Millət vəkili Elxan Süleymanov hesabat verib

Millət vəkili Elxan Süleymanov hesabat verib. “Azadinform” millət vəkilinin hesabatını təqdim edir. 

Seçici müraciətləri

Şamaxının millət vəkilinin ünvanına 1 il ərzində yüzlərlə müxtəlif xarakterli seçici məktubları, ərizə və şikayətlər  daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan 2011-ci il noyabrın 30-dək olan dövr ərzində ümumilikdə 856 yazılı müraciət edilmişdir. Həmin müraciətlərdən 225 müraciət sosial problemlər, 278 müraciət iqtisadi problemlər, 353 müraciət isə maddı yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
Təbii ki, seçicilər həm də şifahi müraciətlər etmişlər. Yenə də hesabat dövrü olan 30 noyabr 2010 – 30 noyabr 2011-ci il ərzində 452 şifahi müraciət edilmişdir ki, öz növbəsində həmin müraciətlərin də 98-i sosial problemlər, 165 müraciət iqtisadi problemlər, 189 müraciət isə digər ptoblemlərlə əlaqədar edilmişdir.
Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 15-i hazırda icra olunmaq ərəfəsindədir, qalan 164 müraciət isə aidiyyatı üzrə orqanlardadır və nəticəsi barədə hələlik cavab verilməyib.
Vətəndaşlar tərəfindən edilmiş 156 müraciət hüquq normaları ilə müəyyən edilməyən hallara dair olduğu səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş şəxslərə müvafiq izahat verilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdə 1 təklif verilmişdir.
Ötən dövr ərzində seçicilər tərəfindən edilmiş 22 müraciət müsbət həll olunmuşdur. Müsbət həllini tapmış problemlər aşağıdakılardır:


1. Şamaxı şəhəri, Sabir qəsəbə sakini Rahim Musayevə məxsus zəbt olunmuş torpaq sahəsi qanunvericiliyə müvafiq olaraq geri alınaraq vətəndaşın istifadəsinə verilmişdir;
2.  Şamaxı şəhəri, Sabir qəsəbə sakini Şıxıyev Əvəz Şıxı oğluna məxsus torpaq sahəsinə qanunvericiliyə müvafiq olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
3. Şamaxı şəhəri, Göylər kənd sakini Fizuli Həsənova ona məxsus həyətyanı sahəyə qanunvericiliyə müvafiq olaraq Şəhadətnamə alınmasında yardım göstərilmişdir;
4. Şamaxı şəhər sakini Mələk Dəmirovaya qaz sayğacı ilə bağlı probleminin həllində köməklik göstərilmişdir;
5. Məlhəm kənd sakini Səidə Mahmudovanın iki məktəbyaşlı oğlu məktəbli forması və lazımi dərs vəsaitləri ilə təmin edilmişdir;
6. Şamaxı şəhər sakini Rizvan Mayılova əməliyyat olunması üçün maddi yardım edilmişdir;
7. Muğanlı qəsəbə sakini Qahir Fətəliyevin mağazasının qarşısında hasar çəkilməsi ilə əlaqədar mövcud problem həll olunmuşdur;
8. Göylər kənd sakini, 2-ci qrup əlil Daşqın Niftalıyev səhhətinin bərpa olunması məqsədi ilə rentgen və həkim müayinəsindən keçirilmiş, onun xaricdə müalicə olunması üçün müvafiq orqanlara müraciət edilmişdir;
9. Çuxuryurd kənd sakini Elçin Şıxəliyev Millət vəkilinin dəstəyi ilə Moskva şəhərinə ixtisaslı tibb müəssisəsinə  müalicəyə göndərilmişdir;
10. Qaravəlli kənd sakini Ağagül Zülfüqarov əlil arabası ilə təmin edilmişdir;
11. Şamaxı şəhər sakini Aysun Axundovanın yaşayış evinin dam örtüyünün bərpa olunması üçün yardım edilmişdir;
12. Mədrəsə qəsəbəsi də daxil olmaqla rayonun bir neçə kəndinə evlərin dam örtüklərinin bərpası üçün şifer verilmişdir;
13. Mədrəsə qəsəbə məscidinə 3 ədəd kondisioner verilmişdir və s.

