Millət vəkili: Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir

14 iyun 2012-ci il

Bu gün Bakıda Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycan-Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan-Belçika parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri, Şamaxı rayonundan Milli Məclisin deputatı Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün önəmlidir.

20-ci əsrin əvvəllərində Bakıda Belçika səfirliyi açılsa da, Azərbaycan müstəqilliyini itirəndən sonra bu səfirlik də fəaliyyətini dayandırdı. Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.

“Münasibətlər ötən 20 il ərzində əməkdaşlıq və qarşılıqlı hömət ruhunda davam etdirilir”, – deyən Süleymanov ötən dövrlərdə Azərbaycan rəsmilərinin Belçikaya çoxsaylı səfərlər etdiyini vurğulayıb.

O bildirib ki, tərəflər arasında imzalanmış sənədlər ölkələr arasında normativ-hüquqi baza yaradıb. Parlamentlərarası əlaqələrin intensivliyi ölkələr arasındakı münasibətləri daha da inkişafına təsir göstərir.

Süleymanovun sözlərinə görə, Milli Məclisdə dostluq qrupu son iki ildə Belçikaya iki, qarşı tərəf isə Bakıya üç dəfə səfər ediblər. Hər iki ölkənin parlamenti ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlar, o cümlədən Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq edir.

Millət vəkili deyib ki, hazırda Şamaxı rayonu ilə Belçikanın Toyin şəhərinin qardaşlaşması məsələsinə baxılır. Eyni zamanda, həmin şəhərdə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin ucaldılması nəzərdə tutulur. Abidənin yaxın bir il ərzində açılması gözlənilir.

Oktyabr ayında isə Belçika teatrlarından birində M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşaya qoyulması planlaşdırılır.

Süleymanov bildirib ki, Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir.

Millət vəkili təqdim olunan kitabın Azərbaycan-Belçika əlaqələrini geniş işıqlandırdığını vurğulayıb.

Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms bildirib ki, səfirlik belə bir kitabın hazırlanmasından məmnundur. Ölkələr arasında strateji nöqteyi-nəzərdən yaxınlıqlar var.

Belçikalı siyasətçi, Belçika-Azərbaycan parlamentlərarası əlaqələri üzrə işçi qrupunun sabiq həmsədri Alan Desteks isə çıxışında deyib ki, Azərbaycan son dərəcə əhəmiyyətli dövlətlərdən biridir.

“Azərbaycanın coğrafi mövqeyi bunu deməyə əsas verir. Azərbaycanın bəzi qonşuları var ki, onlarla münasibətlər qurmaq o qədər də asan deyil”, – o deyib.

Desteks ölkələrin parlamentləri arasında yaxşı münasibətlərin olduğunu, bu münasibətlərin son illərdə daha da inkişaf etdiyini vuruğulayıb.

Tədbirdə çıxış edən XİN informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc bu cür kitabların tədqiqatlar üçün mühüm mənbə rolunu oynadığını vurğulayıblar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları