M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinnin birinci mərhələsinə yekun vurulub
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF) təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi davam edir. Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub.
Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialından 4 nəfər və Şamaxı Humanitar Kollecindən isə iki nəfər finalçılar sırasına qoşulublar.
Təşkilat komitəsinin yaydığı məlumata görə, ikinci dəfə keçirilən müsabiqəyə maraq yüksək səviyyədə olub. Yerli ziyalı və müəllimlərin iştirakı ilə birinci mərhələdə keçirilən yoxlama turunda şagirdlərdə nitq qüsurlarının az olması, habelə şeirlərin təkrarlanmaması daha çox diqqəti çəkib. Hazırda birinci turun qalibləri may ayında baş tutacaq final turuna hazırlaşırlar.
Qeyd edək ki, AVCİYA və SAMF layihə çərçivəsində Şamaxı Təhsil müəssilərində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə mart ayında seminar keçirmiş, müsabiqənin gedişi müzakirə edilərək qarşıda duran vəzifələr müəyyən edilmişdi.
Xatırladaq ki, iki mərhələdə keçirilən müsabiqəyə M.Ə.Sabirin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq.
Müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla həvəsləndirməkdir.
Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
SAMF
25/04/2012