Madriddə Azərbaycan və İspaniya arasında əlaqələr müzakirə olunub
Madriddə İspaniya Senatının binasında “Azərbaycan bu gün Avropada. Azərbaycan və İspaniya arasında etibarın yaradılması” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Bu barədə Trend-ə tədbirin təşkilatçısı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib.
Konfransda Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və nəticələrinə həsr edilmiş geniş məruzə ilə çıxış edib.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova isə Azərbaycanın iqtisadi inkişafı və perspektivlər barədə danışıb.
Eyni zamanda, dinləmələrdə İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas, Senatın Xarici Əlaqələr və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso, Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitunun direktoru Xesus Salvador və İspaniya auditoriyasına bir müddət əvvəl Meksika parlamentində qəbul edilmiş Dağlıq Qarabağa dair rəsmi qətnaməni təqdim edən Meksika parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Xesus Ramirez Rangel çıxışlar ediblər.
Qeyd edək ki, konfransdan əvvəl Madridə səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin İspaniya Senatının prezidenti Pio Qarsia Eskudero, Senatın vitse-prezidenti Xuan Xose Lukas və İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallonun qəbulunda olublar. Görüşlər zamanı Azərbaycana qarşı erməni təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət, o cümlədən Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilib.