MƏHƏMMƏD HADİ ƏBDÜSSƏLİMZADƏ ŞİRVANİ (1879 – 1920) II
II
M.Hadi XX əsr Azərbaycan ədəbi ictimai fikrinin romantizm cərəyanına mənsub olan Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla bəy Divanbəyoğlu, gənc C.Cabbarlı kimi sayca az, lakin çox istedadlı sənətkarlarından biri idi. Rusiya, Avropa və Yaxın Şərq xalqları ədəbiyyatlarında o zaman təxminən yüz illik bir tarixə malik olan romantizm cərəyanı Corc Bayron, Mixail Lermontov, Tofiq Fikrət, Məhəmməd Hadi və digər təkrarsız sənətkarların timsalında sözü gedən ədəbiyyatların inkişaf edib təzə üslub, istiqamət və mövzular, təsvir və ifadə vasitələri ilə zənginləşməsində müstəsna rol oynamışdı. Romantiklər öz qiymətli şeir və poemaları ilə bu xalqların ədəbi-ictimai fikrinin dövrün ziddiyyətlərindən baş çıxarıb təzə və təravətli azadlıq ideyaları ilə zənginləşməsində əvəzsiz xidmətlər göstərmişdibr.
M.Hadi mükəmməl bildiyi ərəb və fars dilləri vasitəsilə bəzi digər xalqların da əbədiiyyat xəzinəsilə orijinalında tanış olur, doğma dili kimi bütün incəliklərinə bələd olduğu türkcədə türk klassiklərinin və XX əsr şairlərinin, özəlliklə Namiq Kamal və Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyur, onların sənətkarlıq icadlarından öyrənir, bu şairlərə ithaflar, əsərlərindən iqtibaslar edirdi. Bu dil şairin imkanları dairəsində qərb mətbuatı və qərb ədəbiyyatı nümunələrilə tanış olmasını da şərtləndirirdi.
II
M.Hadi XX əsr Azərbaycan ədəbi ictimai fikrinin romantizm cərəyanına mənsub olan Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla bəy Divanbəyoğlu, gənc C.Cabbarlı kimi sayca az, lakin çox istedadlı sənətkarlarından biri idi. Rusiya, Avropa və Yaxın Şərq xalqları ədəbiyyatlarında o zaman təxminən yüz illik bir tarixə malik olan romantizm cərəyanı Corc Bayron, Mixail Lermontov, Tofiq Fikrət, Məhəmməd Hadi və digər təkrarsız sənətkarların timsalında sözü gedən ədəbiyyatların inkişaf edib təzə üslub, istiqamət və mövzular, təsvir və ifadə vasitələri ilə zənginləşməsində müstəsna rol oynamışdı. Romantiklər öz qiymətli şeir və poemaları ilə bu xalqların ədəbi-ictimai fikrinin dövrün ziddiyyətlərindən baş çıxarıb təzə və təravətli azadlıq ideyaları ilə zənginləşməsində əvəzsiz xidmətlər göstərmişdibr.
M.Hadi mükəmməl bildiyi ərəb və fars dilləri vasitəsilə bəzi digər xalqların da əbədiiyyat xəzinəsilə orijinalında tanış olur, doğma dili kimi bütün incəliklərinə bələd olduğu türkcədə türk klassiklərinin və XX əsr şairlərinin, özəlliklə Namiq Kamal və Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyur, onların sənətkarlıq icadlarından öyrənir, bu şairlərə ithaflar, əsərlərindən iqtibaslar edirdi. Bu dil şairin imkanları dairəsində qərb mətbuatı və qərb ədəbiyyatı nümunələrilə tanış olmasını da şərtləndirirdi.
Əsərlərindən göründüyü kimi Hadinin mütaliəsi çox geniş olmuş, o, Şərq və Qərb aləminin görkəmli şair və filosoflarının əsərlərini oxumaqla yanaşı elmin ən müxtəlif sahələrində fəaliyyət göstərmiş böyük alim və ixtiraçılar haqqında da yetərli məlumat sahibi olmuşdur. Bu mənada şairimizin öz əsərlərində Fransada maarifçilik hərəkatının rəhbərlərindən olan ədib və alim Fransua Volter, yazıçısı və alim Jan Jak Russo, alman ədibi və alimi Volfhanq Gete, alman dramaturqu və ədəbiyyat nəzəriyyəçisi Fridrix Şiller, ingilis bioloqu Çarlz Darvin, psixoloqu Herbert Spenser, Amerika fiziki Tomas Edison və digər dahilərin adlarına, əsərlərinə, əməllərinə müraciət etməsi, onları yüksək dəyərləndirməsi təbii və qanunauyğundur.
Çoxları kimi Hadi də 1905-ci ildə Rusiyada baş verən burjua-demokratik inqilabını ruh yüksəkliyi ilə qarşılamış, bu hadisədən sonra xalqının azadlıq arzularının həqiqətə çevriləcəyinə inanmışdı. Azadlığın tərənnüm olunduğu «Nəğmeyi-əhraranə» əsərində, Birinci Dövlət dumasının işə başlaması münasibətilə qələmə aldığı mənzum təbriknamədə yaşadığı intibah duyğularını tərənnüm etmiş, inqilaba minnətdarlığını bildirmişdi:
Sən azad eylədin qəmdidə hürriyyətpərəstanı,
Sənə ləbrizi-sükrandır bütün əhrar, hürriyyət!
Əlbəttə, 1905-1907-ci illər inqilabı çarizmi bir qədər sarsıtmış, imperiyanın hər yerində ictimai həyata müəyyən bir yumşalma gətirmiş, mətbəələr açılmış, bəzi kitabların, Hadinin əsərlərinin də çap olunduğu qəzet və jurnalların nəşrinə icazə verilmişdi. Bununla belə, milli ucqarlarda, xalqın həqiqətən də azad olub öz müstəqil dövlətini yaratmasma aparan yollarda hələ çox məşəqqətli hadisələr baş verəcək, vətənin görkəmli övladları zaman-zaman məhrumiyyətlərə məruz qalacaq, zindaanlara salınacaq, sürgün olunacaq, güllələnəcəkdi… Buna görə təbiidir ki, Hadi bir müddət maarifi, məktəbi, bəzi yerlərdə qızların da təhsilə cəlb olunmasını tərənnüm etməyə üstünlük verir, adları da özləri haqqında çox şey deyən «Məktəb», «Məktəb şərqisi», «Lövheyi-təsviri-maarif», «Maarifə dair», «Qızlar bağçası», «Sevgili şagirdlərimizə ərməğan» qəbilindən olan şeirlərini yazıb nəşr etdirir.
Lakin uzun müddət bu cür davam edə bilməzdi. Tezliklə imperiyanın bütün əyalətlərində ictimai ziddiyyətlər daha da dərinləşməyə, milli zülm daha da şiddətlənməyə başladı.
Bütün bunlar Hadi şeirinin mövzu və ahəngində, təsvir və ifadə vasitələrinin məzmununda öz uyarlı inikasını tapdı, şairin onsuz da gedişatdan narazı olan sənətkar təbiətini yeni bir qüvvətlə cuşa gətirdi.
Öz köhnə dostunun əsərlərini həmişə sevə-sevə oxuyan, onun bir insan, zyalı və şair kimi psixologiyasına, şakərinə dərindən bələd olan Abdulla Şaiq bu sözləri yazarkən tamamilə haqlı idi: «0, bütün köhnəliyə qarşı üsyan edir, haqsızlığa meydan oxuyur və özünə ən çox ilham verən, ən çox sevdiyi sərbəstliyi, hürriyyəti şeirlərində hərarətlə tərənnüm edirdi. Hər şeyi bəyənməyən Hadinin geniş ruhuna bu aləm dar gəlir, şair onu yıxmaq, parçalamaq yerində yeni bir aləm, yeni bir kainat yaratmaq üçün çırpınırdı». Sənətkarın hər bir təzə əsəri onun öz təbiətinə sədaqətini göstərən dotələb sübut idi. Belə olduğu üçün də həmin illərin oxucusu Hadinin şeirlərinə laqeyd qala bilməzdi. Yəni vətən dərdi, millət qeyrəti çəkən hər bir azərbaycanlı elə adından da «qan qoxusu gələn» «Dad istibdaddan» şeirini oxuyub xalqının məruz qaldığı vəhşətlər haqqında dərindən düşünməli, vətənin xilası üçün qayğılanıb yollar axtarmalı olurdu:
Qaldıq əlində bir sürü ərbabi-vəhşətin,
Olduq əsiri pənceyi-qəhrü-müsibətin.
Hər səmtdən atılmadadır tiri-cangüdaz,
Yoxdur önün alan bu xədəngi-fəlakətin.
Ehraq olundu zülmət ilə nazəndə şəhərlər,
Yıxmaqdadır cahanları ahı cəmaətin.
Minlərcə binəva quru yerlərdə can verir,
Beş-on ləin naili dəryayi-nemətin.
Hər kəs gərək bərabər ola hər huquqda,
Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin.
Həmdəsti-ittifaq olunuz ey rəfiqlər,
Birlikdə fəth olur sizə babı səadətin!..
32 misradan ibarət bu şeirdə böyük ehtiras və qəzəblə təsvir edildiyi kimi, Hadinin də vətəndaşı olduğu ölkəni bir sürü yırtıcı idarə edir. Vətən başdan-ayağa müsibət içində çırpınır. Xalqı hər tərəfdən təhdid edən bu ağır fəlakəti aradan qaldıra bilən bir qüvvə, vasitə meydanda yoxdur. Yurdun gözəl şəhərləri əhalinin başına gətirilən zülm nəticəsində xarabazara çevrilmişdir. Xalqın ah-naləsi asimana bülənd olub. Lənətə gəlmiş beş-on zalımın əlində dəryalar qədər nemət, var-dövlət toplandığı halda minlərlə yoxsul, yazıq həmvətən evində altına salmağa həsir də tapmadığı üçün quru yerdə can verir… Şairə görə vətəndaşların bütün hüquqları bərabər olmalıdır. Axı bu ölkəni, onun torpağını Allah öz əli ilə (bizim) hamımıza ehsan etmişdir (bağışlamışdır)! Nəticə olaraq Hadi yurddaşlarını, dostlarını vəhdətə, həmrəyliyə çağırır, onları başa salırdı ki, xoşbəxtlikq qapısını ancaq birləşib güclənən əllər aça bilər!
1908-ci ildə nəşr etdirdiyi «İstiqbalımız parlaqdır» şeiri Hadinin öz xalqının gələcəyi, taleyi, azadlıq idealları ətrafında düşündüklərinin, ürəyindən keçən ən səmimi, pak duyğuların poetik ifadəsi olan yüksək dərəcədə kamil əsərlərindən biridir. Xalqının düçar olduğu müstəmləkə həyatı, ictimai zülm, mədəni yenilik, cəhalət, xurafat, şairin onlarla şeirində, yüzlərlə beytində dönə-dönə özünün ürəkləri yandıran təsvirini tapmışdır. «Ah, kimsəsiz vətən», «Molla Nəsrəddinə», «Şərareyi-ruh», «Kimdən kimə şikayət edəlim?» və s. şeirlərində, sanballı poemalarında doğma xalqının ağır vəziyyətindən dönə-dönə, acı-acı şikayətlər edən şair bütün bu məhrumiyyətlərə baxmayaraq, vətəninin bir gün öz ali məqsədinə çatacağma, ictimai zülmdən qurtulub istiqlalına qovuşacağına inamını heç vaxt itirməmişdi. O, düzgün başa düşürdü ki, şəxsən özü xalqının gələcək xoşbəxt günlərini, istiqbalını görməyə də bilər. Amma nə qəm, Hadi üçün ən vacib olan bu idi ki, onun xalqı öz tarixi ideal və arzularına mütləq qovuşmalıdır.
Xalqın istiqbalına, onun istiqlaliyyət arzularının bir gün hökmən çiçək açıb bar verəcəyinə bəslədiyi bu sarsılmaz inam sözü gedən şeirin kompozisiyasında aparıcı rol oynamışdı. Şair müstəqil Azərbaycanın o tarixi günlərin şahidi olan oxucusuna, bizlərdən hər hansı birimizə müraciətlə, ruhunun öz xalqının taleyi ilə qaynayıb-qarışdığını etiraf edir, bütün varlığı ilə azadlığımızın pay bölgüsündə iştirak edəcəyindən ürək dolusu sevinclə, sonsuz iftixar duyğusu ilə, başqa əsərlərində görmədiyim bir coşğunluqla bəhs açır. Çox təvazökaranə bir tərzdə öz azad və məsud oxucusundan rica edir ki, millətin azadlığa çıxıb istiqlaliyyətinə çatması haqqında xoş xəbəri vermək üçün zəhmət çəkib onun qəbrini ziyarət etsin:
Ey ol vəqti görən məsud, unutma bizləri, yad et,
Bu yolda həsrət ilə can verən əhbabı tedad et,
Məzarım üzrə gəl, dur, qəmli-qəmli ağla, fəryad et,
Oxu bu şeiri qəbrimdə ələtəkrar övrad et:
Dur, ey zindani-nisyanda yatan, azad olub aləm,
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!
Şeirin bundan sonrakı bəndlərində Hadinin qələmi xüsusi bir qüvvətlə tüğyan edir. Şair uzun illərdən bəri həsrətində olduğu həmin xəbəri eşidən zaman necə qəribə, fövqəladə yaşantılara məruz qalacağını hərarəti bu gün də azalmayıb həssas oxucuları mütəəssir edən yüksək poetik misralarla tərənnüm etmişdir:
O dəm kim ibtisam eylər əməl, xəndan olar Hadi,
Mənim zərrati cismim qəbrdə rəqsan olar, Hadi,
Qübar olmuş gözüm ağlar, dilim suzan olar, Hadi,
Lisanım cismlərsə böyləcə guyan olar, Hadi:
Dur ey zindani-nisyanda yatan, azad olub aləm,
Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!
Yəni on illər boyu uğrunda mübarizə gedən əməllərimiz reallaşanda şair də bundan canlanıb güləcək, eşitdiyi taleyüklü xəbərin oyatdığı intibahın təsiri sayəsində onun qəbrində artıq torpağa çevrilmiş bədəninin ən xırda zərərcikləri də canlanıb rəqs etməyə başlayacaq, gözlərindən sevinc yaşları car olacaqdır…
M.Hadinin bir sənətkar və vətəndaş kimi ən böyük arzuları xalqının, insanlığın azadlığı ideyası ilə bağlı olmuş və o, ömrünün axırına qədər bu idealına sadiq qalmış, onu tərənnüm etməkdən yorulmamışdı. Şairin mənsub olduğu xalq o zaman ikiqat zülm altında əzablara məruz qalmışdı. Öz təbii sərvətləri ilə çoxlarını cəlb edən, amma ictimai ziddiyyətlər, gerilik, xürafat içində çırpınan Azərbaycan digər tərəfdən də xalqlar həbsxanası kimi biabırçı ad çıxarmış Rusiya imperiyasının sümürgənliyindən olmazın əzablar çəkirdi. Şairin özünün bir şeirində obrazlı şəkildə etiraf etdiyi kimi, bir sıra xalqların imzalamış olduğu həyat kitabında onun xalqının xətti yox idi. Hadinin qənaətinə görə mənsub olduğu cəmiyyətdə böyük təbəddülata, inqilaba ehtiyac vardı. Özünü bu inqilabın icraçılarından biri hesab edən şair əsərlərini də bu yola işıq saçan bir mənbə kimi görürdü:
Mən bir kitab, hər vərəqim min kitabdır,
Ayati-məhkəmatı bütün inqilabdır.
Qılsın mütaliə məni ərbabi-inqilab,
Görsün bu ayələrdə nasıl feyziyabdır.
Sönmüş həvəsə şölə verər nuri-fikrətim,
Ruhum füyuzpərvər olan afıtabdır.
Hürriyyət ilə etməli məmur milləti,
Yarım, əsarət ilə vətən pək xərabdır.
Ərəb dili lüğətlərində inqilab sözünün ilkin mənası dəyişiklik, bir haldan başqa hala keçmə deməkdir. Həmin sözün bir mənası da dövlət hakimiyyətinin bir iqtidardan başqasma zorakı yolla keçməsidir. Məncə Hadi inqilab deyərkən bolşeviklərin 1917-ci ildə Rusiyada icra edib az qala bütün Avropanı 70 il iflic vəziyyətinə saldıqları revolyusiyanı yox, ictimai təbəddülatın sivil üsullarına əsaslanan inqilabı nəzərdə tutur və bu yolda bütün istedad və enerjisini səfərbərliyə alaraq yorulmaq, usanmaq nə olduğunu bilmədən mübarizə aparırdı. Bu mənada şairin həyat məramnaməsi, bir növ proqram əsəri, poetik manifesti olan «Mən bir kitabam» şeiri uzun illər boyu onun digər şeir və poemaları ilə yanaşı orta məktəblərin dərslik və müntəxəbatlarına salınmış, ali məktəblərdə tədris edilmişdir.
Hadinin inqilab, hürriyyət arzularının mühüm tərkib hissələrindən biri qadın aazadlığı məsələsi ilə bağlı idi. Yaradıcılığının tədqiq edənlərdən şair-filosof Rəfıq Zəka Xəndan «Məhəmməd Hadi» (Bakı, 1979) kitabında haqlı olaraq deyirdi ki, Hadi nədən yazırsa-yazsın, hökmən məqamını tapıb qadınların azadlığına nail olmağa çağırır. Şair qadının çadradan sıyrılıb çıxmasını ona görə arzulayırdı ki, çadra cəmiyyətin bu ülvi, incə, zərif yarısını real həyatdan uzaqlaşdırır, onun fəaliyyət dairəsini məhdudlaşdırır, özəlliklə ictimai həyata qoşulmasına ciddi maneələr yaradırdı. Çadra qadını həyat günəşindən məhrum edib qaranlıq zülmətdə saxlayırdı. Buna görə də qadın çadradan xilas olub maarif və mədəniyyət aləminə üz tutmalı, oxumalı, yeni ixtisaslara yiyələnməli, övladlarının yüksək səviyyəli, mötəbər tərbiyəçisi olmalıdır. Yalnız o zaman həqiqi qadın azadlığından danışmaq olar:
Nə zaman kəsbi-ülum tapsa nisa,
Cismi-millət tapacaq onda şəfa.
Bu mənada çox təbiidir ki, Hadinin «Cinsi lətifə», «Nisviyyət təranələri», «Gözlərin», «Hissiyyati-madəranə», «Mələkim, nədir o?», «Analara vəsiyyət», «Timsali məlal» və digər şeirlərində həyatımızın hərəkətverici qüvvəsi, evlərimizin dirəyi, övladlarımızın anası olan pak və xoşəxlaq qadınlar dərin səmimiyyət və hərarətlə tərənnüm edilmişdir.
Öz yaradıcılığı ilə qadın azadlığı uğrunda həmişə ardıcıl mübarizə aparan Hadi 1914-cü ilin 22 fevralında Bakıda Türkiyədən gəlmiş təzə qəzetlərdən birində belə bir məlumat oxuyur ki, İstanbul universitetinə artıq qızları da qəbul etməyə başlamışlar. Bu xoş xəbər şairi çox dərindən mütəəssir edir. O zaman İstanbul təkcə Türkiyədə yox, bütün türk dünyasında, Yaxın Şərqin müsəlman ölkələrində qadınların ali təhsilə cəlb olunduğu ilk şəhər idi. Əlbəttə, Hadi bu ürəkaçan fakta biganə qala bilməmiş, elə həmin gün bu münasibətlə «Payani-dilaram» adlı bir şeir yazıb «İrşad» qəzetinin redaksiyasına göndərmişdi. Fevralın 28-də həmin qəzetdə dərc olunmuş şeirə şair «açıldı baği-maarif o cinsi nazanə» misrası ilə başlamış, müsəlman aləmində qadınların ali təhsilə qovuşmasının ilk bahar qaranquşlarını ürəkdən alqışlamışdı. Müəllif bu fikirdə idi ki, ən qaranlıq gecəyə belə qadın işığı düşərsə, qaranlıqda qalanlar aydınlığa çıxa bilər:
Səma günəşsiz olanda gecə cahanı qucar,
Bu yer günəşlərinə leylpuş olan yerlər
Zülam içində yaşar, parlamaz nə gün, nə səhər,
Qadın ziyası göründükdə zülmət isə qaçar!
Bu şeirin işıq üzü gördüyü çağlarda ölkəmizdə bir nəfər də olsun Azərbaycan qadmı ali təhsil almamışdı. Bizim ilk universitetimizin təsis olunmasına hələ dörd il qalırdı… Qadınlarımızın universitet auditoriyalarına daxil olması kimi bir hadisənin şairdə yüksək intibah duyğuları oyatmasının səbəbini məhz bu zəmində başa düşüb qiymətləndirmək lazımdır. Fikirləşirəm ki, kaş müstəqil Azərbaycanın ali məktələbrində bu gün təhsil alan on minlərlə qızlarımızm, habelə əlahiddə Qızlar universitetimizin müxtəlif ixtsaslı kamil məzunlarının taleyi nakam şairimizin mübarək ruhuna əyan olaydı!
***
Mövzu seçmək, onu açmaq üçün bədii vasitələr axtarıb tapmaq, təbiət, yaxud cəmiyyət hadisəsinin mahiyyətinə varıb onu səriştə ilə mənalandırmaq Hadi şeirinin təsir gücünü təmin edən sənətkarlıq incəlikləri kimi nəzəri cəlb edir. Daha öncələrdə yaşayıb-yaratmış klassiklərimizi bir tərəfə qoyub məhəbbət fədaisi kimi oxucuların qəlbində əbədilik yer tutan Füzuli Leylisinin öz fikir və duyğularını Ayla bölüşdüyü epizodu yada salmaqla kifayətlənirəm. Hadi də 2 may 1919-cu ildə imzaladığı «Qəmərə» şeirində klassik poeziyanın bu ən populyar obrazlarından birinə müraciət etmişdi.
Lakin nə Hadi özü, nə də onun lirik qəhrəmanı Ayla münasibətində sevgi duyğularından, məhəbbət qayğılarından, hicran yanğılarından şikayətlənmir. Şair bu əsərində də öz ictimai ideallarına, əsas aparıcı mövzularına sadiq qlır. O, xilqətin lap başlanğıcından mövcud olan bu nadir təbiət möcüzəsinə müraciətlə deyir ki, ey Ay! Sən də göylər və günəş kimi əzəlisən, buna görə də zaman-zaman yer üzərində baş verən ən mühüm hadisələri görürsən. Kaş bir dillənib bu suallarıma cavab verəydin:
– İlk insan olan Adəm necə yarandı? Onun oğlu Qabil nə üçün qardaşının qatili olub qan tökdü? Nə üçün bu əməl sonralar kütləvi hal aldı? Niyə görə?
Ölmək, öldürmək iştə kari-bəşər,
Bəşər olmaqdadır şikarı-bəşər!
Əlbəttə, şair çox gözəl bilirdi ki, Ay onun qayğı və təlatümlərinə cavab vermək iqtidarında deyil. Bununla belə o, insan münasibətlərində hələ yoluna qoyulmamış böyük problemləri artıq neçənci dəfə gündəmə gətirir, oxucularını, ictimaiyyəti əxlaqi-mənəvi təmizliyə çağırır, qətli-qarətə, nahaq qanlar tökməyə, qlobal müharibələrə qarşı var səsi ilə etirazını bildirirdi.
Bu şeirin sonuna doğru Hadinin Aya dediyi bir irad diqqətimi xüsusilə cəlb etdi.
Toyla matəm yanında birdir, bir,
Ey qəmər, ey cavanliqa, özü pir.
Özəlliklə beytin son misrasındakı «cavanliqa, özü pir» təzadı məndə böyük maraq oyatdı. Şairin fərqinə vardığı hikmətə bax ki, Ay məxluqatın ən qocaman nümunələrindən biri olduğuna baxmayaraq insanlar, özəlliklə də şairlər ən gənc, ən təravətli və qəşəng qızların üzünü məhz Aya təşbeh edirlər!
M.Hadi sözün rus bolşevik anlamında yox, əsil humanist anlamın da beynəlmiləlçi bir sənətkar idi. O, bəşəriyyəti özünün xəlqiyyəti, türkü milləti, islam və irfanı zehniyyəti hesab edirdi. Şair heç bir əsərində millətini digər millətlərə, dinini digər dinlərə qarşı qoymamış, başqa dinlərin daşıyıcıları və başqa millətlərə mənsub olan insanlarla birlikdə bəşər ailəsində öz millətdaş və dindaşlarına nicat və xoşbəxt həyat arzulamış, bütün şüurlu həyatını bu əzəmi məqsəd yolunda şam kimi əritmişdi. «Məfkureyi-aliyəmiz» şeirindən aldığım aşağıdakı misralar bu mənada Hadinin yaradıcılıq xəzinəsinin ictimai mahiyyətini müəyyən edən bir açardır:
Guş eyləsin bu fikrimi əqvamı kainat:
Amalii-zülcəlalımız iştə gözəl həyat!
Vicdani-millətə yazılıbdır bu ayəmiz,
Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz!
Vaxtaşırı türkün və müsəlmanlığın şanlı tarixinə müraciət edib bu tarixin əlamətdar məqamlarını yada salanda da Hadi fövqəldin və fövqəlmillət iddiaçılığından tamamilə uzaq olmuş, yaşadığı «millətlər yarışı», «millətlər paradı» zəmanəsində mənsub olduğu xalqın da lazımi səviyyədə təmsil edilməsi üçün çalışmışdı:
Qoymuş miləl imzasını övraqi həyatə;
Yox millətimin xətti bu imzalar içində…
Dövrün həyat kitabının vərəqlərində öz soydaşlarının da xəttini görmək kimi təbii arzu ilə çırpınan şair onları bütün və hər cür xırda hisslərdən, məsələn, «haralısan?» yaxud «hansı məzhəbdənsən?» suallarının doğurduğu diskomfortdan, insanlar arasındakı növ-növ təfriqəçilik təhriklərindən, bunların millətə, xalqa, dinə vurduğu çox böyük zərərlərdən uzaqlaşmağa çağırırdı. Müsəlmanlığın müqəddəs kitabına söykənən bu misraları Hadinin sözü gedən məsələyə dair əsas tezisi adlandırmaq lazımdır:
Nə sünnü, nə şiə var Quranımızda,
Üxüvvət ləfzi var fürqanımızda.
Ölkədə xürafatın hökm sürdüyü bir vaxtda bu sözləri yazıb nəşr etdirmək böyük cəsarət tələb edirdi. Buna inanmaq üçün M.Ə.Sabirin «Sual-cavab» şeirini yada salmaq kifayətdir. Bu şeirdə şəhərlərimizdən birinə təzəcə gəlmiş bir qərib gənc onun qocaman sakinlərindən birinə burada məktəb, qiraətxana, qəzet mütaliəsi, aclara, dul arvadlara yardım barədə verdiyi suallarına heç bir müsbət cavab ala bilmir. Lakin onun sonuncu sualı dialoq iştirakçılarının münasibətlərində partlayışa səbəb olur:
– Sünniyü-şiə təəssübləri ləğv oldumu ya?
– Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!!!
M.Hadinin güclü istedadından və sarsılmaz vətəndaşlıq duyğularının səmimiyyətindən xəbər verən əlamətlərdən biri onun zəmanəsinin milli-mənəvi vicdan təcəssümü olan M.Ə.Sabirlə qarşılıqlı münasibətləridir. Sabirdən ən azı 15 yaş kiçik olan M.Hadi öz böyük müasiri ilə yaxından dostluq edirdi. Onların ikisi də Azərbaycan xalqının tərəqqisi yolunda qeyrətlə çalışır, səmərəli yaradıcılıq əlaqələri saxlayırdılar. Sabir və onun poeziyamızda həmişə baş ucalığı ilə təmsil etdiyi realist Molla Nəsrəddin ədəbi cərəyanı da, Hadinin baş ucalığı ilə təmsil etdiyi romantik Füyuzat ədəbi cərəyanı da fərqli üslublar və ədəbi-bədii vasitələrlə eyni böyük ədəbiyyata – məqsədə xidmət edir, eyni hədəfə vurur, eyni idealları təbliğ edirdilər. Hadinin güclü vətənpərvərlik, vətəndaşlıq amalının ifadəsindən ibarət olan abdar şeirlərinin «ruhunda, pafosunda, kədər tərənnümdən, ittiham kədərdən güclü idi. Bu romantikada az qala satira və Sabir səviyyəsində tənqid, ittiham və ifşa pafosu var idi». AMEA-nm müxbir üzvü Yaşar Qarayev bu mülahizəsində də tamamilə haqlı idi ki, «Molla Nəsrəddin» jurnalı bir sıra realist satiralarında romantik Hadiyə əsaslanmış, Sabir isə özü dostunun bəzi şeirlərinə parodiya yazıb nəşr etdirmişdi. «Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir» şeiri ilə «Səttarxan» şeirini eyni romantik alqış, eyni təbrik və əhsən nidaları birləşdirirdi».
Cənubi Azərbaycanda şah zülmünə qarşı xalq qəzəbinin coşması, canavar təbiətli zalımlara qarşı azadlıq mücahidlərinin mütəşəkkil hücuma keçməsi, bu işdə Səttarxanın nümayiş etdirdiyi şanlı qəhrəmanlıq nümunələri Hadinin böyük ruh yüksəkliyinə və alqışlarına səbəb olmuşdu:
Hücumavər bu gün rubəhlərə bir şiri-hürriyyət,
Odur Təbriz elində parlayır şəmşiri-hürriyyət.
Şairin bu vəziyyətlə bağlı ürəkdən gələn ən böyük arzusu isə bundan ibarət idi:
Qırılsın pənceyi-zülmün sənin, ey qırmızı cəllad!
Əsir etsin səni Səttar, qılsın bizləri azad!
Göründüyü kimi, beytin hər misrasında qarşı-qarşıya gəlmiş tərəflərin təmsilçilərinin səciyyəvi əlamətləri öz dəqiq təsvirini tapmışdır. Onlardan biri İranda tökdüyü günahsız qanlardan qızarmış ən böyük cəllad – Məmmədəli şah, digəri isə başlıca qayəsi həmvətənlərini azadlığa çıxarmaq olan böyük xalq qəhrəmanı Səttarxandır.
Hadi yalnız həmyerlisi və yaxın dostu Sabiri yox, onun mənsub olduğu məşhur «Molla Nəsrəddin» ədəbi cərəyanını, bu cərəyanın xalqa müraciət üçün ən mötəbər mətbuat orqanı olan «Molla Nəsrəddin» jurnalını, nəhayət, şəxsən bu jurnalın baş redaktoru Cəlil Məmmədquluzadəni də çox sevir və yüksək qiymətləndirirdi. 1910-cu ilin lap əvvəllərində həmin jurnalın təzə sayını oxuyan Hadinin yazdığı «Hörmətli əfəndim Molla Nəsrəddinə» ünvanlı şeiri bu cəhətdən çox qiymətli poetik sənəd kimi böyük elmi əhəmiyyət kəsb edir.
Son nüsxəni aldıq, oxuyub bildik, a Molla,
Gördük bütün övraqını tənqid ilə imla.
Hər bir sözü tənqidə nə kəskin nəzərin var?!
Təsvirdə bundan daha artıq hünərin var.
Safı, çürüyü seçməyə parlaq məhəkin var,
«Fazil» mütəhhirlərə döymək kötəgin var!..
Hadinin qəlbindən süzülüb gələn bu gözəl misralar da bir daha sübut edir ki, XX əsrin əvvəllərində ölkəmizdə fəaliyyət göstərən və iki məşhur jurnalın adı ilə rəmzləşən «Molla Nəsrəddin» və «Füyuzat» ədəbi cərəyanları, realizm və romantizm üslubi istiqamətləri, bəzən yanlış izah edildiyi kimi heç vaxt biri digərinə düşmən olmamışdır.
Bu və ya digər ədəbi, ictimai, siyasi fakt və hadisəyə münasibətdə bəzən fərqli mövqelərdə olduqlarına, təsvir və tərənnüm obyektinə müraciətdə üslubi müxtəliflik nümayiş etdirdiklərinə baxmayaraq, onların ikisi də mahiyyət etibarilə bir məsləkə qulluq etmiş, Azərbaycanın azadlığı və inkişafı üçün əllərindən gələni əsirgəməmişlər. Sözü gedən şeiri diqqətlə oxuduqda bir daha inanırsan: heç vaxt ola bilməz ki, ideoloji mübarizənin biri-birinə zidd iki düşmən qütbünün birini təmsil edən görkəmli və istedadlı bir sənətkar «düşmən» tərəfin baş mətbuat orqanı, özəlliklə onun liderini bu şeirdəki dərəcədə beləcə bəyənib yüksək səxavətlə dəyərləndirsin.
***
Hadinin demək olar ki, bütün tədqiqatçıları bu qənaətlərində yekdildirlər ki, onun şeirlərinin dili mürəkkəbdir. Bir sıra hallarda Qurani-Kərimin orijinalından gələn ərəb ifadələri, fars dilinə məxsus çoxmərtəbəli izafətlər, çağdaşı olduğu türk mətbuatından mənimsədiyi iştə, şu, pək, şimdi, eyi və s. kimi sözlər şarin əsərlərinin sıravi oxucu tərəfindən qavranılmasına mane olurdu. Deyilən mətləblər baxımından xeyli təkmilləşmiş axar-baxarlı ana dilimizin bugünki daşıyıcısı olan oxucular da Hadini başa düşmək üçün müəyyən hazırlığa möhtacdır, yaxud bu münasibətlə uyarlı lüğətlərdən istifadə etmək zorundadır. Əlbəttə, bu Hadinin lap uşaqlıq çağlarından çox güclü müəllimlərdən aldığı mükəmməl ərəb və fars dilləri dərsləri və Quran təlimi ilə sıx bağlıdır. (Yada salıram ki, əsərlərinin dilinin qəlizliyi münasibətilə Hadi sağlığında dövri mətbuatda müəyyən danlaqlara da məruz qalmışdır).
