadə edilib. Xüsusilə vurğulamalıyam ki, “Nerqaard prinsipləri” nə Namibiyada tətbiq edildiyi zaman, nə də sonradan BMT-nin hər hansı səlahiyyətli orqanı tərəfindən bütün üzv dövlətlərə şamil edilə biləcək universal sənəd kimi təsdiq edilməyib. Bildiyiniz kimi, bu meyarlar AŞPA-nın plenar sessiyasında da heç zaman müzakirə və ya təsdiq edilməmişdir. Bundan əlavə, bu gün bu meyarların müəyyənləşməsindən 20 ildən çox vaxt keçir. Təsəvvür edirsinizmi? O zaman hətta beynəlxalq hüquqda “terrorçu” anlayışı təqdim edilməmişdi və adı çəkilən meyarlar həmin zaman kəsiyində müstəsna olaraq, yalnız BMT-nin həmin Cənubi Afrika dövlətinin vəziyyəti ilə necə məşğul olacağına aid idi.
Bu səbəbdən Bakıda 4 noyabr tədbirinin təşkilatçılarının “BMT və AŞ meyarları əsasında” ifadəsi ilə nə demək istədiklərini anlamıram, belə ki, bu meyarlar mövcud deyildir.
Təəssüf edirəm ki, zəngin demokratik ənənələrə malik olan ölkəniz Səfirlik vasitəsilə hər hansı ümumtanınmış standartlar və ya meyarlar müəyyən etmədən iddia edilən siyasi məhbusların adlarından ibarət siyahı qurmaq istəyən QHT-nin bu təşəbbüsünü dəstəkləyir. Aydındır ki, onların öz siyasi məqsədlərinə nail olmaq üçün yeganə hədəfi heç bir meyar olmadan siyasi sövdələşmə vəziyyəti yaratmaq və siyasi məhbus adı altında ölkəmizə xələl gətirməkdir. Bundan əlavə, faktiki, yenilənmiş və ümumi meyarlara dair istənilən açıq, demokratik və ya şəffaf müzakirədən qaçmaq bu şəxslərə istədiklərini elan etmək imkanı verir. Xahiş edirəm, siyasi məhbusla bağlı meyarlar olmadan dəyərli dəstəyinizi nəyə verdiyinizi anlayın…
Fikrimcə, əvvəlcə AŞPA meyarları ilə bağlı qərar vermək və bu meyarların bütün üzv dövlətlərə bərabər formada aid etmək lazımdır. Təkrar edirəm, təkcə Azərbaycana deyil, AŞPA-ya üzv olan bütün ölkələrə.
Bizim üçün hüquqi əminlik qanunun aliliyinin ən mühüm elementlərindəndir. Niyə sizin üçün yox?”

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları