M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinə yekun vurulur
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF) təşkilatçılığı ilə fevral ayının birindən Şamaxıda start götürən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş ikinci bədii qiraət müsabiqəsinə may ayının 17-də yekun vurulacaq.
Xalq artisti Tofiq İsmyılovun sədrliyi ilə təşkil edilən münsiflər heyətinə tanınmış şair, SAMF sədri Musa Yaqub, professoor Nadir İsmayılov, əməkdar artist Ağalar Bayramov, gənc yazar, SAMF-ın əməkdaşı Zaur Qəriboğlu və folologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev daxildir.
Tədbirin birinci günü finalçıların çıxışları iki mərhələdə dinləniləcək. İkinci gün isə Mirzə Ələkbər Sabir Günləri çərçivəsində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi nəşr olunan folologiya elmləri üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin müəllifi olduğu “Mirzə Ələkbər Sabir: həyatı və sənəti” monoqrafiyası, mərhum akademik Bəkir Nəbiyevin son tədqiqatı “Şamaxı torpağının böyük Azərbaycan şairləri” kitabı, habelə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə nəşr edilən “M.Ə.Sabir haqqında tədqiqlər” kitabının təqdimatı keçiriləcək. Tədbirin ikinci hissəsində isə Bədii Qiraət Müsabiqəsinin qalibləri elan ediləcəkdir.
Qeyd edək ki, Təhsil Şöbəsininin məktəblərindən seçilmiş 65 nəfər məktəbli final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialından 4 nəfər və Şamaxı Humanitar Kollecindən isə iki nəfər finalçılar sırasına qoşulublar.
Xatırladaqki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosessində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla həvəsləndirməkdir.
İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcəkdir.
Xatırladaq ki, ötən ilki müsabiqənin on nəfər qalibi olmuşdur. Onlardan iki nəfər birinci, üç nəfər ikinci, beş nəfər isə üçüncü yeri tutmuşdular.