Çox maraqlıdır ki, şairin əsərləri arasında nəinki müasirləri, hətta bizim günlərin orta səviyyəli oxucuları tərəfindən asanca başa düşülən nümunələr də var. 14 iyul 1916-cı ildə cəbhədə ikən Karpat dağının ətəklərində yerləşən Qorodinka kəndində qələmə aldığı «Dilək ölməz!» şeiri buna parlaq sübutdur:
Yüksək dilək, ay dilək
Aydın dilək, «Ay» dilək,
Yolçuyuz, yol üstünə
Diləyini yay, dilək!
Səninlə gözlər gülər,
Alınlar, üzlər gülər.
Hansı dodağa qonsan,
Ağızda sözlər gülər.
Xəstələrə səhhətsən,
Gücsüzlərə qüvvətsən,
Dünya cəhənnəm olsa,
Sən özün bir cənnətsən.
Məyus olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır!
Azərbaycan şifahi xalq ədəbiyyatının xoş ətri gələn bu bəndlər Hadinin bir şair kimi potensial yaradıcılıq imkanlarının dil baxımından da vüsətli olduğunu sübut edir.
Bəzən Hadinin şeir dilini əziz dostu, görkəmli müasiri Sabirin dili ilə müqayisə edirlər və bu zaman müəyyən ehtiyatsızlığa yol verirlər. Məsələ burasındadır ki, Sabirdən gətirilən nümunələr tipin, obrazın dilindən alınan misralar olur:
Çatlayır Xanbacı, qəmdən ürəyim,
Qovuşub lap acığımdan kürəyim!
Hadinin əsərlərində isə bu cür tiplər danışdırılmır, şair özü onların taleyini yazır, özü də birinci şəxsin, lirik qəhrəmanm, Hadinin özünün dili ilə:
Fəcri-zəfərdə güluyor intibah,
Tiği-fütuhat ilədir inşirah.
İştə əməl, iştə səbahül-nücah,
Haqqü həqiqət sizə olsun pənah!..
Bu misraları zəmanəsinin uyarlı təhsil görmüş ziyalıları, mədrəsədə təhsil almış gənclər, Qurani-Kərimi axıra çıxmış yeniyetmələr yaxşı başa düşürdülər. Bununla mən Hadinin şeir dilindəki mürəkkəbliklərə bəraət qazandırmaq məqsədi güdmürəm. Sadəcə demək istəyirəm ki, müasiri olan müəyyən səviyyəli oxucular şairi başa düşür, sevir və yüksək qiymətləndirirdilər.
Şahidi və iştirakçısı olduğu Birinci dünya müharibəsi onsuz da qəm, kədər içində çırpman Hadi poeziyasına yeni fəci motivlər gətirmişdi:
Dağlar, təpələr örtülü durmuşdu kəfəndə,
Matəm səsi uçmaqda idi Karpat elində,
Top səsləri eylər kimi matəmləri elan,
Atəşlə ölümdür bu yerə sahibi fərman.
Dəryadə hərb, yerdə də hərb, asimanda hərb,
Ey aləmin ilahi, nədir bunca hərbü zərb?!
«Od ilə dəmirin» ölüm saçan fasiləsiz yağmuru hər kəsi bezdirdiyi bir vaxtda şair yenə də öz duyğu və düşüncələr aləmindədir. O, həmişə olduğu kimi yenə də dünyanın, insanlarm keçmişi, bu günü və gələcəyi hqqında fıkirləşir, ağır düşüncələr axarı nəhayətdə onu bəşəriyyətin taleyi haqqında «inkisari-xəyala» uymağa qoymur, məxluqatın mayasındakı insani keyfiyyətlərin təntənəsinə inam şairi qanadları üzərinə alıb gələcəyin ürək açan xoş çağlarına qovuşdurur:
Fərdayi-şitadə güləcəkdir yenə gülşən,
Qış, yay və bahar həm gedəcək, həm gələcəkdir.
Güllər yenə əhmər dodağüə güləcəkdir.
Bülbül ötəcək, gül güləcək, parlayacaqdır,
Ənhar axacaq, səslənəcək, çağlayacaqdır.
Nə yazıqlar ki, heç də həmişə belə olmur. Hadinin bu deyilənlərlə tam ziddiyyət təşkil edən əhval-ruhiyyənin daşıyıcısı olan əsərləri də var və onlardan bəziləri poema janrında yazılmışdır.