Madriddə Azərbaycan və İspaniya arasında əlaqələr müzakirə olunub

22 noyabr 2012-ci il tarixində İspaniya Senatının binasında (Madrid) “Azərbaycan bu gün Avropada. Azərbaycan və İspaniya arasında etibarın yaradılması” mövzusunda beynəlxalq konfrans keçirildi.

Gün.Az xəbər verir ki, Beynəlxalq konfrans AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirildi.

Madriddə ölkəmiz Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov,
İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri Elxan Süleymanov, Qudrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Ayaz Orucov, Zahid Oruc, Ceyhun Osmanlı tərəfindən təmsil edilirdi.

 

Konfransda Senatın Vitse-Spikeri və Senatın Xarici Əlaqələr Komitəsinin sədri daxil olmaqla, 80-ə yaxın İspan senatoru və deputatı iştirak edirdi. Müzakirələrə 70-ə yaxın İspaniyanın akademik və professor təbəqəsi, elm xadimləri, media, QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılmışdı.

Elxan Süleymanov konfrans iştirakçılarını salamladı və Azərbaycan həqiqətləri, erməni işğalı barədə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və nəticələrinə həsr edilmiş geniş məruzə ilə çıxış etdi.

Konfransda İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda çıxış etdi.

Eyni zamanda, dinləmələrdə İspaniya Senatının vitse–prezidenti Xuan Xose Lukas, Senatın Xarici Əlaqələr və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso, Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitunun direktoru Xesus Salvador və İspaniya auditoriyasına bir müddət əvvəl Meksika parlamentində qəbul edilmiş Dağlıq Qarabağa dair rəsmi qətnaməni təqdim edən Meksika parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Xesus Ramirez Rangel dəyərli çıxışlar etdilər.

Çıxışlardan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri və İspaniya tərəfi mövzu ilə bağlı debat müzakirələrində iştirak etdilər.

Konfransdan əvvəl Madridə səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin İspaniya Senatının Prezidenti Pio Garcia Escudero, Senatın Vitse–Prezidenti Xuan Xose Lukas və İspaniya Xarici İşlər və Əməkdaşlıq Naziri Xosé Manuel Qarcía-Marqallonun qəbulunda oldular. Azərbaycana qarşı erməni təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət, o cümlədən Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilən mövzular arasında idi.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları