Kristian Vigeni: “Avronest” Qarabağ probleminin həllinə səlahiyyətləri çərçivəsində dəstəyini əsirgəməyəcək”
3 aprel 2012-ci il
Milli Məclisin sədri Oqtay Əsədov “Avronest” Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigenini və Boris Tarasyuku qəbul edib.
Gün.Az xəbər verir ki, spiker bildirib ki, biz “Avronest” PA-nın Avropa İttifaqı sərhədlərindən ilk dəfə kənarda keçirilən sessiyasına ev sahibliyi etməkdən çox məmnunuq:
“Güman edirik ki, Bakı sessiyası bütün iştirakçılar üçün yadda qalan tarixi bir hadisə olacaq və növbəti plenar sessiyalar üçün xoş ənənələrin başlanğıcını qoyacaq.
Azərbaycan və Avropa dünyəvilik, qanunun aliliyi və demokratiya kimi ümumi dəyərləri bölüşürlər. Biz “Avronest” PA-nı Tərəfdaş dövlətlər üçün Qərbə açılan yeni pəncərə hesab edirik”.
Spiker bildirib ki, qurum çərçivəsində deputatlarımız Avropa Parlamentinin üzvləri ilə sıx əlaqələr qurmaq imkanı qazanıblar:
Görüşdə sədr təəssüflə onu da bildirib ki, təşkilatdakı tərəfdaş dövlətlərin altısından dördündə münaqişə ocaqları mövcuddur:
“Ən həssas regionlardan biri olan Cənubi Qafqazda Dağlıq Qarabağ probleminin həll olunmaması bölgənin, o cümlədən Avropanın təhlükəsizliyinə böyük təhlükədir. Bu cür münaqişələr Avropa İttifaqı ilə əməkdaşlığa mane olan mühüm faktdır”.
“Avronest” PA-nın həmsədri Kristian Vigenin səmimi qəbul üçün minnətdarlığını bildirərək qurumun Bakı sessiyasının yüksək səviyyədə təşkilinə görə öz minnətdarlığını ifadə edib və qeyd edib ki, Avropa İttifaqı və Avropa Parlamenti Cənubi Qafqazın bu bölgəsi ilə əməkdaşlığın inkişafına böyük önəm verir:
“Bu baxımdan, Şərq Tərəfdaşlığı Proqramının parlament ölçüsü olan “Avronest” PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi siyasi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına kömək edəcək”.
Kristian Vigenin “Avronest” PA-nın ikinci sessiyasında qurumun gələcək fəaliyyətinin istiqamətlərinin müəyyənləşməsi üçün müzakirələr aparılacağını, əməkdaşlığın daha da dərinləşməsi imkanlarının araşdırılacağını söyləyib və bildirib ki, təşkilat quruma üzv ölkələrdə münaqişələrin tezliklə aradan qaldırılmasında maraqlıdır:
“Cənubi Qafqazda inkişafa və Avropaya inteqrasiyaya mane olan Dağlıq Qarabağ probleminin tezliklə həlli üçün təşkilat öz səlahiyyətləri çərçivəsində dəstəyini əsirgəməyəcək”.