Seçicilərlə görüşlər

Ötən dövr ərzində 14 dəfə seçicilərlə, o cümlədən 29.12.2010 və 30.12.2010 tarixlərində yeni il münasibətilə Şamaxı seçiciləri ilə, 17.02.2011-ci il tarixində Şamaxı şəhərində yerləşən Texnikum və Kolleclərin müəllim və tələbə kollektivləri ilə, 07.03.2011-ci il tarixində Qəhrəman və çoxuşaqlı Analarla, 07.05.2011-ci il tarixində müharibə veteranları ilə görüşlər keçirilmiş və seçicilərin təklif və problemləri dinlənilmişdir.
Ümumiyyətlə isə 25 dəfə Şamaxı seçiciləri ilə kütləvi görüşlər, həmçinin mətbuat konfransı və brifinq keçirilmişdir. O cümlədən:
– 14.03.2011-ci il tarixində Şamaxı şəhərində “Şamaxı soyqırımı (1918-ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçirilmiş və eyni adlı kitabın təqdimat mərasimi olmuşdur. Tədbirdə Almaniya Parlamentinin millət vəkili və Avropa Şurası Parlament Assambleyasının üzvü (2005-2009), professor Haqqı Kəskin, AŞPA-nın fəxri deputatı, Qərbi Avropa İttifaqı Assambleyasının fəxri prezidenti Stef Qoris, İspaniyalı senatorlar Almodobar Aqustin, Diaz Arkadio, İtaliya senatoru, AŞPA-nın üzvü Nessa Pasquale, Almaniya Bundestaqının deputatı, AŞPA-nın üzvü Karin Strenz, Almaniya Bundestaqının sabiq üzvü, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eduard Lintner, finlandiyalı jurnalist, ATƏT-in parlament Assambleyasının üzvü Esa Tuominen, italiyalı jurnalist Roberto Jumbarello Kobalyero, eləcə də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin bir sıra deputatları, elm xadimləri, ziyalılar və digər qonaqlar da iştirak etmişlər;
– 21.05.2011-ci il tarixində S. Ə. Şirvaninin qəbirüstü abidəsinin yenidən bərpası və açilişı ilə əlaqədar tədbir keçirilmişdir;
– Millət vəkilinin təşəbbüsü və “Söz Azadlığını Müdafiə Fondu”nun (Elxan Süleymanovun rəhbərlik etdiyi AVCİYA-nın üzvü) təşkilatçılığiı ilə Şamaxıda görkəmli satirik-şair M.Ə.Sabirin yaradıcılığının bədii qiraət müsabiqəsi keçirilmiş, müsabiqənin qalibləri 25.05.2011-ci il tarixində təşkil olunan Sabir Günündə mükafatlandırılmışlar. Şamaxı rayon Mədəniyyət evində keçirilən Sabir günündə rayon ziyalıları ilə yanaşı Bakıdan dəvət olunmuş tanınmış qələm ustaları və alimlər də iştirak etmişlər.

Deputat köməkçiləri tərəfindən 73 seçici qəbul olunmuş və edilən müraciətlərə baxılmışdır.

Bu dövr ərzində həmçinin 67 xeyriyyəçilik tədbiri keçirilmişdir. O cümlədən:

– yeni il münasibəti ilə Şamaxı şəhərinin bütün uşaq bağçalarında tərbiyə alan uşaqlara yeni il hədiyyələri verilmişdir;
– Novruz bayramı münasibətilə bütün şəhid ailələrinə bayram sovqatları verilmişdir;
– 8 mart Qadinlar bayramı münasibətilə Qəhrəman Analara hədiyyələr təqdim olunmuşdur;
– 9 may Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsi veteranlarına hədiyyələr təqdim olunmuşdur;
– Azərbaycan Kooperasiya Universitetində təhsil alan bir tələbənin və Şamaxı Texniki Kollecində təhsil alan bir tələbənin illik təhsil haqqları ödənilmişdir;
29.12.2010-cu il tarixində Şamaxı rayonunun Məlhəm kəndində böyük mütəfəkkir şairimiz Xaqaninin abidəsi ucaldılmiş və bununla əlaqədar tədbir keçirilmişdir;
– Tanınmış Şirvan aşığı Aşıq Şərbətin “Azərbaycanım” adlı şeirlər kitabı çap olunmuş, 07.05.2011-ci il tarixində kitabın təqdimat mərasimi keçirilmişdir;
– S. Ə. Şirvaninin qəbirüstü abidəsi yenidən bərpa olunmuş və 21.05.2011-ci il tarixində abidənin açilişı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə həmçinin 2 şagirdə, Nəcəfova Fəridə Elçin qızına və Ataşikişiyev Asim Mehman oğluna aylıq təqaüd ayrılması barədə qərar verilmiş, Şamaxıda yerləşən qəzalı məktəblərdən birinə S. Ə. Şirvaninin adının verilməsi üçün Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur;
– 4 nəfər tələbəyə, Şamaxı Humanitar Kollecinin tələbələri – Rəşidova Ayşən Elşən qızına və İsgəndərov İlham İsmayıl oğluna, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri – Gülalıyev Fikrət Kərim oğlu və Abdullayeva Süsən Qadir qızına hər birinə ayda 100 manat olmaqla Elxan Süleymanovun təsis etdiyi Xəqani və Sabir təqaüdləri verilir;
– Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 6 şamaxılı gəncin hər birinə – Altay Kərimli, Göyçək Vəliyeva, Gülnarə Orucova, Ceyhun İsgəndərov, Əzizalı Ağayev və Cavidan İsgəndərova  100 manat təqaüd verilib və onlara təhsil aldıqları 4 il ərzində hər ay 100 manat təqaüd ödəniləcəyi bildirilib;
– Qafqaz Universitetinin bakalavr pilləsini bitirərək Almaniyanın Flensburq Universitetinin Avropaşünaslıq fakultəsinə daxil olan Şamaxı sakini Cəlal Kərimova 1000 avro pul mükafatı verilib və onun magistratura təhsili alacağı iki il ərzində təhsilinə mane olmadan Almaniyada aylıq məvacibi 1000 avro olan işlə təmin ediləcəyi bildirilib;
– M.Ə.Sabir və S.Ə.Şirvani yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi olmuş 12 şagirdə təqaüd və hədiyyələr verilib;
– 1991-ci ildən bəri 18 oktyabr-Müstəqillik günündə anadan olan 15 uşaq və gəncin hər birinə bayram münasibətilə pul mükafatı və qiymətli hədiyyələr verilib;
– Mədrəsə kəndində bir neçə evin dam örtüyünün yenilənməsinə yardım edilib;
– Millət vəkilinin təşkilatçılığı ilə Şamaxıda bədii özfəaliyyət ansamblı yaradılmışdır;
– Mayın 24-də Şamaxı rayonunda Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi keçirilmişdir. Müsabiqənin münsiflər heyətində  kinorejissor Tofiq İsmayılov, əməkdar artist Ağalar Bayramov, filoloqlar Asif Hacılı və Nadir Abdullayev, xalq şairi Musa Yaqub kimi Azərbaycanın sayılan ziyalıları yer alıb. 2011-ci il mart ayının 1-də start verilən müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak etmişlər. Qaliblərə millət vəkili Elxan Süleymanov tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, onlara pul mükafatı, kitablar və diplomlar verilmişdir. Bununla yanaşı, 10 nəfər qalibin hər birinə Sabirin 150 illik yubileyinədək 50 manat təqaüd verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Assosiasiya Söz Azadlığını Müdafiə Fondu ilə birlikdə Sabir yaradıcılığına həsr olunan ümumrespublika bədii qiraət müsabiqəsinə start verib. Bununla bağlı təşkilat komitəsi yaradılıb. Müsabiqəyə 2012-ci ilin may ayında Şamaxıda yekun vurulacaqdır;
– 07 İyul 2011-ci il tarixində Şamaxı rayonunda xeyriyyə tədbiri keçirilib. Millət vəkili Elxan Süleymanovun dəstəyi və təşkilatçılığı ilə rayonun Qalaybuğurt kənd sakinləri Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin oğlu Bəhlul və Ramilənin toy mərasimi təşkil edilib. Rayon mərkəzindən 35 kilometr aralıda dağlıq ərazidə yerləşən kənddə milli adət-ənənələrə uyğun olaraq təşkil edilən toy mərasimində Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blanşar başda olmaqla 5 nəfər Belçikalı deputat, eləcə də Milli Məclisin deputatları Qənirə Paşayeva, Əli Hüseynli, Xanhüseyn Kazımov, Rövşən Rzayev, Azər Kərimli, rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, rayon ziyalıları, yerli sakinlər iştirak edib. Beş yüz nəfərin iştirak etdiyi mərasimdə çıxış edən deputatlar yeni ailə quran bəy və gəlinə xeyir-dua verib, onları təbrik edərək xoşbəxtlik diləyiblər.

Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blanşar çıxışında ilk dəfə olaraq bu cür toyda iştirak etdiyini etiraf edib, mərasimdə Azərbaycanın milli adət-ənənələri, yeməkləri ilə yaxından tanış olduğunu bildirib və bu xeyriyyə tədbirinin təqdirəlayiq olduğunu qeyd edib.
Toy mərasiminin keçirildiyi həyətyanı sahədə yeni ailə quran gənclər üçün tikiləcək evin təməli qoyulub. Elxan Süleymanov gənclərə 4 otaqlı hər cür şəraiti olan ev inşa olunmasında yardımçı olacağını bildirib. Xalq artisti Alim Qasımovun, əməkdar artistlər Azərin və Zabit Nəbizadənin, yeni ulduzlar Vüsal, Valeh və Ramal İsrafilov qardaşları, Antik Seyidovun rəhbərliyi ilə Şamaxı bədii özfəaliyyət ansamblı və yerli aşıqların səsləndirdiyi mahnılar mərasim iştirakçılarına xoş anlar bəxş edib.

– 2011-ci il noyabrın 5-də Qalaybuğurt kəndində Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin yeni ailə həyatı qurmuş oğlu Bəhlul Hacıyev üçün Elxan Süleymanovun təşəbbüsü, dəstəyi və təşkilatçılığı ilə inşa edilmiş evin açılışı olub. Açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filipp Blanşar da iştirak edib. F. Blanşar gənc ailəyə hədiyyələr təqdim edib;
– 04-08 iyul 2011-ci il tarixlərində Millət vəkili Elxan Süleymanovun dəvəti ilə Filipp Blanşarın rəhbərliyi altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmiş, səfər çərçivəsində həmçinin Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla görüşmüşlər. Görüş zamanı Azərbaycanın Şamaxı və Belçikanın Thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq əldə edilmişdir. Daha sonra Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov 26-28 avqustda Belçikaya səfər edib. Səfər zamanı cənab Blanşarın meri olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib;
– 11.08.2011-ci il tarixində Göylər kəndində dindarlar üçün iftar süfrəsi açılmışdır;
– 12.08.2011-ci il tarixində Mədrəsə kəndində dindarlar üçün iftar süfrəsi açılmışdır;
– 30.08.2011-ci il tarixində Ramazan bayramı günündə millət vəkilinin təşəbbüsü ilə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də İkinci Dünya müharibəsi iştirakçılarının ailələlərinə bayram sovqatı paylanmışdır. Aksiya çərçivəsində 130-dan artıq ailəyə bayram sovqatı təqdim edilmişdir;
– 6 noyabr 2011-ci il tarixdə Qurban bayramı münasibətilə Millət Vəkilinin Şamaxıdakı qərərgahının qarşısında qurbanlar kəsilmiş və bir çox ailələrə Qurban sovqatı verilmişdir.


Hüquqi yardım

Mütəmadi olaraq E. Süleymanovun Şamaxı şəhərində yerləşən Qərərgahında Şamaxı sakinlərinə hüquqi yardım göstərilməsi işi təşkil olunmuşdur. Bu dövr ərzində hüquqşünaslar tərəfindən 85 nəfərə hüquqi məsləhətlər verilmiş, edilən müraciətlərlə əlaqədar 20 vətəndaşın işi ilə bilavasitə məşğul olunmuş və problemləri müsbət həll olunmuşdur.
Hesabat dövrü ərzində 21 deputat sorğusu edilmiş və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikası Qanunu”na əlavələr edilməsi haqqında Qanun layıhəsi hazırlanaraq Milli Məclisin Qanunvericilik Komitəsinə təqdim olunmuşdur.

Millət vəkili Elxan Süleymanov Şamaxı rayonundakı fəaliyyəti ilə yanaşı Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, “AVRONEST” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyası Sədrinin müavini və büro üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi xarici fəaliyyətini də uğurla davam etdirir.
Bütün bu sadalananlar Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi və təşkilatçılığı ilə  1 il ərzində görülən işlərin qısa xülasəsidir. Lakin hələ qarşıda görüləcək işlər və həll olunmalı problemlər çoxdur.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları