Millət vəkili AVRONEST PA-nın sessiyasında Kəlbəcərin işğalından danışıb
2 aprel 2012-ci il
Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclasında azərbaycanlı deputat Qənirə Paşayeva bu gün Azərbaycanın Kəlbəcər rayonunun məhz Ermənistan tərəfindən işğalından 19 il ötdüyünü xatırladıb. Deputat onu da xatırladıb ki, hələ də Ermənistan tərəfi digər işğal olunmuş rayonun sakinləri kimi kəlbəcərlilərə öz torpaqlarına qayıtmağa imkan vermir.
“Bu işğal nəticəsində ermənilər tərəfindən onlarla insan qətlə yetirilib, yaralanıb, əsir-girov götürülüb. Üstündən 19 il keçməsinə baxmayaraq, kəlbəcərli qaçqınlar öz doğma yurdlarına qayıda bilmirlər, çünki Ermənistan tərəfi onlara öz torpaqlarına qayıtmağa imkan vermir. Üstəlik, Ermənistan bu rayonun işğalı faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir və öz qeyri-qanuni əməllərini davam etdirir” – deyə, Q.Paşayeva vurğulayıb.
Deputat onu da qeyd edib ki, xeyli müddət əvvəl beynəlxalq təşkilatlar tərəfindən yaradılan monitorinq qrupu var idi ki, onlar işğal olunan ərazilərdə, o cümlədən, Kəlbəcərdə ermənilər tərəfindən qeyri-qanuni, süni köçürmələrin, yerləşdirmələrin olduğunu aşkarlayıb və bu faktları öz hesabatlarında əks etdirərək bunun yolverilməzliyini bildiriblər. Amma buna baxmayaraq, çox təəssüflər olsun ki, Ermənistan tərəfindən bu cür qanunsuz, süni yerləşdirmələr, köçürmələr və qeyri-qanuni əməllər bu gün də davam etdirilir” – deyə, o, əlavə edib./modern.az